Gənclərin aksiyasına münasibət də ənənəvi oldu. Bunları ancaq bir məsələ maraqlandırır: müxalifət güclüdür, yoxsa zəif? Aksiyada nə deyildi, nələrin üzərində dayanıldı və gənclər hansı tələbləri irəli sürdülər – bütün bunların fərqində deyillər, maraqlanmırlar. Məntiqləri sadədir. Əgər müxalifət zəifdir və etiraz edənlər azdırsa, deməli, korrupsiyanı davam etdirmək, rüşvətə tam yaşıl işıq yandırmaq, Qarabağ probleminin həllini sonsuzluğa qədər uzadıb insanları bezdirmək, nəsilləri Qarabağ həsrətilə öldürmək, seçki saxtakarlığı etmək olar!
Həqiqətən də qəribə məntiqdir. Mən burada kiçik bir detalı qeyd etmək istəyirəm. Demokratiya tək ona görə olmur ki, milyonlarla insan onun keşiyində dayanır və minlərlə insan hər an onun uğrunda ölməyə hazırdır, o həm də ona görə olur ki, bu, bir mədəniyyətdir. Mədəni insan başqasının da fikrinə diqqətli olur, onun bu fikri ifadə etməsi üçün şərait yaradır. Təbii, bir detalı mən də etiraf etmək məcburiyyətindəyəm – təəssüf ki, etiraz edən və tələb irəli sürən kəsim çoxluq təşkil etmir, böyük əksriyyət totalitar rejimin süqutundan sonra yaranmış nisbi sərbəstliyə qane olur, onu elə azadlıq tək də qəbul edir. Bəli, avtoritar rejim dövlətlə fərd və cəmiyyət arasında kövrək arakəsmə yaradır, bu da çoxunda avtonomluq və azadlıq görüntüsü yaradır. Ona görə də mən hesab etmirəm ki, bu ölkədə heç olmasa çoxluq azaddır, o azad olsaydı mən ölkədə liberal dəyərlərin kasadlığından, liberal ənənələrin zəifliyindən yazardım. Amma burada fəlsəfi bir sual yaranır. Çoxluq bir cəmiyyət və fərd olaraq azadlıq istəmirsə, onu tələb etmirsə insanları bu cür avtoritar rejimdə yaşamağa məcbur etmək olarmı? Dünyada elə azlıqlar tanyıram ki, onlar heç vaxt çoxluq olmayacaqlar. Amma onlar çoxluqdan öz azadlıq və hüquqlarını alıblar. Onlarla belə misal sadalamaq olar. Ona görə də hətta biz azlıqda olsaq belə bu, o demək deyil ki, bizim hüquq və azadlıq problemimiz həll olunmamalıdır. Bəli, bu gün orta statistik azərbaycanlı elə hesab edir ki, o, azaddır: istədiyi evi tikə bilər, heç kim ondan sovetlər vaxtı olduğu kimi filan materialı haradan almısan soruşmaz, o, istənilən musiqiyə qulaq asa bilər, ürəyi istədiyi dinə etiqad edə bilər! Amma adi vətəndaş heç düşünmür ki, hüquqlar arasında istədiyin şəxsə səs vermək, maraqlandığın məlumatı almaq, hökumətin işilə maraqlanmaq və ona nəzarət etmək hüquq və haqqı da var. Ona görə də mən biz azərbaycanlılara daha çox təbəə kimi baxıram, biz vətəndaşlıqdan hələ uzağıq, çünki vətəndaşlıq ictimai və siyasi həyatda iştirakı nəzərdə tutur, Azərbaycanda isə belə iştirak yoxdur. Elə bu səbəbdən də azad cəmiyyətə yol vətəndaş haqlarının təsdiqindən keçir.
Bir məsələni də qeyd etmək istərdim. Bu ölkədə hüquq terminini işlətmək də o qədər də reallığı əks etdirmir, çünki burada daha çox qayda və reqlamentlər haqqında danışmaq doğrudur. Azərbaycanda hüquqi dövlətin olduğunu və burada hüququn aliliyinin təsbit olunduğunu iddia etmək onun nüvə dövləti olduğunu iddia etmək qədər absurddur. Politologiya hakimiyyətin üç forma və quruluşunu verir: xarizmatik, ənənəvi və bir də rasional-leqal. Mən ölkəni daha çox bu üç modelin kobud sintezi, qarışığı kimi görürəm.
Siyasət və əxlaq
Mən bu sətirləri yazanda Almaniyadakı prezident seçkisi haqda danışırdılar.
Əvvəlki prezident rüşvət ittihamı ilə üzləşdiyinə görə istefa verməli oldu. Bu çox maraqlı detaldır. Milyonlar küçəyə tökülmədi, barrikadalar qurulmadı və prezidentin istefasını tələb edən böyük aksiyalar keçirilmədi. Sadəcə, ona o ittiham irəli sürüldü və o da belə hesab etdi ki, cəmiyyətin ona etimadı artıq azalıb, elə bu səbəbdən də istefa verdi. Bu, mənim yazımın əvvəlində qeyd etdiyim siyasi fəlsəfənin təzahürüdür. Bəs bizdə nə deyirlər? Minlərlə insan küçələrə tökülüb inqilab etmirsə, deməli, rüşvət də almaq olar, lap elə korrupsiya ilə məşğul olmaq da! Amma Qərbdə belə düşünmürlər. Oralarda heç də hər şey kəmiyyətlə ölçülmür, çünki əsrlərlə formalaşmış bir əxlaq və davranış norması, ləyaqətli vətəndaş anlayışı var.

Biz vətəndaşıqmı?
•