Dəvə icra başçısına tüpürüb

Bərdədə Novruz şənliyi qəribə olayla yadda qalıb

Bərdədən heyrətamiz xəbər almışıq. Yerli mənbələr deyir ki, artıq neçə gündür bütün rayon əhli Bərdənin mərkəzində keçirilən Novruz şənliyində baş vermiş bu qəribə olaydan danışır.
Belə ki, martın 19-da Bərdənin mərkəzindəki stadionda Novruz şənliyi təşkil olunub. Şənlikdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və rayonun başqa məsul şəxsləri də iştirak edib. Lakin rayon rəhbərliyi el şənliyindən yaxşı mənzərə ilə ayrılmayıb.  Şənliyə gətirilmiş dəvələrdən biri “mədəniyyətsizlik edərək” icra başçısı və yanındakılara tərəf  tüpürüb.
Rayondan verilən xəbərə görə, Novruz şənliyində bəzədilmiş dəvələrdən istifadəni icra başçısı maraqla qarşılayıb və bir müddət heyvanlara yaxın məsafədə durub. Qəfildən dəvələrdən biri başını çevirib və icra başçısı ilə onun yanındakılara tərəf tüpürüb. İcra başçısının “əsabəsi” bu durumdan özlərini itirib və ani çaşqınlıq yaranıb. Amma sonradan şənlikdəki mühiti gərginləşdirmədən icra başçısı və ətrafındakılar oradan uzaqlaşıb.

azadlıq.info