Quba hadisələri İlham Əliyevi təşvişə salıb

Ərəb inqilabı zamanı regionlara səfəri sürətləndirən dövlət başçısı yenidən əyalətlərə üz tutub

Nurəddin Məmmədli: «Görüntü naminə səfərlərlə cəmiyyətdəki ağır sosial durumu aradan qaldırmaq olmaz»

Tunis, Misir, Liviya hadisələri yeni başlayan zaman baş verənlərdən təşvişə düşən Azərbaycan hakimiyyəti müəyyən imitasion addımları reallaşdırdı. Korrupsiyaya qarşı aktiv mübarizə aparacağını bəyan edən hakimiyyət bir müddət bu kampaniyanı apardı.
Yalnız kampaniyanın gedişində aşağı səviyyədə bir sıra dövlət müəssisələrində rüşvətin alınması dayandırıldı. Həmin mərhələnin daha bir diqqət çəkən məqamı dövlət başçısı Ilham Əliyevin vaxtının böyük hissəsini risk rayonlarını gəzməklə keçirməsi oldu. “Ərəb baharı” müəyyən dərəcədə səngiyəndən sonra xəstəxanalarda, yol polisində rüşvət əvvəlki tempinə qayıtdı. Hakimiyyəti yenidən siyasətinə baxmağa vadar edən başqa bir olay isə bu dəfə Azərbaycan daxilində baş verdi. Söhbət Quba olayından gedir. Qubada əhalinin ciddi etirazından sonra dövlət başçısı yenidən rayonlara səfər etməyə başlayıb. Yenidən əvvəlki ssenarilər işə düşüb. Dövlət başçısı uzun müddətdir fəaliyyət göstərən müəssisə və obyektlərin açılışını həyata keçirir. Amma bu cür siyasətlə, bölgələrə yalnız səfər etməklə ölkədəki sosial-iqtisadi narazılığı çözmək mümkün olacaqmı?
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, əhalinin problemləri ilə həqiqətən maraqlanmaq lazımdır, görüntü naminə səfərlərlə cəmiyyətdəki ağır sosial durumu aradan qaldırmaq olmaz. Azərbaycan hakimiyyətinin heç zaman korrupsiyaya qarşı real mübarizə aparmayacağını düşünən N.Məmmədli əlavə etdi ki, çünki korrupsiya və rüşvət bu hakimiyyət üçün bir idarəçilik modeli, iqtidardaxili münasibətlərin saxlanması vasitəsidir: “Ilham Əliyev müşavirə keçirdikdən və korrupsiyaya qarşı real mübarizə aparılmalı olduğunu elan etdikdən sonra bu ideya məmurlar tərəfindən dərhal boykot edildi. Nəticədə rüşvət və korrupsiya yenidən gündəmə oturdu. Bu cür vasitələrlə, bu cür idarəçiliklə korrupsiyanın qarşısını almaq olmaz. Bunun üçün siyasi iradə gərəkdir”.
Dövlət başçısının regionlara səfərinə gəlincə, N.Məmmədli vurğuladı ki, bu cür yanaşma ilə, seçilmiş insanlarla görüşməklə insanların problemlərini həll etmək mümkün deyil. Hakimiyyətin mahiyyətcə oğru bir rejim olduğunu deyən N.Məmmədli iqtidarın sovet dövründən qalma əmanətləri qaytararkən əhaliyə qəpik-quruş ayırması bir daha sübut edir ki bu hakimiyyət xalqı düşünmür. “Xalqın problemləri, gündəlik əziyyətləri bu hakimiyyəti narahat etmir. Azərbaycan cəmiyyətini narahat edən problemlərin yeganə çözüm yolu siyasi rejimin dəyişməsindədir”, deyə N.Məmmədli bildirdi.

Hikmət