Bəli, cəmi iki nəfər! Səhv etmirəmsə, siyasi məhbuslardan cəmi ikicə nəfəri azad etdilər. Onlarla insan hələ də məhbəsdədir. Ən ağrılısı isə budur ki, bir neçə ay tez azad edilmək üçün insanları rəsmi ittihamları etiraf etməyə və o ittihamlarla razı olduqlarını boyunlarına almağa vadar edirlər. Bəli, buraların “mərhəmət ölkəsi” olduğunu etiraf etmək zorundayıq, çünki burada heç bir kəsin haqqı və hüququ yoxdur, burada yalnız hökmdarın mərhəməti var. Bir müddət bundan əvvəl hamımız Fransaya dişimizin dibindən çıxanı yazırdıq.
Mən həmin o qanun məsələsinin yekunda nə ilə bitəcəyini deyə bilmərəm, o bir qədər qəliz məsələdir. Amma məlum oldu ki, Fransada məhkəmə var və bu məhkəmə, hətta prezidentin iradəsindən də yüksəkdə dayanır! Indi sizləri azad və ədalətli məhkəmənin nə demək olduğunu sübut edən misallarla elə də yormaq fikrim yoxdur. Azərbaycan Avropa Şurasına üzv olandan sonra hamı olmasa da, bəzi insanlar ədalətli mühakimənin nə demək olduğunu az da olsa hiss ediblər. Mən indi məhbəsdə qalan siyasi məhbusların haqqında düşünəndə bir qədər utanc hissi keçirirəm, ona görə ki, onlar sizin və bizim haqlarımızı müdafiə etdikləri üçün oradadırlar. Bəli, biz nisbi olsa da, azadıq, o insanlar isə məhbus həyatı yaşayır. Amma nə etmək olar? Əvvəllər bizim insanlar N.Mandela haqqında danışanda deyirdim ki, əşşi, Cənubi Afrikada 27 il məhbus həyatı yaşamaq Azərbaycanda 27 ay “yatmaq” kimi bir şeydir.
Amma sonradan N.Mandelanın yazılarını oxudum. Məlum oldu ki, məhbəslə zarafat etmək olmaz, o, hər yerdə eynidir. Mandela zibilliyin içində eşələnib orada qəzet parçaları axtarmaqdan yazırdı, çünki onlara gündəlik mətbuatla tanış olmağa imkan vermirdilər. Bu sətirləri yazarkən daha bir detal yadıma düşdü. Bu həftə Suriyada etirazların başlanmasının bir ili tamam oldu. Bəli, insanlar bir ildir ki, dayanmadan, fasiləsiz etiraz edir. Bu bir il ərzində B.Əsəd bir sıra güzəştlər edib. Amma insanlar bununla razılaşmır, çünki bir qərar var: “Despot getməlidir!”. Nə isə. “Mərhəmət ölkəsi” haqda düşünüb-daşındığım bir neçə sətiri burada bitirmək istəyirəm. Əslində deyiləsi söz çoxdur. Bu həftə çox şeydən danışıldı. Hətta sovet dövründəki əmanətlərin yaxın vaxtlarda qaytarılacağı bəlli oldu. Amma indeksləşdirmə məsələsi heç inanmıram ki, əmanətçilərin ürəyindən oldu. Bu məsələ ilə bağlı telekanallar küçədə sorğu keçirirdi. Respondentlərdən biri dedi ki, bəy verən atın dişinə baxmazlar! Yəni nə verirlər götürün, sabah heç bunu da verməzlər! Bəli, bir daha “mərhəmət ölkəsi”! Əgər sizə nəsə verirlərsə, düşünməyin ki, bu sizin haqqınızdır! Yox, bu, sadəcə “mərhəmət”in nəticəsidi. Haqq odur ki, o sizə mütləq verilməlidir, çünki bu, sizin haqqınızdır! Amma “mərhəmət” tamam başqa şeydir. Sizlərin haqqınızı sizin özünüzə elə verirlər ki, ömrünüzün lap sonuna qədər bu “mərhəmətli” insanlara duaçı olasınız…
Bu günün gəncliyinin manifesti varmı?
Bəli, çox təəccüblü oldu. Gənclərə aksiya keçirməyə icazə verdilər. Bu yazı işıq üzü görəndə aksiya artıq keçirilmiş olacaq. Ona görə də mən indi ümid və gümanlarımızı yaza bilərəm. Gənclərə ümidimiz böyükdür. Tək ona görə yox ki, onlar aksiya keçirəcək. Nəsillər arasında anlaşılmazlıq bir növ adət edilmiş məsələdir. Elə bir də görürsən ki, yaşlılar gileylənir ki, biz filan vaxt filan işləri gördük! Amma gənclik… Haqlıdırlarmı? Güman etmirəm. Indi biz sözün əsl mənasında yeni gəncliyin yaranışını görürük. Gəlin açığını etiraf edək ki, onlar bizim oxumadıqlarımızı oxuyublar, bilmədiklərimizi öyrəniblər və çox güman ki, bizdən irəlidədirlər. Hər halda, mən buna ümid edirəm. Bir məsələyə, yazının əvvəlindəki suala gəldikdə isə müasir dinc mübarizə üsul və metodlarını gənclər bizdən daha yaxşı bilirlər. Onların manifesti və şüarı azadlıqdır… Hakimiyyətin icazəsi də maraqlı məsələdir. Bunlar dünyanın bir çox ölkələrindəki proseslərin fərqindədirlər, hətta idarə olunan demokratik siyasət modelini də dövriyyəyə buraxardılar, lakin real müxalifətdən arxayın deyillər. Hakimiyyətə real iddiası olmayan insanların etirazı da bunları yalnız ona görə qorxudur ki, bu etirazlar müxalifətin etirazları ilə birləşər və onları gücləndirər.

Mərhəmət ölkəsi
•