Təhsil bosslarına xəbərdarlıq edildi

Misir Mərdanovla Məleykə Abbaszadə Prezident Administrasiyasına çağırıldı

Bu günlərdə təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə Prezident Administrasiyasına (PA) çağırılıb. Bildirilir ki, buna səbəb Misir Mərdanovun hər yerdə Məleykə Abbaszadədən şikayət etməsi olub. Təhsil naziri deyirmiş ki, TQDK sədri ictimaiyyət arasında onun barəsində mənfi rəy yaratmaqla məşğuldur. Nəticədə zərbə bütövlükdə hakimiyyətə dəyir. Məlumata görə, hər iki təhsil bossu PA-da yüksək səviyyədə qəbul olunublar. Lakin onları qəbul edən şəxs PA rəhbəri Ramiz Mehdiyev deyil. Misir Mərdanovla Məleykə Abbaszadəyə xəbərdarlıq edilib ki, aralarındakı problemi ictimailəşdirmədən həll etsinlər. Onlara mətbuatda bir-birlərinə qarşı hücuma keçmək qəti qadağan edilib. Bundan sonra Misir Mərdanovla Məleykə Abbaszadə birgə işləmək məcburiyyətində qalıb. Təhsil Nazirliyi ilə TQDK-nın dərsliklərlə bağlı birgə yaratdığı komissiya da bunun təzahürüdür. Lakin ekspertlər bildirir ki, nazirlə komitə sədri uzun müddət birgə çalışa bilməyəcəklər. Çünki aralarındakı ziddiyyətlər artıq əndazəni aşıb. Və bu, artıq  Misir Mərdanov-Məleykə Abbaszadə problemi deyil. Təhsil naziri arasındakı ziddiyyətlər geniş mənada hökumətdaxili qrupların qarşıdurmasıdır. Bu baxımdan qısa müddətdə Misir Mərdanovla Məleykə Abbaszadənin yenidən bir-birlərini ittiham etməsi gözləniləndir.    

Informasiya şöbəsi