Lavrovun Bakıya səfəri təhlükəlidir

«Rusiya xarici işlər naziri Azərbaycandan güzəştlər qopartmağa gəlir»

Vəfa Quluzadə: “Azərbaycan Qarabağa görə Almaniya ilə öz əlaqələrini gücləndirməlidir”

Avropa Parlamentinin xarici əlaqələr komissiyası Ermənistanla bağlı sənəd qəbul edib. “Anspress” Ermənistanın “Azatutyun” radiostansiyasına istinadən xəbər verir ki, sənəddə bir sıra fikirlərlə yanaşı, Frasanın Dağlıq Qarabağ münaqişəsnin nizamlanması üzrə ATƏT-in Minsk Qrupundakı həmsədr mandatının Avropa Birliyinin mandatına dəyişdirilməsi təklifi də yer alıb.
Sənəd Avropa parlamentinin plenar iclasında səsverməyə çıxarılmalıdır. Bunun isə bir aydan sonra olacağı gözlənilir.
Maraqlıdır ki, Fransanın “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanun layihəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən tez-tez səslənən bəyanatlardan biri Minsk Qrupunda Fransanın Avropa Birliyi ilə əvəzlənməsidir. Politoloq Vəfa Quluzadənin fikrincə, AB-ın Minsk Qrupunda Fransanı əvəzləməsi danışıqlar prosesində elə bir koordinal dəyişikliklərə səbəb olmayacaq:

– Fransanın son ermənipərəst mövqeyi Parisin dəhşətli tənqidlərə məruz qalmasına səbəb oldu. Ola bilsin ki, Fransanın özü də Minsk Qrupundakı yerini Avropa Birliyinə vermək arzusundadır. Çünki Fransanın özü üçün Minsk Qurupunda qalmaq başağrısı gətirən məqamdır. Digər tərəfdən Minsk Qrupu Qarabağ problemini həll etmək iqtidarında deyil. Minsk Qrupunda üç ölkənin səlahiyyətsiz səfirləri təmsil olunub. Onlar hər dəfə Azərbaycana səfər edəndə bir daha işğal faktı, torpaqların işğal ounması ilə tanış olsalar da nəticə ədalət prinsiplərinə uyğun olmur. Indiyə qədər erməni təcavüzü tanınmayıb. Bu isə Minsk Qrupunun gücsüzlüyünü göstərir. Gərək əvvəlcə baş verən hadisənin formulasını tapıb, ona uyğun hərəkət edəsən. Problem Azərbaycan-Ermənistan münaqişəsi kimi təqdim olunur, amma bu münaqişə deyil. Ona görə düşünmürəm ki, Avropa Birliyinin Fransanı əvəzləməsi ciddi dəyişikliklərə səbəb olacaq. Çünki Minsk Qurupu strukturu problemi həll etməyə imkanı yoxdur. Problemi ABŞ başda olmaqla NATO həll edə bilər. Amma ABŞ hələ bu cür missiyanın altına girməyə hazır deyil. Hazırda ABŞ Rusiyanı demokratikləşmə vasitəsilə normal dövlətə çevirmək istəiyr. Rusiya isə hələ ki, bu prosesə müqavimət göstərir.

– Son zamanlar Almaniya dünyada aktiv siyasət yürütməyə başlayıb. Almaniyanın xarici siyasətindəki hazırkı aktivlik ikinci dünya müharibəsindən indiyə kimi müşahidə edilmirdi. Almaniya artıq Avropada əsas rəqibi olan Fransanı çoxdan sıradan çıxarıb. Nə baş verir? Almaniya dünyanın yenidən düzənlənməsi mübarizəsinə başlayıb?
– Almaniya dünyada və Avropada ən sürətlə inkişaf edən dövlətlərdən biridir. Almaniya eyni zamanda Avropanın ən zəngin və inkişaf etmiş dövlətidir. Ona görə Avropada liderlik Almaniyaya keçməkdədir. Fransa hətta tədricən Almaniyadan asılı vəziyyətə düşür. Almaniya isə Avropa orkestirində artıq birinci skripka rolunu oynayır. Almaniyanın Qarabağ problemində ədalətli mövqe tuta bilər. Almaniyada erməni lobbisinin təsiri olsa da o qədər güclü deyil. Bu baxımdan Azərbaycan Almaniya ilə öz əlaqələrini gücləndirməlidir. Eyni zamanda münaqişənin detalları Almaniya ictimaiyyətinə çatdırılmalıdır ki, gələcəkdə Almaniyadan kömək göstərə bilər.

– ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri birgə bəyanatla çıxış ediblər. ABŞ dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər nazirləri Sergey Lavrov və onun Fransalı həmkarı Alen Cüpen tərəfləri siyasi iradə nümayiş etdirməyə, yalnız danışıqlar yolu ilə problemi həll etməyi tövsiyyə görüblər. Bu bəyanatı necə dəyərləndirmək olar?
– Bu növbətçi bir bəyanatdır. Tərəfləri problemi sülh yolu ilə həll etməyə çağırmaq riyakarlıqdır. Azərbaycan təcavüzə məruz qalan tərəfdir. Minsk Qrupu Ermənistandan qoşunlarını Qarabağ ətrafında işğal olunan rayonlardan çıxarmağı tələb etməlidir. Məhz bundan sonra Qarabağın statusu ətrafında danışıqlar aparıla bilər.

– Ermənistanın hazırkı prezidenti Serc Sarkisyanın və eks-prezident Robert Koçeryanın Moskvaya səfərindən sonra Rusiyanın xarici işlər naziri Lavrov Bakıya səfər edəcək. Bu səfər sizcə, hansı mesajlardan xəbər verir?
– Lavrovun Bakıya səfərini təhlükəli sayıram. Çünki Rusiyanın hələ də başından SSRI-ni bərpa etmək ideyası çıxmayıb. Azərbaycana daim təzyiqlər olub ki, rəsmi Bakı  Kremlin idarəçiliyini qəbul etsin. Lavrovun səfəri zamanı Azərbaycana təzyiqlər olacaqdır. Güman ki, Lavrov Azərbaycanın Qərblə münasibətlərinin gərgin olmasından istifadə edərək, Bakıya təzyiqlər edəcəkdir. Açıq bəyan oluna bilər ki, Azərbaycanın Rusiyaya təslim olmasından başqa çıxış yolu yoxdur. Lavrov Azərbaycandan güzəştlər qopartmağa gəlir. Bundan başqa Azərbaycanın Israildən 1,6 milyardlıq silah alması Rusiyanı qıcıqlandırıb. Azərbaycan gərək bu addımı atanda bilməli idi ki, bu sövdələşmə həm Rusiyanı, həm də Iranı qıcıqlandıracaq. Çünki Rusiya Azərbaycanı silah bazarı kimi itirmək istəmir. Iran isə Israili özünə düşmən görür. Lavrovun Bakıya səfəri Azərbaycana eyni zamanda Qəbələ RLS, Iran məsələsində güzəştlərə getməyi vəd edir.

Xəyal