Almaniya yeni prezidentini seçdi

Yoahim Qauk federal respublikanın 11-ci rəhbəri oldu

Almaniyada Kristian Vulfun vəzifəsindən sui-istifadə və korrupsiya qalmaqalı üzündən istefa getməsindən sonra boş qalan prezident postuna seçkilər keçirilib. Federal Məclisin (Bundestaq) 620 millət vəkilindən əlavə 16 əyalət məclisinin 620 nümayəndəsinin formalaşdırdığı 1240 üzvlü Bundesversammlunq adı verilən qurum tərəfindən keçirilən seçkidə Yoahim Qauk ilk turda etibarlı 1228 səsin 991-ni alaraq Almaniyanın 11-ci prezidenti seçilib.

1232 nümayəndənin qatıldığı və 4 səsin etibarsız sayıldığı səsvermədə solçuların namizədi Bit Klarsfeld 126, sağçı Milliyətçi Demokrat Partiyasının namizədi Olaf Rouz da 2 səs alıb. 108 seçici isə bitərəf qalıb. Ölkənin kansleri Angela Merkel Yoahim Qaukun böyük əksəriyyətlə prezident seçilməsindən böyük məmnunluq duyduğunu söyləyib.