Hikmət Hacızadə: “Azərbaycandakı biabırçılıq bütün dünyaya yayılacaq”
“Nahaq yerə milyonlar tökdülər, Azərbaycanı heç kəs sevmədi”
NED təqaüdü ilə 5 ay Vaşinqtonda olan FAR Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Hikmət Hacızadə ABŞ-da bir sıra görüşlər keçirib və məruzələrlə çıxış edib. Vaşinqtonda “Azərbaycan modelində psevdo-demoktatiya ilə nə etmək olar?” adlı təqdimat keçirən politoloqla səfəri, həmçinin ölkədə və dünyadakı proseslərlə bağlı söhbət etdik.
– Xeyli müddətdir ABŞ-da idiniz. Səfərinizin əsas məqsədi nə idi?
– Amerikada Reyqan Fasel demokratik elmi proqram var. Beş ay idi bu proqramda iştirak edirdim. Dünyada demokratiyanın problemləri, demokratiyanın inkişaf yolları ilə bağlı tədqiqat apardım, məlumat topladım, insanlarla görüşdüm. Alimlərlə maraqlı görüşlərim, çıxışlarım oldu. Vaşinqtonda beş böyük çıxışım oldu. Illinoys, Miçiqan universitetlərində çıxış etdim. Vaşinqtonda Kennan universitetində, iki dəfə Karneqi fondunda çıxış etdim. Bir dəfə də Reyqan Fasel proqramı üzvünün hazırladığı bir təqdimatım oldu.
Səfərim səmərəli keçdi.
“Qərbdə buradakı vəziyyətdən yaxşı xəbərdardılar”
– Görüşlərdə Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı çıxışlarınız olub. Buna reaksiyalar necə oldu? Ümumiyyətlə, burdakı durumla bağlı nə dərəcədə xəbərdardılar?
– Prinsipcə bu işlə, regionla məşğul olan, maraqlanan hər kəs hər şeydən xəbərdardır. Onlar mütəmadi olaraq Azərbaycandan xəbərlər, məlumatlar alırlar. Müxtəlif informasiya agentlikləri, qəzetlər, internet bütün dünyaya xəbərləri yayır. Onlar kim nə ilə məşğul olduğunu, vəziyyətin necə olduğunu, hökumətin, cəmiyyətin, müxalifətin nə etdiyini, medianın hansı vəziyyətdə olduğunu yaxşı bilirlər.
Azərbaycandakı proseslər yaxından izlənilir
– Ərəb inqilablarından sonra bu proseslərin postovet məkanına gələcəyi ilə bağlı fikirlər var idi. ABŞ-dakı beyin mərkəzləri bununla bağlı nə düşünür? Proseslərin postsovet məkanında davamını gözləyirlərmi?
– Doğrusu, ordakı alimlər, beyin mərkəzlərində olan adamların hamısı Azərbaycanla çox maraqlanır. Xüsusilə ərəb ölkələrindəki hadisələrdən sonra Azərbaycana maraq artıb. Bəli, gözləyirlər. Proseslərin davamını, böyük demokratik dalğanın olacağını gözləyirlər. Görünür, hələ mübarizə gedir, islahatlar uğrunda hərəkat var. Amma böyük nəticələr hələ ki, yoxdur. Onlar nəyin necə olduğunu araşdırırlar. Prosesləri yaxından izləyirlər. Araşdırırlar ki, islahatların həyata keçməsi üçün hökumət və cəmiyyət nə etməlidir.
“Quba hadisələri göstərdi ki, belə davam edə bilməz”
– Quba hadisələrinə qədər hakimiyyət ölkədə sabitliyin olduğunu önə çəkirdi. Hətta cəmiyyətdə də belə fikir formalaşmışdı ki, ərəb ölkələrində olduğu kimi burda üsyan ola bilməz. Ancaq Qubada baş verənlər bunun əksini göstərdi. Hakimiyyət özü üçün bundan hansı nəticələr çıxarmalıdır?
-Tək bu hadisə deyil. Ondan əvvəl də mühüm hadisələr olub. Bütün bunlar göstərir ki, mütləq islahatlar aparmaq lazımdır. Indiki durum, indiki haqsızlıq davam edə bilməz. Dəyişikliklər olmalıdır, yeyinti, ədalətsizlik, özbaşınalıq qurtarmalıdır. Əgər biz istəyiriksə ki, ölkədə hansı dəyişikliklərə başlasın, hakimiyyət əlbəttə siyasətini dəyişməlidir. Həm ərəb ölkələrində baş verənlər, həm Quba hadisələri, həm də digər hadisələr ona işarədir ki, nə vaxtsa bu partlaya bilər. Bura bizim ümumi vətənimizdir.
Biz hamımız onu düşünməliyik. Təkcə müxalifət və qəzetlər yox, hökumət də sabahı düşünməlidir.
“Bu siyasət davam etsə, böyük qalmaqallar olacaq”
– Xarici mətbuatda Azərbaycanla bağlı tənqidi yazılara hakimiyyət çox sərt reaksiya verir. Almaniyanın “Şpigel” jurnalındakı bir neçə yazı bu ölkə ilə münasibətlərin korlanmasına səbəb oldu. ABŞ və Norveç mətbuatında dərc edilənlərə də oxşar reaksiya verildi. Iki aydan sonra “Avroviziya” yarışmasına 1700 jurnalist gələcək və bunlar təkcə yarışma barədə yazmayacaq. Onların fəaliyyəti sonradan Azərbaycanın hansı reaksiyasına səbəb olacaq və həmin ölkələrlə münasibətlərinə necə təsir edəcək?
– Əgər hökumətin bugünki siyasəti davam etsə, əlbəttə ki, böyük qalmaqallar olacaq. Jurnalistlər elə-belə ancaq musiqi üçün gəlmir. Hava limanından tutmuş həbsxanalara qədər hər şeyə baxacaqlar. Əgər siyasi dustaqlar, vicdan məhbusları azad edilməsə, camaatın evlərinin sökülməsi, burdakı haqsızlıq və rüşvətxorluq davam etsə, əlbəttə ki, bu biabırçılıq bütün dünyaya yayılacaq. Azərbaycan nəyə görə “Avroviziya” keçirir, belə canfəşanlıqla pul xərcləyirlər. Çünki istəyirlər Azərbaycanın müsbət imicini formalaşdırsınlar, nailiyyətlərini göstərsinlər. Onun əvəzinə isə bütün dünyada paralel olaraq mənfi məlumatlar yayılacaq. Buna görə qoyulmuş məsələyə tamamilə əks nəticə əldə olunacaq. Nahaq yerə də milyonlar tökdülər, heç bir imic də formalaşmadı. Azərbaycanı heç kəs sevmədi. Azərbaycan hökumətinin siyasətini də heç kəs təqdirəlayiq saymayacaq.
“Hakimiyyət öz gücünü göstərir”
– Siyasi məhbusların əfv olunacağı gözlənilsə də, bu, baş vermədi. Şübhəsiz ki, bundan sonra hakimiyyətə beynəlxalq təzyiq bir qədər də artacaq. Bəs hakimiyyətə belə addım atmağa nə mane oldu?
– Onu demək çətindir. Onların ağlı ilə düşünə bilmərəm. Hələ vaxt var, ola bilsin, azad edəcəklər. Bununla öz güclərini göstərirlər ki, biz heç kəsdən qorxmuruq, çəkinmirik, nə istəyirsiniz yazın, danışın, biz də öz işimizi görəcəyik. Ola bilsin, bu ideya ilə hərəkət edirlər.
“Qərbdə belə çıxışlar pis qarşılanır”
– Bir müddət əvvəl Münhendə Ilham Əliyev ona ünvanlanmayan suala sərt reaksiya verdi və sual müəllifinə Misir hadisələrinin Azərbaycanda görməyəcəklərini dedi. Belə narahatçılığına əsas nə idi?
– Nə desin yazığ, desin ki, görəcəksiniz? Deməkdənsə ki, biz islahatlar aparacağıq, barışıq siyasəti aparacağıq, cəmiyyəti birləşdirəcəyik, deyir, burda mənəm, nə istəyirəm edirəm. Belə şüarla çıxış edirlər. Çox nahaq. Bilmək lazımdır ki, Qərbdə mentalitet başqadır. Vəziyyət dəyişib. Qabaq belə idi. Kim lotuluq edirdi, ona əl çalırdılar. Amma indi belə çıxışlar pis qarşılanır.
“Dəyişiklik olmasa, Rusiya uçuruma gedəcək”
– Rusiyada parlament seçkilərindən sonra vəziyyət dəyişdi. Belə olan halda Putinin əvvəlki prezidentliyi ilə indikində hər hansı fərq olacaqmı?
– Məncə dəyişikliklər olacaq. Olmaya bilməz. Olmasa, Rusiya yavaş-yavaş uçuruma gedəcək. Bunu heç yüksək səviyyəli də yox, orta səviyyəli siyasətçi və ölkəni idarə edən adam görməlidir və görür də. Yəqin Putinin ətrafındakı adamlar ona deyəcək ki, nəsə dəyişməlidir, hansısa addımlar atılmalıdır. Olmasa, çox pis olacaq.
“Putinin kursu Azərbaycana yaxşı heç nə vəd etmir”
– Azərbaycanla Rusiya arasında bir çox məsələlərdə fikir ayrılıqları var. Suriya, Iran məsələsində fərqli mövqedədirlər. RLS məsələsi həllini tapmayıb. Bütün bunlar Putinin yeni prezidentliyi dövründə iki ölkə arasında münasibətlərə nə kimi təsir göstərə bilər?
– Həmin kurs davam edəcək. Dəyişiklik gözləmirəm. Ümumiyyətlə, Rusiya yaxın ətrafına, keçmiş sovet respublikalarına öz nüfuz sferası kimi yanaşır. Bunu açıq da deyir. Putin də bu ideyanın tərəfdarıdır və bunu davam etdirəcək. O da bizim üçün yaxşı heç nə vəd etmir.
“Demokratik tələblər bundan sonra da güclənəcək”
– Azərbaycandan demokratik dəyişkiliklər, islahatlar tələb edəndə bir qayda olaraq Qərblə Rusiya arasında manevr edir. Artıq dünyada vəziyyət dəyişib. Bundan sonra hakimiyyət belə manevr edə biləcəkmi?
– Bütün dünyada böyük dəyişikliklər var. Bu həm siyasətdə, həm kafalarda, həm intellektual sferada, həm cəmiyyətlərdə görünür. Dünya Azərbaycan kimi ölkələrdən demokratik islahatlar tələb edir. O tələblər güclənir və bundan sonra da güclənəcək. Nəsə dəyişməlidir, hansısa islahatlara, barışığa addım atılmalıdır. Əfsuslar ki, hələ onlar görülmür.
Fizzə Heydərli


