“Sadəcə ortaq bir ismarıc, mövqe kifayət deyil. Ortaq hərəkət planını da razılaşdırmaq lazımdır”
Dünya ictimaiyyəti Suriya məsələsində həll yolunu tapmaq üçün birgə hərəkət etməlidir. Bunu Avstriyada səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Avstriyalı həmkarı Mixale Şpindeleqqerlə birgə mətbuat konfransında çıxış edən Davudoğlu bildirib ki, Türkiyə Tunislə başlayan, Misir, Liviya və Yəməndə davam edən və bu gün də Suriyada müşahidə edilən ərəb xalqlarının haqlı tələblərini həmişə dəstəkləyib. Türkiyənin xarici işlər naziri qeyd edib ki, dünya ictimaiyyəti aprelin 1-də İstanbulda keçiriləcək “Suriyanın dostları” konfransında yekdil bir səslə Suriya xalqını dəstəkləməlidir.
“Sadəcə ortaq bir ismarıc çatdırmaq, yaxud da ortaq bir mövqe formalaşdırmaq kifayət deyil. Ortaq bir hərəkət planını da razılaşdırmaq lazımdır. Amma, təbii ki, hər şeydən əvvəl, dünya ictimaiyyətinin hamısı, xüsusən də, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün ortaq bir ismarıcının olması lazımdır. Təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının fevral ayındakı iclasında Təhlükəsizlik Şurası ortaq bir qərarda razılaşmadı və Rusiya ilə Çin veto qoydu” – deyə Türkiyənin xarici işlər naziri bildirib.
Əhməd Davudoğlu həmçinin bildirib ki, Ərəb Ölkələri Liqasının bütün təşəbbüslərinə baxmayaraq, Dəməşqdə, Homsda, İdlibdə böyük faciələr yaşanır və son statistikaya görə, Türkiyəyə 17 min suriyalı qaçqın sığınıb. “Təəssüf ki, dünya ictimaiyyəti ortada olan bəşəriyyət faciəsinə reaksiya verməkdə çox gecikib. İndi də Suriya rəhbərliyi vaxt qazanmaqdadır. Dünya ictimaiyyəti axan qanı durdurmaq üçün Suriya hökumətinə güclü bir ismarıc göndərməlidir” – Davuoğlu belə deyib (ans press).