“Yeni Azərbaycan”dan rüsvayçı arqument

Hakim partiyanın qəzeti başbilənlərini ifşa etdiyini pərdələmək istəyir

“Xədicə Ismayılova göründüyü və olduğu kimi” məqaləsinin dərcindən sonra “Yeni Azərbaycan” qəzeti bu dəfə məlum olayla bağlı fərqli mövqedən çıxış edib. Qəzetin son sayında baş redaktor Hikmət Babaoğlunun müəllifliyi ilə “Tənqid etmək hüququ, videoçarx və düşünmək problemi” adlı məqalə dərc olunub. Düşünmə bacarığından uzun-uzadı danışan müəllif ona işarə vurub ki, “Yeni Azərbaycan” qəzetinin X.Ismayılla bağlı dərc etdirdiyi məqalə kimlərinsə düşünmə bacarıqsızlığı ucbatından yanlış anlaşılıb. Yəni, məlum videorolikin yayılmasının bu məqalənin dərcindən sonraya təsadüf etməsinin qəzetə heç bir aidiyyəti yoxdur. “Yeni Azərbaycan” bu məqaləni qələmə almaqla yalnız tənqid etmək hüququndan bəhrələnib.
Qeyd edək ki, YAP-ın rəsmi orqanında dərc edilən sözügedən məqalədə X.Ismayılın ünvanına etikadan kənar ifadələr və ittihamlar yer almışdı. Məqalənin dərcindən cəmi bir gün keçən kimi isə həmin videorolik internetdə yayılmışdı. Bundan sonra həm jurnalistin özü, həm də məsələyə etiraz bildirən beynəlxalq qurumlar “Yeni Azərbaycan” qəzetində çıxan məqalənin təsadüf olmadığını, hakimiyyətin şantaj və təxribat kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdilər. Elə ki hakimiyyət rəsmiləri bu videorolikin yayılması ilə bağlı etiraz dolu bəyanatlar verdilər, “Yeni Azərbaycan” da mövqeyinə bəzi korrektələr etmək qərarına gəldi. Məsələn, son məqalədə baş redaktor yazır ki, bu videoçarxı qəbul etmirlər və pisləyirlər. “Yeni Azərbaycan” qəzetinin tənqidi yazısı ilə videoçarx arasında əlaqə qurmağa çalışanlar isə analitik düşüncə qabiliyyətinə sahib olmayanlardır: “Sonradan baş verən hadisələrin fonunda qəzetimizdə yazılan tənqidi yazının bu və ya digər səviyyədə və müstəvidə müxtəlif maxinatorlar tərəfindən siyasi manipulyasiya mövzusuna, predmetinə çevrildiyinin şahidi olduq. Əlbəttə ki, bu, doğru deyil. Xüsusilə vurğulamaq istərdik ki, ”Yeni Azərbaycan” qəzetində dərc olunan yazıdan sonra hər hansı bir videoçarxın meydana çıxması və sözügedən videoçarxın hansı əxlaqi keyfiyyətdə olması “Yeni Azərbaycan” qəzetinin problemi deyil və onun qəzetdə dərc olunan materiala heç bir aidiyyəti yoxdur”.
“Xədicə Ismayılova göründüyü və olduğu kimi” məqaləsi ilə hakimiyyəti ifşa etdiyinin fərqində olan qəzet bu əməlini pərdələmək üçün ortaya maraqlı, eyni zamanda da gülünc bir iddia atır: “Məhz ”Yeni Azərbaycan” qəzetində nəşr olunan yazıdan sonra belə bir videoçarxın meydana çıxması hər şeydən öncə qəzetə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. Belə bir vəziyyətin yaranmasında əsla marağı olmayan tərəf də elə “Yeni Azərbaycan” qəzetidir. Qəzetimizin mənafeyinə uyğun olmayan, Azərbaycan dövlət rəsmilərinin də pislədiyi bu məsələni təkrar-təkrar müxtəlif mətbuat orqanlarında məhz “Yeni Azərbaycan” qəzetindəki yazı ilə əlaqələndirməyə çalışarkən niyə insanların əsrlər boyu əldə etdiyi analitik düşüncə metodundan istifadə etməklə dərindən təhlil etmirsiniz? Niyə ağlınıza gəlmir ki, mövcud vəziyyətdə elə “Yeni Azərbaycan” qəzeti də zərərçəkən statusundadır. O videoçarx bizim sağlam tənqidimizi qeyri-əxlaqi müstəviyə transfer etməklə, elə ilk növbədə qəzetimizin məqsədlərinə zərbə vurub. Niyə ağlınıza gəlmir ki, hadisələrin bu şəkildə inkişaf etməsi hansısa üçüncü tərəfin maraqlarına xidmət edə bilər?”.
Göründüyü kimi, “Yeni Azərbaycan” Xədicə Ismayıl məsələsində hakimiyyəti pis vəziyyətə qoyduğunun fərqinə varıb və son korrektələri ilə bu səhvini düzəltməyə çalışır.