Rayonda baş verən «1 mart üsyanı»nı hakimiyyətdaxili qruplardan birinin üzərinə yıxmaq barədə məlumatlar var
Martın 1-də Qubada baş verən kütləvi etiraz aksiyalarının səbəb və nəticələrinin istintaqı çərçivəsində hüquq-mühafizə orqanları martın 14-də daha 4 yerli sakini həbs ediblər.
Helsinki Vətəndaş Assambleyasının Bakı ofisində Turan-a bildirilib ki, Vətəndaş Cəmiyyətinin Inkişafı Birliyinin rəhbəri Cəmil Məmmədli, yerli “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, reklam işləri üzrə redaktor Zaur Mustafayev həbs edilərək Bakıya gətiriliblər.
Jurnalistlərin saxlanması və saxlanma səbəbləri ilə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb. Hətta curnalistlərin hansı qisimdə saxlanması və ya onlara qarşı hansı maddələrlə ittiham irəli sürülməsi barədə məlumat yoxdur.
Istintaq orqanı jurnalistlərin saxlanması və saxlanma səbəbi ilə bağlı onların ailələrini belə məlumatlandırmayıb. Z.Mustafayevin atası Musafəddin Mustafayev Turan-a bildirib ki, oğlunun hansı səbəbdən və harada saxlanması ilə bağlı məlumata malik deyil. “Mən özüm də oğlumu axtarıram. Quba rayon prokuroru dedi ki, 2-3 saata buraxacaqlar. Amma artıq 3 gündür oğlumdan xəbərim yoxdur”, – o qeyd edib.
Beləliklə də həbs olunanların sayı artıq 8 nəfərə çatıb. Bundan öncə etiraz aksiyasının iştirakçıları Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov və Murad Zakirov həbs olunmuşdu.
Bu arada “Yeni Müsavat” qəzeti istintaqa yaxın mənbələrə istinadən Quba etirazları ilə bağlı üzərində iş aparılan versiyalar barədə məlumat yayıb.
Məlumata görə, istintaqçıların hadisələrdən dərhal sonra üzərində fəal şəkildə işlədikləri versiya etirazların xarici qüvvələr tərəfindən hərəkətə gətirilməsi və yönləndirilməsi olub. Amma son nəticədə bu versiyanın heç bir əsası olmadığı üzə çıxıb. Digər versiya isə etirazların ilk günlərində səslənən fikirlərə uyğundur. Həmin fikirlərdə deyilirdi ki, etirazların bu şəkildə ortaya çıxmasında hakimiyyətdaxili qruplaşmaların rolu var. Məlumatlara görə, saxlanılan şəxslərdən bu istiqamətdə ifadələr alınıb. Həmin ifadələrdə bir sıra tanınmış şəxslərin adlarının da hallandığı da bildirilir. Bildirilir ki, Quba hadisələri ilə bağlı videosüjetlər hazırlanır. Ehtimal olunur ki, yaxın vaxtlarda saxlanılan şəxslərin bu istiqamətdə “etirafedici” ifadələri yer alan verilişlər efirə getsin. Verilişlərdə tanınmışların adları çəkilməsə də, onlara yönəlik ittihamların yer alacağı da istisna olunmur. Televiziya verilişinin əsas süjet xətti isə Quba etirazlarında xalqın hakimiyyətdən narazı olmamasını diqqətə çatdırmaqdır. Digər tərəfdən də baş verənlərin ayrı-ayrı məmurların işi olduğunun ortaya qoyulmasıdır. Belə təqdimat veriləcək ki, məmurlar öz şəxsi maraqlarına görə tamah məqsədilə qruplar yaradıb, sonradan isə xalqı küçələrə çıxarıb həmin qrupların vasitəsilə istədiklərinə nail olublar. Quba hadisələrinin haqq-hesabı isə “Eurovision” mahnı yarışmasından sonra baş tutacaq. Efirə gedəcək verilişdə hədəflənən məmur və onun komandası çox ciddi şəkildə repressiyalara məruz qalacaq.