Əziz həmvətənlər! Bildiyiniz kimi 2002-ci ildə Qəbələ Radiolakasiya Stansiyası (RLS) Rusiyaya 10 illiyinə icarə verilib. Bu ilin sonunda müqavilənin müddəti bitir. Təbii ki, Rusiya nəhəng bir hərbi obyekti bağlamaq fikrində deyil. Əksinə, Kreml Qəbələ RLS-in fəaliyyətini daha da təkmilləşdirmək niyyətindədir. Bu gün Qəbələ RLS-in daha 25 il müddətinə Rusiyanın ixtiyarına verilməsi üçün danışıqlar gedir.
Moskvanın bu stansiyaya nə ad verməsindən asılı olmayaraq, obyekt hərbi obyektdir və onun müstəqil Azərbaycanın ərazisində fəaliyyət göstərməsi bütün parametrlərdən dövlətimizin və millətimizin mənafeyinə uyğun deyil. 30 ilə yaxındır ki, Qəbələ RLS Azərbaycan ekologiyasına çox ağır zərbə vurmaqda davam edir. Bu stansiya millətimizin genefondu üçün böyük təhlükə mənbəyi olaraq qalmaqdadır. Təxminən yarım milyon Azərbaycan vətəndaşının başının üzərində RLS kabusu dolaşır. 1999-cu ildə Litva, 2004-cü ildə Macarıstan ərazilərində olan RLS-in fəaliyyətini dayandırmağa müvəffəq oldu. Rusiya ziyalılarının səyi nəticəsində Moskva ətrafındakı RLS-lərin birinin iş gücü minimuma endirildi. Yaxınlarda Ukrayna Rusiyaya məxsus RLS-in fəaliyyətinə xitam verdi. Biz isə su qiymətinə Rusiyaya icarəyə verdiyimiz fəlakət mənbəyini siyasi bazarlıq elementinə çevirmişik. Bu, Azərbaycan tarixinə qara ləkə kimi həkk olunacaq.
Düşündürücüdür, Rusiya Azərbaycanda nəhəng bir hərbi obyekt saxlayır, digər tərəfdən də Yerevana atalıq qayğısı göstərir. O Yerevana ki, 20 ildir torpaqlarımızın 20 faizini məhz Rusiyanın dəstəyi sayəsində işğalda saxlayır. Müstəqil Azərbaycanın ərazisində Rusiyanın hərbi obyektinin yerləşdirilməsi Anaÿ Yasamıza ziddir. Hesab edirik ki, bu məsələ yalnız və yalnız ümumxalq səsverməsi – REFERENDUM yolu ilə nizamlanmalıdır.
Qəbələ RLS işğal altında qalan torpaqlarımızdan sonra Azərbaycanın ikinci ən böyük problemidir. Başa düşüləndir ki, bəzi vəziyyətlərdə DÖVLƏT reallığa rəğmən susmağa üstünlük verir. O zaman ziyalılarımız səsini qaldırmalıdır. Azərbaycanı radiasiya təhlükəsindən xilas etmək gərəkdir. Bu gün bir dövlət yetkilisi, bir ekspert belə Qəbələ RLS-in Azərbaycan ekologiyası, genefondu üçün təhlükəsiz olduğunu sübut edə bilmir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir soydaşımız Qəbələ RLS-in bağlanması üçün sözünü deməlidir.
Dəyərli həmvətənlər, hörmətli ziyalılar!
Səsimizi dünyaya çatdırmağın zamanıdır. Odur ki, “RLS-siz Azərbaycan” hərəkatı olaraq, mart ayının 3-cü on günlüyündə “Qəbələ RLS-ə YOX” şüarı ilə Bakıdan Qəbələyə yürüş gerçəkləşdirmək niyyətindəyik. Etiraz yürüşünə qoşulmaq üçün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, Qeyri-Hökumət Təşkilatlarına (QHT), Gənclər Təşkilatlarına, fədakar, vətənpərvər vətəndaşlarımıza səslənirik.
Və xatırladırıq ki, etiraz yürüşündə “Qəbələ RLS-ə YOX” şüarından savayı heç bir şüar səslənməyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinə, Yeni Azərbaycan Partiyasına, iqtidar yönümlü partiyalara, Ictimai Palataya, Azərbaycan Xalqının Demokratik Cəmiyyət Uğrundaÿ Müqavimət Hərəkatına, “Qarabağ” blokuna, Ziyalılar Forumuna, Avro-Atlantik Şuraya, bloklara qoşulmayan siyasi partiyalara, QHT-lərə və nəhayət, vətənsevər soydaşlarımıza rica edirik ki, etiraz yürüşündə bizə dəstək versinlər.
Etiraz səsimizi bütün dünyanın duyması üçün Kütləvi Informasiya Vasitələrinin dəstəyinə böyük ehtiyacımız var. Qəzet redaktorlarından xahiş edirik ki, nümayəndələri yürüşdə təmsil olunsun.
Qəbələ RLS məsələsi milli məsələdir və Azərbaycan siyasi mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, burada yaşayan hər kəsin vətənidir. Bu vətənin torpağını, suyunu, təbiətini qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Gəlin, birlikdə sözümüzü deyək. Azərbaycanın o füsunkar guşəsini RLS kabusundan xilas edək.
Səxavət Əlisoy
“RLS-siz Azərbaycan” hərəkatı təşəbbüs qrupunun sədri
Əlaqə üçün: Telefon: 055ÿ526 57 98
E-mail:hekim57@mail.ru