Liderlər gənclərin aksiyasını bəyəndi

Əli Kərimli: “17 mart yeni tariximizə Azərbaycan xalq hərəkatının növbəti dalğasının başlanğıcı kimi düşəcək”

İsa Qəmbər: “Çox yaxşı bir başlanğıc oldu, gəncləri təbrik edirəm”

Martın 17-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin keçirdiyi mitinqi müxalifət liderləri yüksək qiymətləndiriblər.
AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinə açıqlamasında gənclərin aksiyası barədə bunları deyib: “Gəncləri təbrik edirəm. Hava şəraiti pis, mitinq üçün ayrılmış yer şəhərdən uzaq olsa da, gənclərin ilk aksiyası kifayət qədər uğurlu oldu. Azərbaycan gəncliyi etirazını sivil formada ifadə etdi. Hakimiyyətin səylərinə baxmayaraq yeni bir gənclik nəsli ictimai-siyasi həyata daxil olduğunu nümayiş etdirdi. Gənclər ölkədə köklü dəyişikliklər istəyirlər, onlar baş verənlərə biganə deyillər. Mən ümid edirəm ki, bu proses artan xətt üzrə davam edəcək. Hələlik kütləvi tədbirlərə qoşulmayan gənclər də onlara qoşulacaq və 17 mart yeni tariximizə Azərbaycan xalq hərəkatının növbəti dalğasının başlanğıcı kimi düşəcək.  Gənclərə bundan sonrakı tədbirlərində də uğurlar arzu edirəm”.
Müsavat başqanı İsa Qəmbər də “musavat.com”a açıqlamasında gənclərin bu təşəbbüsünü və mtinqini yüksək dəyərləndirib: “Hakimiyyətin yaratdığı bütün problemlərə baxmayaraq, bu soyuq qarlı havada minlərlə gənc kütləvi aksiyada iştirak etdi. Yüksək coşqu və əzmkarlıq nümayiş etdirildi. Bəzi xırda qüsuları da gəncliyin bu mərhələdə ilk razılaşdırılmış aksiyası olması ilə izah etmək olar. Bütövlükdə, çox yaxşı bir başlanğıc oldu. Gəncləri təbrik edirəm”.

Ramin DEKO