Fəal vətəndaş mövqeyi göstərməyin qadağan edildiyi ölkədə insan dramı…
O, ömrünün 7 ilə yaxın ən qaynar hissəsini soyuq həbsxana divarları arasında keçirdi. Onu həbsə avrotitar rejimə qarşı cəsur və sərt davranışı apardı. Gəncliyə xas bir səhv o həbs üçün sadəcə bəhanəydi. Həbsinin səbəbini isə o, dəmir barmaqlıqlar arxasından dəqiq ifadə etmişdi: “Mən gəncləri barlardan çıxarıb rejimlə mübarizə meydanlarına səslədiyim üçün burdayam”. Bu gün ondan – Ruslan Bəşirlidən yazacağam.
***
Ruslanın həbsi zamanı yaranan ajiotaj çoxdan ötüb keçib. Həbsin motivləri barədə dövlət təbliğatının tezislərinə inananlar indi baramaqla sayılacaq qədər azdır. Hamı bu gəncin şərləndiyinin fərqindədir. O zaman Ruslanın şərlənməsinə loyal yanaşanların, Lider TV-yə çıxıb onu yamanlayanların əksəri özləri şərə düçar oldular. Məsələn, onlardan ikisinin adı sizin üçün maraqlı olar, politoloq Rövşən Novruzoğlu (2007-ci ildə 4 il həbs cəzası aldı), o biri “Xural” qəzetin baş redaktoru dostum Əvəz Zeynallıdır.
***
Ictimai-siyasi proseslərə Ruslanla eyni vaxtda qoşulmuşam. 1997-ci ildə ikimiz də BDU-nun tələbəsi kimi AXCP-yə yazıldıq, təxminən eyni vaxtlarda mediada yazmağa başladıq və s. Ruslan hər zaman çılğın və qorxmaz xarakteri ilə tanınıb. Indi dəbdə olan ifadə ilə desək, hiperaktiv gənclərdən olub. Təşkilati bacarığı, inandığı ideyaya bağlılığına da heç zaman şübhə yaratmayıb.
2005-ci ildə o, gənclər hərəkatının ən populyar təşkilatını – “Yeni Fikir”i qurdu. “Yeni Fikir” ətrafında gəncliyin sürətlə təmərküzləşməsi və bu təşkilatın heç bir manipulyasiyalara getməyərək hakimiyyətin yalan və talanına qarşı prinsipial mövqe sərgiləməsi tezliklə onu hədəfə döndərdi. Ruslan Bəşirli elə həftə olmadı ki, polisə çağırılmasın, döyülməsin, həbs olunmasın. Sonda hamının şahidlik etdiyi hadisə baş verdi. Onu tutdular.
***
“Niyə məhz Ruslanı” sualı o vaxt verilə bilərdi, ancaq indi çətin. Çünki ötən bu illər göstərdi ki, hakimiyyətin siyasi terroru ilə o adamlar, o təşkilatlar rastlaşır ki, onlar “onluğa vurur”. Siyasi həbslərə, təzyiqlərə dolasıyı ilə bəraət verən arqumentlər artıq dəfn olunub. Ötən 6-7 il sübut etdi ki, hakimiyyət qorxduğu, çəkindiyi opponentlərini, tənqidçilərini onların intellektual imkanlarından, istedadından, nə qədər ehtiyatlı olmasından asılı olmayaraq şərləyə, həbs edə bilir. Ruslanın həbsinə bəhanə olan hadisə də, məhkəmədə də göründü, cinayət yoxdur, orda ancaq səhvdən söhbət edə bilər. Bəli, səhv vardı, ancaq bu səhvə görə Ruslan öz dostları, çiyindaşları qarşısında məsuliyyət daşıyırdı, xirtdəyəcən cinayət içində olan kriminal və korrupsiyaçı rejim qarşısında yox. Və hər hansı bir səhvə görə insanı 7 il azadlıqdan məhrum etmək özü ən böyük cinayət idi.
***
Ruslanın həbsi onunla bərabər ona yaxın siyasi partiyanı – AXCP-ni sərt sınaqlardan keçirdi. Partiyanın Xaqani 33-dəki qərargahı 17 gün sanki düşmən mühasirəsində qaldı. Hər gün müxtəlif “zəhmətkeş dəstələri” qərargah önündə aksiyalar keçirir, partiya pressinq altında saxlanılır, hakim düşərgənin bütün KIV-nin materallarında iki-üç söz əsas mətnləri “bəzəyir” – “Ruslan Bəşirli”, “AXCP” və “xalq düşmənləri”. “Ruslan olayından” istifadə edərək AXCP-nin bağlanılmasını da gündəmə gətirənlər vardı.
Şiddətli təzyiqlər qarşısında AXCP bir addım da geri durmadı. Hətta o zaman parlament seçkiləri uğrunda mübarizədə AXCP-nin birgə olduğu qurumlardan belə “bu yükdən azad olun, onu müdafiədən imtina edin” mesajları da gəldi. Indi Ruslanın müdafiəsinin yaxşı təşkil olunmadığını deyənlərə də bəzi xatırlatma etmək vacibdir.
Yuxarıda qeyd etdik, dostları Ruslanın müdafiəsində ilk gündən heç bir tərəddüd etməyib. Nə qədər çətin olsa da ən müxtəlif polemikalarda Ruslan müdafiə olunub. “Azadlıq” blokunun çoxminli mitinqlərinin birində onun müdafiəsinə xüsusi diqqət ayrılıb.
Ruslan Bəşirlinin hüquqi müdafiəsi üçün də lazımi işlər görülüb. Onun işi hazırda Avropa Məhkəməsində kommunikasiya mərhələsindədir.
Ruslan Bəşirli hər gün “Azadlıq” qəzetinin səhifəsində olub. O, siyasi təbdirlərin hamısında istisnasız olaraq xatırlanıb.
Onun barəsində Avropa Birliyi parlamentinin “dərhal azadlığa burxılsın” tələbli 2 qətnaməsi müdafiəsizlikdən çıxarılmayıb.
Ruslan Bəşirlinin adı siyasi məhbus kimi Avropa Şurasının Azərbaycanla bağlı bütün qətnamələrində də sistemli iş nəticəsində keçib. Ancaq nə edəsən, mütərəqqi dünyanın və ictimaiyyətin çağırışını Ilham Əliyev bu illərdə qulaqardına vurdu. Buna görə “müdafiənin zəifliyinə” yox, siyasi rejimin humanizmdən və qanunlardan nə qədər uzaq düşməsinə diqqət çəkmək lazımdır.
***
Ruslan həbsdən çıxan kimi siyasi proseslərdə olmayacağını bəyan etdi. Deməsinə görə, belə bir qərara 4 il əvvəl gəlib. “Ruslan fenomeni” ilə bağlı əsl qıfıl da burdadır. Ruslanın həyata baxışı həbs zamanı dəyişə bilər və bu çox təbiidir, “çöl” ki dəyişməyib. Azərbaycan Ruslan həbsə girdiyi vaxtdan daha da zəlil günə qoyulub, korrupsiya, insan haqlarının tapdanması pikə çatıb, siyasi məhbuslar artıb və s. Ancaq Ruslan daha bu haqsızlıqlarla mübarizədə özünü siyasətdə görmür. Buna görə onu qınamaq olarmı? Adamın yadına Isa Məsihin “birinci daşı kim atar” fikirləri düşür.
Əlbəttə, Ruslanın siyasi arenaya qayıdıb mübarizəsini qaldığı yerdən davam etdirməsinə gözləntilər var idi. Lakin qərar artıq verilib, bu da onun haqqıdır. Burda biz hadisənin daha dərin qatına gedib Azərbaycan hakimiyyətinin qəddar xislətini açmalıyıq.
Vətəndaşların siyasətlə maraqlanmağını istəmədiyi Ilham Əliyevin çıxışlarında açıq şəkildə dəfələrlə ifadə olunub. Ruslanın əfv ərizəsi olmasaydı belə, o çıxış “siyasətdən getdim” deməsi, onun rejimin repressiya siyasətinin təkrar qurbanı sayılmasına bəs edirdi.
Ölkə vətəndaşlarının aktiv ictimai-siyasi mövqe tutması bu ölkədə qeyri-rəsmi qadağan edilib. Ruslanın içəri düşməsində də, “çölə” çıxmasında da səbəb budur. Bir daha bəyan olunmalıdır ki, ölkədə həqiqətləri deyən dillərin lal olması üçün dövlət səviyyəsində repressiya aparılır; aktiv vətəndaş mövqeli insanlar günahsız yerə həbsə salınır və orda da onlarla məhbus kimi yox, əsir kimi davranılır.
***
Ruslan şərə təslim olmayıb. Mən onu bu uzun illərdə tanıya bilmişəmsə, qənaətimdə yanılmayacam. O, minlərlə başqa azərbaycanlı kimi həyatını yaşayacaq, bəlkə də jurnalistlik edəcək, bəlkə də ticarətə gedəcək. O, az iş görməyib, hamı onun etdikləri qədər etsəydi, çoxdan Azərbaycanı dəyişə bilərdik. Məni daha çox ağrıdan Ruslanın əfv ərizəsindən istifadə edib, AXCP-nin uzun illərdir avtoritarizmlə aparadığı mübarizəyə qara yaxmaq istəyənlərin davranışıdır. Bir daha əminliyimi bildirmək istəyirəm, Ruslan satılmayıb, lakin məsələni lap tünd rənglə ifadə etmək üçün hesab edək ki, o, qarşı düşərgəyə keçib və ya əsir götürülüb.
Döyüşən bir ordunun, düşünün, bir tağım komandirinin cəbhə dəyişməsinə, düşmənə əsir düşməsinə görə yerdə qalanları qınamağa, onların mübarizəsinə qara yaxmağa əsas ola bilməz. AXCP sıralarında ən çox siyasi məhbus olan partiyalardandır. Yaranışından bəri bu partiyanın bir gün də siyasi məhbussuz zamanı olmayıb. Bu partiyanın rəhbərliyində 9 illik həbsdən sonra prezident sərəncamı ilə azadlığa çıxarkən “ölkə başçısına bu addım üçün təşəkkür edərsizmi” soruşularkən “azadlığa bunun qarşılığında çıxmışamsa, yenidən məhbəsə qayıtmağa hazıram” deyən Asəf Quliyev və onun kimi onlarla insan var. Buna görə mübarizənin ən ön xəttində əmək verən bir partiyanı tənqid edənlər “Qeyserin haqqını Qeysərə, Tanrınınkını isə Tanrıya verməyi” bacarmalıdırlar.
Natiq Güləhmədoğlu