Qubalılara öpüş göndərənlər, hardasınız?

Qubadan hər gün yeni-yeni dindirmələr, zorakılıqlar, həbslərlə bağlı xəbərlər gəlir. Cinayət işi başlanıbmış, istintaq aparılırmış, “günahkarların” cəzalandırılması istiqamətində iş gedirmiş. Kimmiş günahkarlar?
Istintaqda dindirilənlərin açıqlamalarına görə, Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovun cəmi 4 il başçı olduğu müddətdə bir neçə dəbdəbəli villaya sahib olması, evindəki “gizli otaqdan” milyonlarla nəğd pul çıxması, var-dövlətini hardan və necə toplaması araşdırılmır. Heç R.Həbibovun qubalıları təhqir etməsi də istintaqın marağında deyil. Əsas diqqət bu təhqir dolu çıxışı montaj edib internetdə yerləşdirən adamı (və ya adamları) tapmağa yönəldilib.
Həbs edilənlər arasında R.Həbibov yoxdur, əksinə, başçı hazırda “zərərçəkən” qismində tanınmaqdadır: səsi gah Londondan, istirahət yerlərindən gəlir, gah da yeni vəzifəyə gətiriləcəyi ilə bağlı xəbərlər dövriyyəyə girir; istintaqa cəlb edilənlər sırasında R.Həbibovun illərlə törətdiyi qanunsuzluğa şərait yaradanların da adı keçmir; dindirilənlər ancaq və ancaq üsyanı işıqlandıran jurnalistlər, fəallar, narazılardır…
Halbuki, Qubada əhali yerli icra hakimiyyətinin harınlığına, təzyiqlərinə və nəhayət, təhqirlərinə dözməyib dinc üsyana qalxanda ölkənin yep-yekə məmuları əl-ayağa düşmüşdü, Nəqliyyat naziri Ziya Məmmədovla millət vəkili Vahid Əhmədov bu qəzəb və nifrəti ləzzətlə üzərlərinə çəkirdi, səhnədə göstərdiyi ifadan sonra tamaşaçı alqışlarını qarşılayan müğənni kimi qəzəbli kütlənin qışqırtılarına öpücüklər göndərilirdi. Vahid Əhmədovun “məni zibilə salmayın, dağılışın” nidaları ilə narahatlığı da, ürəkdolusu “heç kim həbs olunmayacaq” vədi də qulaqlardadır. Bəs, hanı o öpücüklər? Hanı üsyana qalxmış insanlara göstərilən hörmət?
Vahid Əhmədov özünü didib-tökürdü ki, Ilham Əliyev xalqa atəş açılmasına qəti surətdə imkan verməyib. Guya, böyük humanistlik göstəribmiş prezident! Cəmi bir neçə ay əvvəl Quba Turizm mərkəzinin qadın müdirini öz otağındaca döyüb, təhqir edən, az keçməmiş cəzasızlıq mühitindən yararlanıb, bir az da irəli gedərək, bütövlükdə qubalıları öz əxlaqının imkan verdiyi səviyyədə söyən bir başçının əməllərindən cana doyan əhali silahamı sarılmışdı, hakimiyyət nümayəndələrinə qarşı silahlı üsyanmı qaldırmışdı ki, “atəş açılmaması” “xalqa məhəbbət” kimi təqdim edilirdi?
Atəş açılmadı, amma günahkarın yox, günahsızların türmələrə doldurulmasına başlanıldı; atəş açılmadı, ancaq illərdir, Azərbaycan xalqına qarşı hakimiyyətin apardığı “soyuq müharibə”nin növbəti həmləsi başladı.
Indi Vahid Əhmədov, Ziya Məmmədov qabağa çıxmalıdır: söz verməmişdilərmi ki, həbslər olmayacaq? Iddia etmirdilərmi ki, cinayətkarlar cəzalanacaq? Bəs, hanı bu vədlər? Niyə qubalılar – bu təhqirlərə etiraz edənlər həbs edilməlidir? Niyə istintaq R.Həbibovun qanunsuzluğunu üzə çıxarmamalıdır? Niyə proses şəffaf aparılmamalı və istintaq vaxtlı-vaxtında ictimaiyyətə açıqlama verməməlidir? Qubalılar türməyə atıldığı bir məqamda Vahid Əhmədov niyə “kütləvi məzarlığın üzə çıxarılmasındakı problemlərdən”, “diaspor məsələlərindən” danışmalıdır?
Axı, bu, sıradan bir hadisə, verilən söz sıradan bir seçki yalanı deyil! Axı, burda insanların – Vahid Əhmədovun güvəndiyi və Vahid Əhmədova güvənən qubalıların taleyi həll olunur!
Vahid Əhmədov verdiyi sözü tuta bilmir, çünki heç bir həbs olmayacağı barədə onu əmin edənlər yalan danışırdılar. Vahid Əhmədov hələ o zaman aldanıldığını bilmirdimi? Yoxsa, qubalıların etirazından xal yığmaq, Ziya Məmmədovla kameralar qarşısında “səmimi” öpüşmək naminə “aldanmaqdan” ötrü sinov gedirdi?
Vahid Əhmədovu qubalılar yox, heç bir həbs olmayacağı ilə bağlı onu əhali qarşısında öhdəlik götürməyə vadar edənlər zibilə saldı.
Bu “zibildən” çıxmağın yolunu Vahid Əhmədov bilməmiş olmaz…