Əliyev-Sərkisyan görüşünü Klintonla Davudoğlu təşkil edəcək
ABŞ-la Türkiyə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırır. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb (modern.az). Məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sərkisyanla İlham Əliyev arasında görüşə vasitəçiliyi ABŞ dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu edəcək: “Münqaişənin həlli üçün planlaşdırılan görüş Hillar Klinton və Əhməd Davudoğlunun vasitəşçiliyi ilə reallaşacaq”.
Məlumatda qeyd olunur ki, Amerika Ankaranın regionda nüfuzunun güclənməsində maraqlıdır. “Belə ssenari hərəkətin sıx şəkildə koordinə edilməsini tələb edir. Türkiyə və İsraildən başqa ABŞ-ın bölgədə güvənə biləcəyi digər dövlət yoxdur. ABŞ-da hesab edirlər ki, Amerika qoşunlarının İraq və Əfqanıstandan çıxmasından sonra regional təhlükəsizliyə görə məsuliyyət daşıyan kimsə olmalıdır. Türkiyənin isə regional güc sahibi kimi qəbul edilməsi rasional yanaşmadan irəli gəlir”- deyə məlumatda vurğulanır.
Maraqlıdır ki, bu məlumat Rusiyanın vasitəçilyi altında keçirilən Azərbaycan-Ermənistan danışıqlarının fonunda yayılır. Xatırladaq ki, Medvedevin vasitəçilyi ilə keçirilən bu görüşlər nəticəsiz başa çatıb. Buna baxmayaraq, Moskva münaqişə ilə bağlı danışıqların aparılması üçün yenə cəhdlər edəcəyini açıqlayıb. Görünür, son prezident seçkilərində Qərbin xoşlamadığı V.Putinin yenidən prezident kürsüsünə qayıdışı ABŞ-ı regional münaqişələrə yönəlik siyasətdə müəyyən korrektlərə vadar edib.


