(Ikinci yazı)
Azərbaycanlılar konsulun bu şəhərdən çıxarılmasında təkid edir
Bir neçə gün əvvəl “Azadlıq”da Peterburqdakı Azərbaycan diasporu və konsulluğu arasındakı münaqişə barədə reportaj dərc etmişdik. Orada bu ziddiyyətlərin çox kəskin şəkil aldığı oxucularımıza yaxşı bəllidir. Bu barədə artıq, bir ildən çoxdur ki, mətbuatda davamlı olaraq yazılar gedir. Birinci yazıda Peterburqdakı baş konsulumuzla Azərbaycan icmasının ziddiyyətləri barədə diasporanın önəmli insanlarının mülahizələrini vermişdik. Ikinci yazını da bu cür insanlardan birinin fikirləri ilə başlayırıq.
“Konsulluq açılanda hamımız fərəhlənirdik”
Konsulun diaspora ilə münaqişəsi barədə danışan Xeyransa Mirzəyeva deyir:
– Mən konsulluq açılan gündən orada fəaliyyət göstərmişəm. Qüdsi Osmanovun köməkçisi olmuşam. Həmin günlərdə bizim sevincimizin həddi-hüdudu yox idi. Konsulluğumuz açılır, orada Azərbaycanın bayrağı dalğalanırdı və bu hadisə buradakı azərbaycanlıların hamısı üçün əsl qürur mənbəyi idi. Həmin binanın bütün ilk təmizlik işlərini də özümüz gördük. Əlimizə süpürgə, silgi götürüb pəncərələri, döşəməni təmizlədik. Amma sevincimiz uzun sürmədi. Bir müddət keçəndən sonra konsul özünü fərqləndirməyə, hamıya yuxarıdan aşağı baxmağa başladı. Konsulluğa qəribə və bizim aləmimizdə oraya yaraşmayan insanları işə almağa başladı. Kollektiv o qədər də böyük deyildi, amma dözülməz münasibət, əhval-ruhiyyə yaranırdı. Buna görə də konsula dedim ki, sənin bu əziz-xələf adamlarınla bir yerdə işləyə bilmərəm və çıxıb getdim.
-Sizin işdən getməyiniz yalnız konsulun kadr siyasəti ilə bağlı idimi?
-Yox, bu adamın başqa keyfiyyətləri də görünməyə başlamışdı. Çox hörmətli, əhəmiyyətli adamlara görüş təyin edir, sonra isə özünün hansısa işlərinə görə onlarla görüşmürdü. Söhbət açılanda da üzrxahlıq etmək əvəzinə məni günahkar çıxarırdı: “Köməkçim yadıma salmayıb, səhlənkarlıq edib” kimi ifadələrlə. Mən konsulun köməkçisi olana qədər də Peterburqda müəyyən ziyalı çevrələrlə geniş ünsiyyətdə olmuşam, adamlarla qarşılıqlı hörmət üzərində qurulan münasibətlərimiz olub. Indi isə bu adama görə bütün bu münasibətlər dağılıb gedirdi. Bu cür məsələlər çox olurdu. Əslində isə, mənə belə gəlir ki, Qüdsi Osmanov Vaqif Məmişovun günahıdır. Onu Məmişov qaldırdı qoydu hamının başının üstünə. Hamı ona Məmişova görə hörmət edirdi. Indi də hamı bunun cəzasını çəkir…
– Azərbaycan hökumətinin dəstəyi ilə burada alternativ diaspor təşkilatı yaradılıb. Bu təşkilatla sizin münasibətləriniz necədir? Ən azı, şəxsi münasibətlər…
– Açığı, mən bu məsələlərə ironiya ilə yanaşıram. Bu təşkilat-təşkilat oyununu buraxmaq lazımdır. Oradakı insanlar da bizim millətdir də. Süni şəkildə adamları qarşı-qarşıya qoymaq nə zamandan dövlət siyasəti olub? Alınan məsələ deyil. Bu məsələ barədə Bakıda da hamının məlumatı var. Mənimlə prezident aparatının əməkdaşı da söhbət edib. Mən onlara ətraflı bilgilər vermişəm. Amma tədbir görmək əvəzinə alternativ təşkilat yaradırlar. Bunun nə mənası var ki? Buradakı azərbaycanlılar hamısı bir-birini çox gözəl tanıyırlar. Kimin kim olduğu da hər kəsə bəllidir.
“Cəmiyyət” konsulluqdan çox iş görür”
Xeyransa Mirzəyeva pedaqoqdur. Indi Azərbaycanlıların cəmiyyətinin işlərinin mühüm hissəsi onun üzərindədir. Ziyalı qadındır. Amma sadə azərbaycanlıların da bu məsələyə öz baxışları var.
Peterburqda taksi sürücüsü işləyən bir azərbaycanlı ilə təsadüfən söhbətimiz alındı.
– Konsulla icma arasında bir konfliktin olduğu hər kəsə bəllidir. Səncə bu münaqişənin kökü nəyin üzərindədir?
– Mən bu məsələlərə qarışmıram. Fəhləlik eləyirəm. Amma açıq desəm, bizim ümumi bəlamızdır.
– Necə yəni, ümumi bəla?
– Belə də, müəllim. Bizdə axı, qaydadı, işıq gələn yerə barmaq tıxamaq. Bu konsulluq açılana qədər burada guya bizim dərdimizə əlac eləyən yox idi. 15 il bundan əvvəl bu şəhərdə azərbaycanlılara qarşı əməlli-başlı düşmənçilik vardı. Bu diaspora təşkilatı (o, “cəmiyyət” deyir) bir az güclənəndən sonra Azərbaycanlılara qarşı münasibətin dəyişməsi üçün çox iş görüldü. Indi Peterburqda azərbaycanlılar elə yerli camaat kimi qəbul edilir. “Cəmiyyət”in də işini düzüb-qoşan Məmişov kimi adamlardır. Indi dövlət adamı olub bunu görməmək insafsızlıqdır. Kiminsə əlinə vəzifə düşüb deyə, buradakı budaqları kəsmək fikrinə düşüb. Amma boş şeydir. Onsuz da adamların burada problemləri olanda konsulluğa yox, Cəmiyyətə üz tutur. Hamı bilir ki, konsulluq öz xeyri olmasa, heç kimin dərdinə dərman sürtməz.
Bu da sadə bir azərbaycanlının rəyi. Peterburqda olduğumuz günlərdə onlarla sadə insan bizə konsulluqda yaradılan problemlər barədə şikayətlər etdi. Hətta yazılı ərizələrlə də müraciət edənlər var.
Peterburqda konsula qarşı mitinqə hazırlıq gedir
Peterburq azərbaycanlıları konsulun yaratdığı ziddiyyəti həll etmək üçün baş sındırırlar. Təbii, insanlar konsulun qapısına düşüb ondan üzr istəmək, onun qarşısında əyilmək fikrində deyillər. Burada icma çox güclüdür. Icmanın önəmli adamlarından biri deyir: “Prezident seçkiləri başlayanda qubernator bizi dəvət etdi. Dedi ki, bu ziddiyyəti qurtarın getsin. Əgər qurtarmaq mümkün deyilsə, o zaman, heç olmasa bu kampaniya müddətində bizə problem yaratmayın. Indi seçkilər başa çatıb. Biz konsulluqla bağlı məsələni həll edib qurtarmaq istəyirik”.
Hansı yolla?
Plan bundan ibarətdir ki, əvvəlcə Peterburqdakı tanınmış azərbaycanlı ziyalıların imzası ilə prezidentə bir müraciət hazırlansın və o müraciətdə Qüdsi Osmanovun nə üçün burada baş konsul olaraq fəaliyyətini davam etdirməsinin mümkün olmadığı göstərilsin. Bir müddət bu müraciətin cavabını gözləmək. Bəri başdan əminliklə söyləmək olar ki, bu müraciət yerdə qalacaq. O halda ikinci addım nədən ibarət olacaq? Ikinci addım kimi daha böyük heyətlə geniş bir konfrans çağırmaq və orada konsulla bağlı problemləri müzakirəyə çıxarmaq nəzərdə tutulur. Bu tədbirə Rusiyadakı Azərbaycan səfirliyinin və Azərbaycan hökumətinin nümayəndələri dəvət ediləcək.
Əgər bu da heç bir nəticə verməsə? Böyük ehtimalla Azərbaycan hökuməti bu konfransı boykot edəcək. O halda, Peterburqda yaşayan azərbaycanlılar izdihamlı bir mitinq keçirəcəklər.
“Biz bunu heç istəməzdik, amma görünür bunsuz keçinmək mümkün olmayacaq. Bu mitinqdə on minlərlə insan iştirak edəcək”.
Namiq Cəfərli



