AXCP regionlarda fəallaşır

Ağstafa, Tovuz və Qazaxda partiya fəalları ilə görüşlər keçirilib

Martın 19-da AXCP-nin Ağstafa rayon şöbəsinin toplantısı keçirilib. Toplantıda partiyanın təşkilatlanması, rayon ərazisində gənclərin aktivləşməsi istiaqmətində görülməli işlər müzakirə olunub. Ağstafa rayon şöbəsinin sədri Maarif Salahov, Ali Məclis üzvü Hamlet Mürsəqulu çıxış edərək ölkədəki ağır sosial durumun aradan aqlıdırılması üçün hökumətin heç bir addım atmadığını vurğulayıblar. Eyni zamanda iqtidarın yürütdüyü yanlış siyasətin də ölkəni uçuruma apardığını deyən çıxışçılar bildiriblər ki, Quba hadisələri ölkənin partlayış ərəfəsində olduğunu bir daha sübut etdi. Eyni gündə Qazax rayon şöbəsinin fəallarının da görüşü baş tutub.

Görüşdə bu ayın sonuna kimi partiyanın rayon şöbəsi məclisinin yığıncağının keçirilməsi qərara alınıb. Şöbə sədri Sabir Çaylı da çıxışı zamanı bütün ölkə ərazisində olduğu kimi Qazax rayonunu da ciddi sosial problemlərin narahat etdiyini deyib.

Martın 20-də isə AXCP Tovuz rayon şöbəsinin məclisi keçirilib. Şöbə sədri Musa Qəmbər partiya üzvləri maraqlandıran sualları cavablandırmaqla yanaşı ölkədəki mövcud ictimai-siyasi duruma dair məruzə ilə çıxış edib.

Martın 19-da regionlarda siyasi baxımdan daha bir mühüm hadisə Ictimai Palatanın Ağstafa regional şöbəsinin ümumi toplantısı keçirilməsi olub. 60 yaxın fəallın iştirak etdiyi toplantıda təşkilat sıralarına 20 yeni üzv qəbul olunub. Ölkədəki mövcud ictimai-siyasi vəziyytlə bağlı bəyanat qəbul olunub, siyasi məhbus probleminin həll olunmaması pislənilib. Görüşdə xüsusilə rayon ərazisindəki ağır sosial durum qabardılıb. Bildirilib ki, rayon ərazisində bankomatların kifayət qədər olmaması büdcə təşkilatlarında çalışanlara və təqaüdçülərə ciddi çətinliklər yaradır. Iclasda AXCP Ağstafa rayon şöbəsinin sədri M.Salahov, Müsavat rayon təşkilatının sədri Taryel Mahmudov çıxış edib.

Toplantıda yeni qəbul üzvlərdən Hacı Mahmudov, Məhəmməd Qurbanov aktivlik nümayiş etdirərək çıxış ediblər. IP-ə qoşulmalarının səbəblərinə aydınlıq gətirən yeni üzvlər hazırkı durumda ölkənin gələcəyinə biganə qalmağın ağır fəsadlar verə biləcəyini söyləyiblər.