Dövlət qurumları isə hələ müşahidə və öyrənmə ilə məşğuldur
“Şamaxı rayonunun Muğanlı kəndində sürüşmə sahəsi kəndin şimalından, mərkəzi hissədən başlayaraq cənub-qərb istiqamətinə doğru çox böyük bir sahədə irəliləyir. Sürüşmə özünün aktiv fazasındadır”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.
Onun sözlərinə görə, qırılma çatları boyunca qrunt sularının və yerüstü suların axması, göllənməsi müşahidə olunur. Sürüşmənin qaşı ötən ilki sürüşmə ilə müqayisədə 300-350 metrə qədər fərqlənir və şimala doğru hərəkət edib: “Hazırda Bakı-Şamaxı-Ağsu-Yevlax avtomagistralının həm sağ, həm də sol kənarı boyunca qırılma qaşları da müşahidə olunur. Sürüşmə kütləsi üzərində olan evlərin sayı dəqiqləşdirilir. Bəzi evlərdə o səviyyədə deformasiyalar var ki, ümumiyyətlə yaşayış qadağan edilməlidir. Hazırda sürüşmənin parametrləri, dinamikası bir daha dəqiqləşdirilir. Görək nə proqnozlaşdırıla bilər”.
Ş. Niftiyev bildirib ki, kənd icra nümayəndələrinin bildirdiyinə görə, sürüşmə kütləsi üzərində 50-dək ev var: “Bizim baxdığımız evlərin sayı hələlik 30-a yaxındır. Evlərin hamısında iri çatlar müşahidə olunur. Çatlar evlərin konstruksiyasına da güclü ziyan vurub. Sürüşmənin aktivliyi davam edərsə, kəndin həmin sürüşmənin dil hissəsində yerləşən evləri də sürüşməyə məruz qala bilər. Hələlik sürüşmə kütləsi üzərindəki bütün evlər boşaldılmalıdır. Aktivlik davam eləyərsə, çox güman ki, həm sürüşmənin qaş, həm dil hissəsində olan evlər də deformasiyaya məruz qalacaqlar. Sürüşmənin dil hissəsində məktəb, klub, tibb məntəqəsi də yerləşir. Bütün bunlar nəzərə alınmalıdır”.
***
Şamaxıda bir kənd batmaq təhlükəsində
Muğanlı sakinləri köçürülmələrini istəyirlər
Şamaxı rayonunda Muğanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib. Şamaxı rayon İcra Hakimiyyəti başçısının sosial işlər üzrə müavini Ağamustafa Vahidovun ANS PRESS-ə verdiyi məlumata görə, 2009-cu ildən gedən torpaq sürüşməsi bu il yağıntılardan sonra daha da intensivləşib. Əgər ötən ildən 14 ev qəzalı vəziyyətdə idisə, indi onların sayı 50-yə çatır.
“Rayonun ən aktiv sürüşmə zonası hazırda Muğanlı kəndi sayılır. Sürüşmə nəticəsində bir çox evlərə ziyan dəyib. Hazırda biz Fövqəlada Halalr Nazirliyinə müraciət etmişik. Əraziyə mütəxəsislər dəvət edilib, evlərə baxış keçirilir. İndi 14 evin sakinləri başqa evlərə köçürüləcək. Digər dəymiş ziyan da araşdırılır”, – deyə Ağamustafa Vahidov vurğulayıb.
Yerli mənbələrdən azadlıq.info-ya bildirildiyinə görə isə Muğanlı sakinləri kəndin köçürülməsini gözləyirlər. Belə ki, kənd sürüşmə zonasında yerləşir və getdikcə güclənən sürüşmə kənd sakinlərinin həyatını təhlükə altına alıb. Sakinlər il yarımdır köçürülmələri üçün aidiyyatı orqanlara müraciət etsələr də, hələlik heç bir cavab almayıblar. Muğanlı camaatı narahatdır ki, hökumətdən bir xəbər çıxana qədər kənd tamam bata və insan tələfatına səbəb ola bilər.