Rəssam işi teatr uğurunun yarısıdır…
Hər hansı teatr tamaşasının təsirli və yaddaqalan olmasında bədii tərtibatın – rəssam işinin də öz yeri var. Ötən əsrin əvvəllərində teatr-dekorasiya sənətinin inkişafında və təşəkkül tapmasında xalq rəssamı Bədurə Əfqanlının xüsusi əməyi olub. Azərbaycanın ilk teatr rəssamlarından olan Bədurə xanım Məlikağa qızı tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında və milli koloritlə zənginləşməsində dəyərli işlər görüb. O həm də ilk azərbaycanlı qadın teatr rəssamıdır.
Bədurə Əfqanlı Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından və geniş dünyagörüşlü şəxsiyyətlərindən olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurədə də kiçik yaşlarından incəsənətə böyük maraq vardı. Onlar yayda bütün ailə ilə Novxanıdakı bağ evlərində dincələrdilər. Bədurənin təbiətə, rənglər aləminə marağı da elə dəniz kənarında dalğalara, qağayılara diqqət kəsildiyi vaxtlardan başladı. Ilk “teatrı” da Novxanıda görmüşdü Bədurə xanım. O, dini mərasimlərdə şəbih çıxaran insanlara maraqla baxardı. Eləcə də milli bayramlarda, el şənliklərində, kənddə düzənlənən mərasimlərdə iştirak edər və bütün bunlar da Bədurənin yaddaşında dərin iz salardı. Sonralar orta məktəbdə oxuduğu illərdə dəftərinə çəkdiyi rəsmlərlə müəlliminin diqqətini cəlb edərdi. Əvvəlcə pedaqoji məktəbdə oxusa da, həvəsi onu rəssamlıq dünyasına çəkdi. Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olan gənc qız dünya incəsənət tarixini öyrənməyə böyük həvəs göstərdi. Sonralar müxtəlif şəhərlərdə – Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərini dolaşdı. Gördükləri fikirlərini bir istiqamətə yönəltmişdi. Bütün bunlar da onun fikrini qətiləşdirdi – teatr rəssamı olmalıdır! Diplom işinin mövzusu V.Şekspirin “Otello” faciəsi idi. Çəkdiyi eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onu həm təkrarçılıqdan uzaqlaşdırdı, həm də özünəməxsus bir diplomçu kimi fərqləndirdi.
90 il ömür sürmüş Bədurə Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb. 1930-cu ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu “Qaçaq Kərəm” tamaşasının bədii tərtibatı da məhz Bədurə Əfqanlıya məxsusdur. Uzun illər Rza Əfqanlı ilə birlikdə uğurlu tamaşaların səhnə həyatına ömür verdilər. Onların birgə hazırladığı tamaşalardan “Şeyx Sənan” faciəsi, “Aşıq Qərib” operası, “1905-ci ildə” və “Sevil” pyesləri haqqında o dövrün mətbuatında maraqlı fikirlər var. Sonralar bir müddət Aşqabadda çalışsalar da, yenidən Bakıya qayıdan ailə öz yaradıcılıq işlərini doğma şəhərdə davam etdirib. 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət edilən Bədurə xanım burada uzun müddət rəssam kimi çalışıb.
“Müsibəti-Fəxrəddin”dən “Leyli və Məcnun”a qədər…
Ilk işi 1940-cı ildə rəssam Əsgər Abbasovla “Müsibəti-Fəxrəddin” (Nəcəf bəy Vəzirov) tamaşasına verdikləri tərtibat olub. Bundan sonra Süleyman Sani Axundovun “Eşq və intiqam” (1943), Vilyam Şekspirin “Otello” (1949 və 1959-cu il quruluşları), Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Köhnə duman”, Boris Lavrenyovun “Amerikanın səsi” (1950), Cəfər Cabbarlının “Od gəlini”, Hüseyn Muxtarovun “Ailə namusu” (1951), Karlo Haldoninin “Məzəli hadisə”, Vadim Sobkonun “Ikinci cəbhə arxasında (1952)”, Nazim Hikmətin “Türkiyədə” (1953), Maksim Qorkinin “Vassa Jeleznova” (1954) və s. əsərlərinin tamaşaya hazırlanmasında tərtibatçı rəssam kimi çalışıb.
Bədurə xanım Milli Dram Teatrında oynanan Cəfər Cabbarlının “Aydın”, Məmmədhüseyn Təhmasibin “Bahar” (1940), “Aslan yatağı”, Mirzə Ibrahimovun “Məhəbbət” (1942), Zeynal Xəlilin “Qatır Məmməd”, Səməd Vurğunun “Insan” (1945), Leonid Malyuginin “Köhnə dostlar”, Ilyas Əfəndiyevin “Işıqlı yollar” (1947), “Bahar suları” (1948), Cəfər Cabbarlının “Solğun çiçəklər”, Tur qardaşlarının “Bir evin sirri”, Lope de Veqanın “Rəqs müəllimi” (1949), Aleksandr Şirvanzadənin
“Namus” (1952) tamaşalarında geyim eskizlərini çəkib. Opera və Balet Teatrında “Sevil” (Fikrət Əmirov), “Leyli və Məcnun” (Üzeyir bəy Hacıbəyov) operalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında “Vaqif” və “Aydın” tamaşalarının
geyim eskizləri də Bədurə Əfqanlınındır. Rəssamlıq sənətində qazandığı nailiyyətlərə görə Bədurə Əfqanlıya “Əməkdar incəsənət xadimi” (21 iyul 1949) və “Xalq rəssamı” (1 iyun 1974) fəxri adları verilib. Onun işləri emosional zərifliyi, lirizm aşılanmış şuxluğu, poetik təravəti ilə seçilib. Incə tapıntıları ilə milli qadın geyimlərinə cazibəli yeniliklər gətirib. Sadə, ancaq dərin məzmunlu kompozisiya qurmaqda, səhnə tərtibatındakı bütün detalları tamaşanın obrazı ilə əlaqələndirməkdə xüsusi bacarıq və səriştəsi var.
Bu rəssamın ən müsbət cəhətlərindən biri də bu idi ki, o, heç vaxt rəssam fırçasına, istedadına arxayın olmazdı. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, geyim tərzini dəqiqliklə araşdırardı. Bu səbəbdən də onun tamaşalara verdiyi tərtibat həm sadəliyi, həm ciddiliyi, həm də əsərin mövzusu ilə həmahəng olmasıyla seçilirdi. Xüsusilə də, Cəfər Cabbarlının pyeslərinə hazırladığı dekorasiyalar, eskizlər bu tamaşaların uğurlu alınmasında böyük rol oynadı. Ikinci dünya müharibəsi illərində və sonra teatrlarda qoyulan tamaşaların, demək olar ki, əksəriyyətinə bədii tərtibat Bədurə Əfqanlı tərəfindən verilirdi. O, çox istedadlı quruluşçu rəssam idi. Eskizləri, bədii tərtibat verdiyi əsərlər başqa rəssamlar üçün bir məktəb sayılırdı. O, zahiri effektləri, geyimləri elə seçirdi ki, təqdim olunan əsərin məzmunu təbii surətdə açılsın.
Tamaşaçını rənglərlə sehrləyən adam…
Dekorasiyalar, bir növ, tamaşanın şərh edilməsində böyük rol oynayırdı. Mütəxəssislər həmişə bu fikri təsdiqləyirdilər ki, Bədurə xanımda bir rəssam kimi əsl sənət əsəri yaratmaq üçün lazım olan bütün komponentlər – istedad, əməksevərlik, axtarış həvəsi, professional yetkinlik var idi. Bəlkə də elə bu səbəbdəndir ki, onun quruluşçu rəssamı olduğu tamaşalar həmişə monumental xarakter daşıyırdı. Rənglərin çalarlarından məharətlə istifadə edərək teatr estetikasının daha da zənginləşməsinə nail ola bilirdi. Onun bədii tərtibatı səhnələşdirilən pyesin ideyasını açmaqda rejissora kömək edirdi. Bu səbəbdən də həm rejissorlar, həm də dramaturqlar Bədurə xanımla işləməyi çox sevərdilər. Rənglər vasitəsilə tamaşaçıda xoş ovqat yarada bilirdi.
Bədurə Əfqanlı yaradıcılığının tədqiqatçısı sənətşünas Dilarə Səfərəliyeva yazırdı: “Bədurə Əfqanlı gözəl geyim eskizlərində hər bir əsərin ideyasının xarakterinə dərindən nüfuz etmək nümunəsi göstərmişdir”.
O, təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərərək müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkərdi. Bu filmlərə indi də maraqla baxılır: “Koroğlu”, “Leyli və Məcnun”, “Böyük dayaq”, “Dəli Kür”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd” və s.
Bədurə Əfqanlının yaradıcılığından danışarkən onun müxtəlif ansambllar və ifaçılar üçün hazırladığı geyimlərdən söz açmamaq olmur. Onun həm fərdi sərgiləri keçirilir, həm də eskizləri əsasında geyinən ifaçılar bütün planeti dolaşardılar. Unudulmaz Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi həmişə Bədurə xanımın məsləhət gördüyü geyimlər əsasında konsert tamaşalarına gedərdi. Xüsusən rəqs kollektivləri həm milli rəqslərimizi, həm də geyimlərimizi nümayiş etdirirdilər. Bədurə Əfqanlı yaradıcılığı, sözün əsl mənasında, məktəb idi. Bu məktəbin dərsləri indi də davam edir…
Ilk azərbaycanlı qadın teatr rəssamımız Bədurə Əfqanlı 2002-ci il mayın 7-də dünyasını dəyişib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir