Quba hadisələri ilə əlaqədar şəhər bələdiyyəsinin sədri Elxan Əliyev və bələdiyyə üzvü Dəstəbəy Tərlanov həbs edilib. Dəstəbəy Tərlanovun oğlu Zaur Tərlanov AzadlıqRadiosuna atasının martın 17-də həbs edildiyini təsdiqləyib. Amma deyir indiyə qədər onun harada saxlanmasından xəbərsizdirlər.
Bu hadisələrə görə həbs edilən “Xəyal” televiziyasının reklam meneceri Zaur Mustafayev isə dünən azadlığa buraxılıb. Bu haqda AzadlıqRadiosuna o, özü deyib. Amma niyə saxlanması haqda sualı cavabsız buraxıb: “Mən heç nə deyə bilmərəm. Mənə zəng etməyin”. Bundan əvvəl daha 2 jurnalist – “Poliqon” informasiya agentliyinin bölgə müxbiri Cəmil Məmmədli və “Xəyal” televiziyasının montajçısı Islam Aslanov sərbəst buraxılmışdı.
Cəmil Məmmədli “Turan”a saxlanması ilə bağlı bunları deyib: “Məni əvvəlcə Quba Rayon Prokurorluğuna gətirdilər. Bir gün rayon polis şöbəsində saxladılar. Sonra Bakıya aparıb Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində izahat aldılar və azad buraxdılar. Istintaq www.yotube.com saytında Quba Rayon Icra Hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışını yerləşdirən və montaj edən şəxslə maraqlanırdı”.
“Xəyal” televiziyasının martın 13-də saxlanılan digər iki əməkdaşı isə hələ də həbsdədir. Onlardan biri televiziyanın icraçı direktoru Vüqar Qonaqov, digəri isə – baş redaktor Zaur Quliyevdir. Zaur Quliyev haqqında Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (vəzifə səlahiyyətlərini aşmaq) maddələri ilə cinayət işi açılıb. Bunu AzadlıqRadiosuna baş redaktorun vəkili Səfər Hüseynov deyib.
Televiziyanın icraçı direktoru Vüqar Qonaqova gəlincə, yaxınları onun saxlandığını təsdiqləsələr də, harada olmasından xəbərsizdirlər.
“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, istintaq Rauf Həbibovun çıxışının sosial şəbəkələrdə necə yayılması ilə maraqlanır. Hüquq-mühafizə orqanları hesab edir ki, bunun arxasında hansısa məmur dayanır və çıxışın videoyazısı sifariş nəticəsində sosial şəbəkələrdə yayılıb. Cəmil Məmmədlinin dedikləri yazdıqlarımızın doğru olduğunu təsdiq edir.
Quba bələdiyyəsinin sədri həbs edildi
•