Messi karyerasını “Barsa”da başa vurmaq istəyir

Futbol üzrə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun hücumçusu Lional Messi başqa klublardan gələn təklifə münasibətini açıqlayıb.
Lent.az-ın məlumatına görə, Messi “Sky Sports”a müsahibəsində digər futbol klublarının ona böyük maraq göstərmələrinə baxmayaraq, Kataloniyadan harasa getməyi düşünmür.
“Mənim ideyam həmişə “Barselona”da qalmaq və karyeramı burada başa vurmaqdır” – deyə, Messi arzusunu dilə gətirib: “Heç bir zaman gələcəkdə nə baş verəcəyini bilmirsən. Amma qərar məndən asılı olsa, “Barsa”da qalacam. Hələ “Barselona”dan güclü komanda görməmişəm. Bu, sadəcə mənim yaşımla bağlıdır, müqayisə etmək üçün heç nə yoxdur. Mənim nöqteyi-nəzərimcə, “Barselona” dünya futbolu tarixində ən yaxşı komandadır. Amma yenə deyirəm ki, mənim yaşım müqayisəyə imkan vermir”.
Lionel həm də komandanın baş məşqçisi Xosep Qvardiola barəsində xoş sözlər deyib: “Komanda Qvardiolanın gəlişindən sonra belə oynamağa başladı. O, məni rəqib qapısına yaxın oynatdı. Buna görə də, belə tez-tez qol vururam. Bizim məşqlərimiz yaxşılaşıb, hər oyunu isə final kimi keçiririk. Pep hər şeyi özü bildiyi kimi edir və nəticə göstərir ki, o, dünyanın ən yaxşı məşqçisidir”.