Fransanın Tuluza şəhərində 7 nəfəri qətlə yetirən ərəb əsilli Fransa vətəndaşı Məhəmməd Merah mühasirəyə alınandan 32 saat sonra həyata keçirilən əməliyyat nəticəsində öldürülüb. “France Press” agentliyinin Tuluza polisinə istinadən verdiyi məlumata görə, polis əməkdaşları 23 yaşlı Məhəmməd Merahın gizləndiyi evə daxil olub, bir müddət atışma və partlayış səsləri gəldikdən sonra terrorçu zərərsizləşdirilib. Əməliyyat zamanı 3 polis əməkdaşı da yaralanıb.
***
Martın 19-da Fransanın Tuluza şəhərində 7 nəfəri öldürən Əlcəzair əsilli Məhəmməd Merah artıq 20 saatdan çoxdur ki, sığındığı evdə mühasirədədir. Lakin o, hələ də təslim olmaqdan imtina edir.
Xarici KİV-in verdiyi son məlumatlara görə, Fransa polisi terrorçunun sığındığı ərazini tamamilə təcrid edib. Ora jurnalistlərin və kənar şəxslərin gedişi yasaqlanıb. Bununla belə, əməliyyatla bağlı məlumatlar daxil olur.
Məlumatlara görə, polis təslim olması üçün Məhəmməd Merahla aparılan danışıqların nəticə vermədiyini görəndən sonra martın 21-i axşam saatlarından etibarən qətiyyətli addımlar atmağa başlayıb. Merahın olduğu evin yaxınlığında ona psixoloji təzyiq göstərmək üçün 3 güclü səs bombası partladılıb.
Bəzi məlumatlarda Merahı ələ keçirmək üçün evə hücum başladığı deyilsə də, sonradan bu, təsdiqlənməyib. Son məlumatlara görə, xüsusi təyinatlılar evə hücuma hazır vəziyyətdədir və əmri gözləyir.
Fransa hökuməti əvvəldən bəyan edib ki, terrorçu sağ tutulmalıdır. Bildirilir ki, xüsusi təyinatlıların onu bu qədər səbrlə mühasirədə saxlaması və hücuma ehtiyatla yanaşması bununla bağlıdır.
Fransanın daxili işlər naziri Klod Qean yerli telekanallardan birinə deyib ki, Məhəmməd Merahın məqsədi hərbçiləri öldürmək olub. Lakin o, uyğun hədəf tapmadığından yəhudi məktəbinə gedərək burada qətllər törədib.
***
Fransa polisi ölkənin cənubundakı Tuluza şəhərində bir neçə gün əvvəl yəhudi məktəbinin atəşə tutulmasında şübhəli bilinən şəxsin gizləndiyi evi mühasirəyə alıb. Beş mərtəbəli binadan insanlar çıxarılıb. Binanın qazı və işığı kəsilib.
Əməliyyata şəxsən rəhbərlik edən Fransanın daxili işlər naziri Klod Qeanın verdiyi məlumata görə, Əlcəzair mənşəli Fransa vətəndaşı olan 24 yaşlı Məhəmməd Merahın “Əl-Qaidə” ilə əlaqəsi var. Onun anası, qardaşı və qardaşının arvadı artıq saxlanılıb. Onun gizləndiyi evin yerini qardaşının istifadə etdiyi kompyuterinin IP ünvanı ilə tapmaq mümkün olub.
Məhəmməd Merahın Fransada bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. 2008-ci ildə isə Əfqanıstanın Qəndəhar şəhərində üzərində partlayıcı maddələr üçün ləvazimatlar tapıldığına görə 3 il həbs cəzasına məhkum edilib. Ancaq o, Taliban döyüşçülərinin həbsxanaya hücumu zamanı oradan qaçanlar arasında olub.
Məhəmməd Merah Yaxın Şərqdə öldürülən fələstinli uşaqların qisasını almaq istədiyini və Fransa hərbi qüvvələrinin NATO missiyalarında, xüsusən də Əfqanıstanda əməliyyatlarda iştirakına qəzəbli olduğunu deyib.
***
Fransada anti-terror səfərbərliyi
Ölkənin bütün hüquq-mühafizə sistemi yəhudi məktəbinə hücum edənin axtarışına başlayıb
Fransanın Tuluza şəhərində yəhudi məktəbinə silahlı hücumdan sonra ölkənin cənubunda yüksək həyəcan elan olunub və anti-terror əməliyyatlarına start verilib. Regionda 3 uşağı və bir müəllimi qətlə yetirən cinayətkarın axtarışına başlanıb. Tuluza şəhərinin yəhudi icmasının nümayəndəsi Nikol Yardeni müşahidə kameralarının görüntüsünü izləyərək deyib ki, atəş açan şəxs sakit və normal görünüb.
İstintaqçıların fikrincə, bu silahlı insidentlə Tuluzada bir həftə əvvəl törədilmiş qətl eyni silahdan həyata keçirilib. Fransa polisi həmçinin Parisdə iki sinaqoqa hədələyici məktub göndərilməsi faktı üzrə araşdırmaya başlayıb.
İnsidentlə əlaqədar prezident seçkiləriylə bağlı kampaniya müvəqqəti dayandırılıb.
azadlıq.info