Şamaxını kimlər zəbt edib?

Ilham Əliyev, Paşayevlər ailəsi, Ramiz Mehdiyev, Bəylər Əyyubov, Ramil Usubov və digər məmurlar rayonu ələ keçirib

Şamaxı ziyalıları “Azadlıq”a müraciət edərək rayonda vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildiriblər. Onların sözlərinə görə, Qubadan sonra növbəti üsyan Şamaxıda baş verə bilər.
Ziyalılar yazır ki, bu gün Şamaxı ölkə başçısının ailəsi və məmurlar tərəfindən zəbt edilib: “Cənab prezident, siz oğlunuz Heydərin 11 yaşı olanda onun adına Şamaxının Çuxuryurd kəndinin qərb hissəsində 268 hektar əkin və meşə sahəsini zəbt etdikdən sonra ətrafınızda olan tayfabazlar Şamaxının bütün torpaqlarını ələ keçirdilər. ”Çəpərləmə qanunlarını” Şamaxıda siz tətbiq etdiniz. Paşayevlər ailəsi, Ramiz Mehdiyev, Murtuz Ələsgərov, Cəlal Əliyev, mərhum Aqil Əliyev, Zakir Qaralov, Ramil Usubov Bəylər Əyyubov, Samir Şərifov, Kəmaləddin Heydərov, yaxın rayonların polis rəisləri 1000 hektarlarla ərazini zəbt ediblər. Ailələrinin, qohumlarının adına dəyəri milyonlarla olan villalar tikiblər”.
Müraciətdə daha sonra bildirilir ki, icra başçısı Asif Məmmədov rayonda dözülməz vəziyyət yaradıb. Rayonun infrastrukturu məhv edilib, yollar, küçələr bərbad vəziyyətdədir. “Ilham Əliyev Şamaxıya oğlunun iqamətgahına gələndə ancaq bir küçə ilə gedir. Maşınını başqa küçələrə sürdürsün və vəziyyəti görsün. Şamaxı küçələri xarabazardır, kanalizasiya sistemi yoxdur, əhali su sarıdan əziyyət çəkir, işsizlik baş alıb gedir”, – deyə müraciətdə qeyd olunur.