Əmanətlərini geri istəyəcək şəxslərin sayı artıq göstərilib?
Rövşən Ağayev: «Prosesə ictimai nəzarət mexanizmləri nəzərdə tutulmur»
Ölkə başçısının vətəndaşların keçmiş Əmanət Bankında qalan əmanətlərininin birdəfəlik ödənməsi barədə fərmanı müsbət qarşılansa da, ortaya bir çox suallar çıxarıb.
Rəsmi məlumatlara görə, 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Ancaq maliyyə naziri bu rəqəmin 2 milyondan artıq olduğunu deyib. Nazirin hansı mənbələrə əsaslanaraq bunu deməsi məlum deyil. Nəzərə alaq ki, əmanətlər 1992-ci ilin yanvarın 1-ə qədər banklara yerləşdirilib. O zaman Azərbaycan əhalisi indiki kimi 9 mln deyil, təxminən 7 mln nəfər idi. 2 mln bu əhalinin üçdə birindən bir qədər azdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, o zaman Azərbaycanda müvəqqəti işləməyə gələn digər respublikaların vətəndaşları pullarını Azərbaycan banklarında yerləşdirsə də, hazırda burda yaşamırlar. Onların özlərinin, yaxud varislərinin hamısının qayıdıb pullarını istəyəcəyi inandırıcı görsənmir. Bu da pullarını geri almaq istəyən əmanətçilərin sayını azaldır. 1 milyon 986 min 104 nəfər, yaxud 2 mln. deyəndə Azərbaycandan köçüb gedənlər də nəzərdə tutulur. Rəsmi qurumların belə şəxslərlə bağlı dəqiq rəqəmlər açıqlamaması müəyyən şübhələr yaradır. Əmanətləri geri alacaq şəxslərin sayının dəqiq olmaması bu məqsədlə xərclənəcək vəsaitlərin həcmini də müəyyən etməyə problem yaradır. Bu halda vətəndaş cəmiyyəti numayəndələri prosesə nəzarət etmək imkanları əldə edə biləcəkmi? Çünki Azərbaycan təcrübəsi korrupsiya faktlarının olacağını istisna etmir.
Iqtisadçı-ekspert Rövşən Ağayev hökumətin ölkədən köçüb gedən əmanətçilərin sayı ilə bağlı dəqiq məlumat verməməsinin müəyyən problemlər yaratdığını deyir. Çünki bu halda əmanətləri geri istəyəcək şəxslərin dəqiq sayı bilinmir.
Ekspert ölkə başçısının fərmanında prosesə ictimai nəzarət mexanizmlərinin nəzərdə tutulmadığını deyir. Hətta o mexanizm nəzərdə tutulsaydı belə, onun formal olacağını gözləmək olardı. Çünki bir qayda olaraq hökumət yalnız özünə yaxın qeyri-hökumət təşkilatlarını belə işlərə cəlb edir: “Hətta vəsaitlərin ödənilməsi və təkrar hesablanması ilə bağlı komissiya ictimai əsaslarla formalaşsaydı belə, hökumət üçün özünün istədiyi, adını ictimaiyyət nümayəndəsi qoyduğu şəxsləri bu komissiyalara cəlb etməsi problem deyil. Bizim hökumətin belə təcrübəsi var. O baxımdan düşünmürəm ki, hökumət tərəfindən hansısa ictimai nəzarət mexanizmlərinin düşünülməsi vəziyyəti dəyişə bilər”.
Ekspertin sözlərinə görə, müstəqil vətəndaş cəmiyyəti institutlarının, media təmsilçilərinin bu prosesə cəlbi üçün siyasi iradə tələb olunur. Ictimai nəzarətin təmin olunmasının başqa bir yolu isə hamının çıxış əldə edə biləcəyi elektron bazanın yaradılmasıdır. Lakin hökumətin bunu edəcəyini gözləməyə dəyməz. Çünki rəsmilər bunun fərdi məlumat olduğunu əsas gətirəcək. Bu baxımdan effektiv və ideal nəzarət mexanizmi yaratmaq mümkün olmayacaq.
Fizzə


