6

Babəki yetirən yurddan reportaj

Vicdan məhbusu Babək Həsənovun valideynlərindən ibrət götürüləsi mövqe…

“Dəfələrlə müharibədə mühasirəyə düşən, bu mühasirəni yarıb keçən, yaralanan, hətta ölmüş bilinib morqa atılmış məni indi siz həbslə qorxutmaq istəyirsiniz?” – bu ağır sualı məhkəmədə Babək Həsənov hakimə vermişdi. Hakimin cavabı sükut idi… Vicdan məhbusu Babək Həsənov çox xoşbəxt adamdır. Bu fikrim onun ata evində, bu insanı yetişdirən ailədə olarkən daha da qüvvətləndi.

Qarabağ qazisinə rüşvətlə ev təklifi

Babək Həsənov Ictimai Palatanın ötən il 2 aprel mitinqinə görə şərlənərək həbsə atılan Qarabağ qazisidir. 3 uşaq atası olan Babək Qarabağ savaşının ən qaynar bölgələrində xidmətinə baxmayaraq (ümumilikdə o, 8 il hərbi xidmət keçib), Bakıda kirayələrdə yaşayıb, ailəsini dolandırmaq üçün taksi sürücülüyü edib. O, mənzil növbəsindəki evi rüşvət verməkdən boyun qaçırdığı üçün ala bilməyib. Nərimanov rayonunun icra başçısı Babəkə, “sənə yüz min manatlıq ev verirəm, buna görə 30 min hörmət elə” deyib, Babək isə “haqqım olan şeyi rüşvətlə almaram” cavabını verərək, imtina edib.

***

Oddan kül yox, elə od törəyib…

Onun ata yurdu Saatlı rayonun Xanlar kəndidir. Yolları cəhənnəmi xatırladan kənd, minlərlə başqa Azərbaycan kəndləri kimi çeşidli sosial problemlər içindədir. Məsələn, bu kəndin uşaq bağçası və məktəblərinin qarşısında lövhə olmasaydı, mən onları at tövləsi zənn edərdim.
Babəkin 76 yaşlı atası Kərbəlayi Qəzənfər bu kəndin imanlı ağsaqqallarından sayılır. Kərbəlayi Qəzənfərlə Babək haqqında söhbətə başlamamışdan əvvəl ondan özünün ömür yolu haqda danışmasını xahiş etdim. Dinlədim və əmin oldum ki, Babəkin timsalında “ot kökü üstə bitib”.

Babəkin atası danışır: “Mənim üçün mənəviyyatlı həyat hər şeydən üstündür. Çalışmışam ki, övladlarımı da mənəviyyatlarını, vətənini hər şeydən uca tutan insan kimi böyüdüm. Həmişə təcavüzə qarşı olmuşam – bu təcavüz istər vətənə qarşı olsun, istərsə də adamlara. 1989-cu ildə torpaqlarımıza təcavüz olunanda Milli Azadlıq Hərəkatı başlandı. Kəndimizin klubunda iclas oldu. O iclasda camaat məni Azərbaycan Xalq Cəbhəsinin yerli dayaq dəstəsinə sədr seçdi. O vaxtdan mən təşkilatla birgə azadlıq, torpaqlarımızın müdafiəsi işində aktiv fəaliyyət göstərməyə başladım”.

Əli Kərimlinin həbs olunduğu aksiyanın şahidi

“Xalq hərəkatının Bakıdakı tədbirlərinin çoxunda iştirak etmişəm. Əli Kərimlinin cibindən guya, qumbara tapılan mitinqdə də olmuşam. O mitinqdə bizə qarşı böyük zülmkarlıqlar edildi, texnikanı üstümüzə sürdülər…”

Əsgər atası

“Rus qoşunlarının yanvar qırğınından sonra biz rayonda qərar verdik ki, daha balalarımız o orduda xidmət edə bilməz. Milli ordunu qurmaq üçün müəyyən yollar düşünməyə başladıq. Çox çətin idi. Min cür təxribatlar edirdilər. Bir dəfə rayon hərbi komissarlığının qarşısında milli orduya qoşulmaq üçün gələnlərə yaxınlaşan bir qadın şayiə buraxmışdı ki, guya, Qarabağdan 20 şəhid əsgər gətirilib. Özüm o qadının axtarışına başladım, tapılmadı. Bilindi ki, bu, milli ordunun qurulmaması üçün düşünülən təxribatdır. Babəki də elə həmin gün özüm ordunun ilk əsgəri kimi yola saldım”.

“Oğlumun ölüm xəbərini belə eşitdik”

“Babəkin döyüş yolu çox keşməkeşli oldu. Indiki kimi deyil, o vaxt telefon-filan yox idi. Elə ay olmurdu ki, Babəkdən pis xəbər gəlməsin – gah yaralandığını, gah itkin düşdüyünü, gah da mühasirədə olduğunu eşidirdim. Hətta ölüm xəbəri də gəlmişdi. Bu xəbərləri dəqiqləşdirənə qədər nələr yaşayırdıq, onu bir Allah bilir. Babəkə qədər bir dəfə də Qarabağda olmamışdım, ancaq onun arxasınca gedib-gələ-gələ bütün Qarabağı gəzdim.
Bir dəfə onun yaralandığını eşitdim. Evdə 3 min manat pulum vardı. Maşın tutub getdim. Gedib gördüm ki, o, 10 əsgərlə hospitalda yatır. Onların hər birinin balışının altına 300 manat qoyub, maşına borclu qalıb geri qayıtdım.

Babəkin də, o biri oğlanlarımın da haqq-ədalət uğrunda mübarizə aparmasıyla fəxr edirəm. Əsl insan elə, belə də olmalıdır. Hə, olur ki, mənim özümə də məsləhət verirlər ki, “yaşlı adamsan, çəkil bu yoldan, uşaqların da öz işlərilə məşğul olsunlar”. Hamının məsləhətinə qulaq asıram, amma öz  mənəviyyatıma yad olan belə məsləhətləri həmişə özümdən uzaqlaşdırıram”.

“Vicdan məhbusları ilə əqidədaşam”

“Məhbəsdə olan vicdan məhbuslarının hamısını tanıyıram. Qəzetdən oxuyuram onlar barədə. Hamısına mətanət arzulayıram. Səbrli olsunlar, bilsinlər ki, onlarla əqidədaşam”.

Haqqın yolu hamar olmaz…

Babəkin böyük qardaşı Cavid də bu yerdə söhbətimizə qoşulur. Cavid də AXCP fəallarındandır, onunla birgə söhbətimizdə iştirak edən kiçik qardaşı Sübhi də. Cavid inanclıdır, deyir ki, çətinliklər, müxalifətçiliyin yaşatdığı məhrumiyyətlər onları qorxutmur: “Peyğəmbərin belə bir hədisi var, deyir ki, sizə qeybdən köməklər mübarizəniz və səbrinizdən asılıdır. Biz həyatın mənasını mübarizədə tapan insanlarıq. Bu yolun əziyyəti də bizim üçün xoşdur, çünki ədalətli və düzgün yol asan olmur”.
Cavid deyir ki, qohum-əqrəbada, kəndlərində canıyananlıqla Babəkə görə təəssüflənən olsa da, əksəriyyət onların apardığı mübarizənin mahiyyətini anlayır və təqdir edir: “Kənddə ixtiyari insandan Babəki soruşsanız, onun haqqında birmənalı müsbət fikirlər eşidərsiniz”.

“Cəbhəni düzgünlük üçün seçdik”

Sühbi də Həsənovlar ailəsinin yetişdirdiyi cəbhəçilərdəndir. O deyir ki, bu siyasi seçim heç bir təbliğatın, təhrikin nəticəsi deyil: “Bizim heç birimizi kimsə bu partiyaya yazdırmayıb. Bu: şüurlu, təbii seçim olub. Bizim tərbiyəmiz ədalət, düzgünlük üzərində qurulub. Biz lap kiçik yaşlarımızdan başa düşmüşük ki, nəinki yalançılıq etmək olmaz, həm də belə hallara qarşı mübarizə aparmalıyıq”.

Məhbus anasının qürur dolu sözləri

Babəkin anası Hökumə xanım da övladı ilə fəxr edir. Onun hər hansı cinayət, səhv etdiyini düşünmür: “Babək səhv etsəydi, hökumətdən əvvəl biz özümüz onu cəzalandırardıq. Oğlum düzgünlük tərafdarıdır, istəyir ki, ölkəmizdə haqsızlıq olmasın. Rüşvətxorluq dayansın, buna görə də onu tutublar”.
Elə söhbətimizə də vicdan məhbuslarına xitabən ana yekun vurur: “Balalarıma demək istəyirəm ki, nigaran qalmasınlar, dözümlü, səbrli olsunlar. Onlar bütün elin fəxridirlər. Hamısı tezliklə, Allahın köməyilə azadlığa çıxacaqlar”.

***

Babəkin ata yurdundan ona bəxtəvərlik oxuyaraq ayrıldım; belə ailədə böyümək, belə ailədən çıxıb mübarizəyə qoşulmaq hər adama nəsib olmur.

Natiq Güləhmədoğlu