Amerikalı ekspertdən xəbərdarlıq

Devid Kremer: «Şimali Qafqazda qeyri-sabit vəziyyət Gürcüstan və Azərbaycan üçün təhlükə yaradır»

Mərkəzi ofisi ABŞ-da yerləşən “Freedom House” beynəlxalq insan haqları təşkilatının prezidenti, dövlət katibinin keçmiş müavini Devid Kremer “Amerikanın səsi” radiosunun rus xidmətinə müsahibəsində Vladimir Putinin yenidən prezident seçilməsinə münasibət bildirib. Kremer Putinin yenidən hakimiyyətə qayıtmasının Rusiyada insan hüquqları sahəsində vəziyyətin yaxşılaşması və vətəndaş cəmiyyəti quruculuğuna müsbət təsir göstərəcəyinə inanmadığını söyləyib.
Devid Kremer rəhbərlik etdiyi təşkilatın Şimali Qafqaz regionuna diqqətin daha çox yönəlməsinə çalışdığını bildirib. Onun sözlərinə görə, Şimali Qafqazda qeyri-sabit vəziyyət, insan hüquqlarının sistemli şəkildə pozulması halları təkcə Rusiya deyil, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan kimi ölkələrdə ümumi vəziyyət üçün təhlükə yaradır: “Cənubi Qafqaz Rusiya üçün böyük bir problemdir. Moskva Şimali Qafqazda vəziyyətə diqqət verməyə bilməz. Amma vəziyyət dəyişə bilər, Şimali Qafqazda nəsə baş verə bilər, ya da regionda hadisələrin inkişafı Moskva və Sankt-Peterburqda Rusiya liderlərini on illərdir problem olan Qafqaz məsələsinin həllinə vadar edə bilər”.

Informasiya şöbəsi