AXCP sədrinin xalqa bayram təbriki

AXCP sədri Əli Kərimli Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlərim!
Sizi Azərbaycan xalqının və böyük coğrafiyamızın bütün xalqlarının ortaq mədəni dəyəri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, Novruz bayramı təbiətdə baharın gəlişini, insanın bioloji həyatında canlanmanı simvolizə etdiyi kimi, Azərbaycan xalqının ictimai-siyasi həyatında da yeniliyin və fəallığın simvolu olsun. Ona görə də qarşıdan gələn baharın hər birimizin həyatında xoşbəxtliyə, daha gözəl gələcəyə keçid olmasını diləyir və bütün həyatınızda bahar canlanması arzulayıram. Ümid edirəm ki, Azərbaycan xalqının öz dəyərləri və haqları uğrunda mübarizəsi bəhrəsini verəcək, bu mübarizə özünün məhsuldar və ardıcıl bir dövrünə qədəm qoyacaqdır.
Əziz həmvətənlərim!
Bir daha sizi bu müqəddəs və dəyərli bayram münasibətilə təbrik edir, dövlətimizə və xalqımıza firavanlıq arzulayıram!
Bahar bayramınız mübarək!