Bayramın sükutunu Minsk Qrupunun həmsədrlərindən biri – R.Bradke pozdu və məlum oldu ki, münaqişə tərəflərini ortaq məxrəcə gətirən razılaşmanın konturu artıq hazırdır. Təəssüf ki, o, bu konturun detallarını açıqlamadı. Ona görə də yenə şübhə yeri qaldı. Biz bu şübhəni böyütmək niyyətində deyilik, çünki münaqişənin həllinin dalana dirəndiyi hamıya məlumdur. Müxalifətdə biz yox, bu hakimiyyət olsaydı onların bunun üzərində siyasət qurardılar və bir vaxt dedikləri kimi, səhər-axşam “Qarabağ probleminin həlli üçün sizin konsepsiyanız varmı?” – deyə hay-küy salardılar. Amma nə edək ki, bizim siyasi prinsiplərimiz başqadır, biz ümummilli problemləri siyasi konyuktura predmetinə çevirmirik. Bəlkə siyasi məntiq baxımından səhv edirik, lakin bu ayrı bir söhbətin mövzusudur. Populist olmaq elə də çətin deyil. Lakin onlar da iki qrupa bölünür. Bir qrup populist var ki, özlərinin dediklərinə həqiqətə yanaşdıqları kimi yanaşırlar və dediklərinə inanırlar. Digər bir qrup da var ki deyilənlərin real olmadığını gözəl başa düşürlər, yaxşı bilirlər ki, cəmiyyətin real olmayan istək və arzularını dilə gətirməklə özləri də yalana qurşanırlar.
Onlar ona görə belə edir ki, hakimiyyət onlar üçün hər şey deməkdir. Əgər o insanlar da bizim kimi səmimi olsaydılar hakimiyyətin qapıları onların üzünə tamam bağlanardı, ömürlük müxalifətdə qalardılar. Lakin onlar belə deyil və bunun ciddi bir səbəbi də var – onlar uzun illər yalan danışmağı və aldatmağı özlərinə peşə etmişdilər. Biz yaratmaq istədiyimiz yeni siyasətin konturunu özümüz də təsəvvür edə bilmirdik, çünki proses gedirdi və yeni siyasət özü yaranırdı. Amma onlar məşğul olduqları siyasəti gözəl bilirdilər, on illərlə bu siyasətlə işləmişdilər – bu, totalitar dövlətin siyasəti idi. Heç nəyi dəyişməyib necə var, elə də saxladılar, sadəcə bir az avtoritarlaşdırdılar. Topluma, fərdə yalnız o haqları verdilər ki, onları verməmək mümkün deyildi, həm də onları özlərində saxlamaq bir az başağırsı yaradırdı. Bu, o demək deyil ki, köhnəni biz bilmirdik, yox, belə deyildi. Bizim sıralarımızdan ayrılan, özünün əvvəlki fəaliyyəti üçün bir növ peşiman olaraq bu hakimiyyətə qoşulanlar çox asan şəkildə yalan danışmağı öyrəndilər, hətta sübut etdilər ki, yalanı qoşmaqda və danışmaqda heç də bu hakimiyyətin üzvlərindən aciz deyillər və hətta bu sahədə onlara rəqib də ola bilərlər. Bir məqamı deyəcəm. Yalandan populist olanlar hakimiyyətin sükanını ələ keçirəndən sonra populizmin əsl düşməni olurlar və populizmlə savaşda o qədər uzağa gedirlər ki, bir də görürsən ki, hətta real olanları da etmirlər, cəmiyyətdən ayrılaraq tamam marginallaşır, o qədər etinasızlaşırlar ki, sanki kimi və necə idarə etdikilərinin belə fərqində olmurlar. Indi Azərbaycanda məhz belə mənzərə yaranıb. Cəmiyyətin təqsiri nədir? Bir vaxtlar populizmə yuvarlanmaq və yalançılara inanmaq! Yadıma M.Cəlilin “Ölülər”i düşdü. Kim daha çox günahkardı? Şeyx Nəsrullah, yoxsa onun yalanına inanlar? Etiraf edin ki, bu, heç də asan sual deyil və eləcə də Məstəli şah günahkar deyildi ki, onun burada oturaraq bir dua ilə Parisi alt-üst edəcəyinə inanırdılar! Əgər bir halda yalanlara həvəslə inanların arzusu çin olursa, Məstəli şah olmasa da inqilab Parisi dağıdırsa, digər halda sadə, hər şeyə inanan insanlar kefli Isgəndərin öldürücü monoloqu qarşısındaca başlarını aşağı salıb onu dinləməkdən, baxışlarını gizlətməkdən savayı çıxış yolu görmürlər. Indi bizim cəmiyyət belədir – sanki səsini çıxarmağa, başını qaldırıb sınmaq istəməyən, etiraz edən və ən başlıcası Isgəndər kimi onları ittiham edən şəxslərin gözünün içinə baxa bilmir, çünki utanır və aldadıldığı üçün xəcalət çəkir, sadəcə bunu etiraf edə bilmir…
BU ZƏNGLƏR KIMIN ÜÇÜN ÇALINIR?
Bayram da qurtaracaq. Həyat əvvəlki məcrasına qayıdacaq. Amma bizim bu səhvlər, nə vaxtsa etdiyimiz yanlışlıqlar bizdən əl çəkməyəcək. Hər saat, elə hər gün qapımızı döyəcək, “etiraf et!” – deyəcək. Gücümüz çatacaqmı? Onu bacaracağıqmı? Yoxsa elə bu hakimiyyətlə, özümüzün ən böyük səhvimizlə bahəm qarıyacağıq və hər dəfə də vicdanımızın səsini eşidəndə özümüzdən asılı olmadan soruşacağıq: görən, bu zəng kimin üçün çalınır?..

Kimdir günahkar? YALANÇILAR, yoxsa YALANA INANANLAR?
•