Vicdan məhbusu anasıyla görüşmək üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edib
Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılı saxlanıldığı cəzaçəkmə müəssisəsinin müdiriyyətinə müraciət edərək, anası ilə görüşünə şərait yaradılmasını xahiş edib. Vicdan məhbusu ilə son telefon danışığında anası ona vəziyyətinin çox pis olduğunu deyib, bu səbəbdən onu görmək istədiyini bildirib. Oğlundan xahiş edib ki, mümkün olsa, onunla görüşmək üçün həbsxana müdiriyyətindən icazə alsın.
Arif Hacılı anası ilə telefon danışığından sonra bu xahişlə cəzaçəkmə müəssisəsinin müdiriyyətinə müraciət edib. Amma müraciətə necə cavab verildiyi hələlik məlum deyil.
Bu cür müraciətin qanuniliyi və onun təmin olunmasının mümkünlüyü ilə bağlı məsələyə Avropa Məhkəməsində Arif Hacılının hüquqlarını müdafiə edən vəkil, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev aydınlıq gətirib.
Intiqam Əliyev bildirib ki, Cəzaların Icrası Məcəlləsi buna imkan verir. Məcəlləyə əsasən, ağır cinayət törətməyən məhkumlara onların yaxın qohumlarının ölümü, yaxud həyatı üçün təhlükə yaradan ağır xəstəliyilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və ya digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) 7 günlük səfərə getməsinə icazə verilə bilər. Məhkumun qısamüddətli səfər haqda ərizəsinə təxirə salınmadan baxılmalıdır. Əgər qısamüddətli səfərə icazə verilmirsə, bu, hökmən əsaslandırılmalıdır.
Intiqam Əliyev onu da əlavə edib ki, Arif Hacılının anası həbsdəki övladı ilə görüşünə icazə verilməsinə bəraət qazandıracaq kritik durumdadır. Hüquqşünas ümid edir ki, heç olmasa, bu cür həssas məsələdə Arif Hacılıya qarşı növbəti dəfə qərəzlilik nümayiş etdirilməyəcək və onun bu haqqı təmin olunacaq.
Aytən


