Dünən meydanda onlar idi.
Dünən meydan onların idi – bu ölkənin aydınlıq ümidi, azadlıq ümidi olan gənclərinin.
O qarlı havaya rəğmən, o uzaq, lilli, palçıqlı yola rəğmən ölkənin minlərlə insanını bir araya gətirdilər.
Üzlərindəki coşquyu, həyəcanı, ehtirası görmək lazım idi. Hava buludlu, yağmurlu idi, amma onların üzlərində çiçək açmışdı.
Gözlərinin içinədək sevincli və həyəcanlı idilər.
Ilk dəfə öz təşəbbüsləri ilə bu qədər geniş bir protest aksiyasına çıxırdılar. Ilk dəfə öz əlləri idi, öz başları. Ilk dəfə meydanın tam sahibi idilər. Təcrübəsizlik öz sözünü deyirdi bəzən, amma o qədər enerjili idilər, o qədər çılğın, o qədər duyğusal, ən əsası isə o qədər səmimi idilər, insan qürur duymadan izləməyə bilmirdi.
Kim nə deyir desin, bunca zülmə, işgəncəyə, repressiyaya rəğmən hələ də bu ölkədə Özgürlük və Demokratiya yolunda yüyürənlər qalırsa, o yolun yeni yolçuları peyda olursa…
Bunca hüquqsuzluğa, bunca talançılığa, bunca yalançılığa rəğmən, bu ölkədə hələ də etiraz səsini qaldıran… əxlaqsız situasiya ilə barışmayan… Azərbaycanı bir ovuc adamın bitib-tükənməyən var-dövlət, hakimiyyət ehtirasına tabe etdirilməsi ilə razılaşmayan yeni bir nəsil yetişirsə, bu artıq bizim qələbəmizdir.
Yaradılmağa çalışılan qorxu imperatorluğu qarşısında təslim olmayan gəncləri varsa bu ölkənin…
Bu ölkənin yeni yetişən gəncliyi bütün şərləmələrə, bütün zorakılıqlara rəğmən, hələ də Azərbaycanın çağdaşlaşması, modernləşməsi yolunu tutursa…
Özlərindən əvvəlki nəslin başına gətirilən zülümlərdən, qəddarlıqlardan çəkinməyərək Rəsulzadə yoluna, Elçibəy dəyərlərinə sadiqliyini ortaya qoyursa…
Bunca mayaya, təbliğata rəğmən, hələ də bu ölkədə Rəsulzadə deyərkən insanların gözü gülürsə, Elçibəy deyincə qəlbi fərəhlənirsə insanların, əsla və əsla bu ölkənin aydınlıq ümidləri bitməz.
Azadlıq ümidləri bitməz.
O ümidləri dünən Bakının ən ucqarındakı, lilli-palçıqlı bir meydana daşıdı gənclərimiz. Hər biri ilə qürur duyuram. Hər birinin alnından öpürəm.
Bu ölkədə illərdir yaradılmağa çalışan qorxu imperatorluğunun dayaqlarını laxlatdılar. Azərbaycanın yalnız bir adamın iradəsinə tabe olan bir ölkəyə çevrilməsi üçün illərdir görülən bütün işləri tort eləyib divara vurdular.
Bütöv bir xalqın bir adamın iki dodağının arasından çıxan sözlə idarə olunmasına…
Hüququn ayaqlar altına atılmasına…
Səhiyyəsizliyə…
Təhsilsizliyə…
Fərqli düşünənlərin düşmən elan edilməsinə…
Insanların tənqidçi, müxalif fikirlərinə görə qandallanmasına, dəmir barmaqlıqlar ardına atılmasına üsyan etdilər.
Ən əsası isə Ilham Əliyevə bu mesajı verdilər:
Azərbaycan heç vaxt sənin arzuladığın Azərbaycan olmayacaq!!!
Azərbaycan heç vaxt qəbiristanlıq sükutuna bürünməyəcək. Heç vaxt bu ölkədə son sözü korrupsiya deməyəcək. Monarxiya bu ölkənin baş tacına çevrilməyəcək heç vaxt.
Heç vaxt insanların öz maddi rifahını düzəltməsi, karyerasını qurması üçün sənə yaltaqlanması gərəkməyəcək. Heç vaxt yalnız yalançılar və saxtakarlar üçün “yaşıl işıq” yandırılmayacaq bu ölkədə.
Bu ölkə heç vaxt bir adamın başı ilə düşünüb, bir adamın ağzı ilə danışan bir ölkə olmayacaq.
Enində-sonunda Rəsulzadə dəyərləri qalib gələcək.
Əvvəl-axır Azərbaycanın da adı korrupsiya və işgəncələrlə deyil, hüquq və ədalətlə assosiasiya olunmağa başlayacaq.
Bu ismarıcı yolladı dünən onlar. Hər birimizin könlünü fərəhləndirdilər, qəlbimizi qürurlandırdılar. Gələcəyə daha ümidlə baxmağımıza vəsilə oldular, xəyallarımızdakı azad, demokratik Azərbaycanın uzaqda olmadığına inamımızı artırdılar.
Aksiyanın sonunda heç birimizin təqdir etmədiyimiz, istər üslubuna, istər məzmununa görə barışmadığımız olaya gəlincə… Bəli, bu baş verən pisdir, qəbuledilməzdir, elə bu yaşananın önünü ilk olaraq məhz gənclərin özlərinin önləməyə çalışması da çox şey deməkdir.
Amma arzu və qəbul olunmaz heç nə o gənclərin haqlılığını kölgə altına ala bilməz. Heç bir xoşagəlməzlik sizin korrupsiyalarınıza, sümürücülüyünüzə, repressiyalarınıza bəraət qazandırmır.
Şəxsən mən düşünəndə ki, bu ölkədə hakimiyyət atadan oğula ötürülür, prezidentliyə məhdudiyyəti götürüb yerində krallıq qurulur, elə bil mənim yeddi arxa dönənimi söyürlər.
Heç kimi söymək olmaz. Olmaz, olmaz, olmaz!
Amma…
Amma axı məni də söymək olmaz.

O gənclərlə qürur duyuram
•
•