Jurnalistə qarşı çirkin kampaniya Britaniya mediasında

“The İndependet” Xədicə İsmayılın şantaj olunmasından yazdı

“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın şantaj olunması və bundan sonra üzləşdiyi çirkin kampaniya dünyanın aparıcı KİV-nin diqqətindən yayınmayıb. Böyük Britaniyada yayımlanan “The İndependent” qəzeti jurnalistin peşə fəaliyyətinə və birbaşa olaraq Azərbaycanda hakim ailənin korrupsiya əməllərini araşdırdığına görə təzyiq və şantajla üzləşdiyini yazıb.
Qəzet məqaləsində “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq insan haqları təşkilatlarının ölkəmizdə insan haqlarının bərbad durumda olmasıyla  bağlı son hesabatlarına və həmin təşkilatların Xədicə İsmayıla qarşı çirkin kampaniyaya münasibətlərinə yer ayırıb. Onların müraciətlərində çirkin olaya görə Azərbaycan hakimiyyətinin məsuliyyət daşıdığı vurğulanır. “The İndependent” daha sonra “WikiLeaks” saytının açıqladığı amerikalı diplomatların məxfi yazışmalarına da istinad edib. Həmin yazışmalarda Azərbaycan rəhbəri İlham Əliyevin Xədicə İsmayılı hakimiyyətin düşməni kimi xarakterizə etməsi xatırladılır.

İnformasiya şöbəsi