Hakimiyyətdə təmsil olunan iki çox nüfuzlu və yüksək vəzifəli məmurun mühafizəçiləri, eləcə də sürücüləri arasında ciddi qarşıdurma olub.
Bu barədə GunXeber.com-a məlumat verən mənbə bildirib ki, hadisə ötən həftənin sonunda metronun “Gənclik” stansiyasına yaxın milyonçular məhəlləsi kimi tanınan ərazidə baş verib. Həmin ərazidə bir çox məmurların, həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun villaları var. K.Heydərovun sürücüsü nazirin avtomobilini V.Talıbovun villasına yaxın yerdə saxlayıbmış. V.Talıbovun mühafizəçiləri ondan maşını oradan çıxarmağı tələb edib. Onlar maşının Kəmaləddin Heydərova məxsus olduğunu deyiblər və V.Talıbovun mühafizəçisinə özünü yaxşı aparmağı məsləhət görüblər. Ancaq V.Talıbovun mühafizəçisi buna məhəl qoymayıb və onlarla kobud davranıb. Bundan sonra K.Heydərovun mühafizəçiləri harasa zəng ediblər. Bu zəngdən sonra tərəflər arasındakı mübahisə böyüyərək əlbəyaxa dava həddinə çatıb. Mənbənin bildirdiyinə görə, nəticədə V.Talıbovun mühafizəçiləri möhkəm döyülüb.
Qaynaq onu da əlavə edib ki, ümumiyyətlə tərəflər arasında gərginlik var və bu hadisəyə qədər onlar arasında iki dəfə dava olub.