Badamdarın sabiq bələdiyyə sədrinin “torpaq əməliyyatı” ört-basdır edilir
Badamdar qəsəbəsinin sakini Zərifə Məhəddinovaya qarşı dələduzların qurbanı olub. Bu barədə “Azadlıq”a Zərifə Məhəddinovanın özü məlumat verib. Onun sözlərinə görə, 2009-cu ilin sentyabrında həyat yoldaşını itirmiş, iki azyaşlı qızla tək qalan çox kasıb durumda kirayələrdə yaşayan bajısına kömək etmək üçün ona 3 sot torpaq sahəsi almaq qərarına gəlir. Torpaq üçün Zərifə xanım Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi, Neftçilər döngəsi 1 ünvanındakı qarajlarda yerləşən ev alqı-satqı mərkəzinə müraciət edir. Mərkəzinin işçiləri Habil və Rəfail adlı şəxslər ona 6 sot daş hasara alınmış vəziyyətdə sənədsiz torpaq sahəsi təqdim edib bildirirlər ki, hamısını alsa ucuz verəcəklər.
Razılaşma əldə olunur: “Torpaq üçün 12.500 manat pulu Rafail və Habilə ödədim. Bu adamlar toraq sahəsinə sənəd düzəltmək üçün məni Badamdar bələdiyyəsinin işçisi Telman adlı şəxslə tanış etdilər. 6 ay sonra Badamdar Bələdiyyəsi 6000 dollar müqabilində mənim adıma 260 saylı və bajım Şəfiqə Əsədovanın adına isə 261 saylı “Bələdiyyə ərazisində olan torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında” qərar verib. Lakin biz tikintiyə başlamaq istədikdə dedilər ki, bir az gözləyin”.
Bu gözləmə müddətində Zərifə Məhəddinova torpağın başqa adamlara da satıldığını eşidir. Lakin Habil və Rafail, Bələdiyyə sədri və işçiləri bunun yalan olduğunu iddia edirlər. Belə olanda Zərifə Məddədinova torpağın sahəsinin 3 sotunu Elçin adlı şəxsə satır. Elçin özül tökəndə ona Bakı Şəhər İjra Hakimiyyətinin Fuad adlı zəng edib, həmin əraziyə mülkiyyət sənədi, kadastr planı olduğunu deyir: “Mən problemlə əlaqədar Badamdar Bələdiyyəsinin keçmiş sədri Bəybala müəllimin “İbrahim” şadlıq evindəki kabinetinə getdim. Əvvəl üstümə qışqırdı ki, sizə yaxşılıq etmişəm indi nə istəyirsiniz? Sonra iki gün vaxt istədi ki, məsələni araşdırsın. Təkrarən bajımla birlikdə Bəybala müəllimin yanına getdik. Bildirdim ki, mənə satdığınız torpağa başqasının mülkiyyət sənədi var. Bir yeri iki adama satmısınız, məni aldatmısınız. Odur ki, mənim pulumu geri qaytarın. Bəybala müəllim masanın üstündəki hesab şotkasını götürüb üstümüzə cumaraq bizi söyməyə başladı. Bu zaman Bəybala müəllim otaqdan çıxdı içəri onun idmançı görkəmli cangüdəni girdi. Bizim üstümüzə bağıraraq “birdə bura gəlsəniz, pul, torpaq adı tutsanız özünüzü ölmüş bilin” dedi. Sonra isə ikimizi də zorakılıqla otaqdan çıxardı. Həmin gün gecə saat ikidə bacımın kirayədə iki azyaşlı qızı ilə yaşadığı evə gələrək qapını döyməyə başladılar. Bacım qorxusundan qapını açmayıb və nə istədiklərini soruşub. Qapını döyənlər bildiriblər ki, Zərifəyə de dilini dinc qoysun əks halda biz onun səsini birdəfəlik batırarıq”.
Sonradan Zərifə Məhəddinova ərazi üzrə polis bölməsinə müraciət edib: “Polis işi araşdıraraq bu məsələ cinayət tərkibi olduğunu bildirib və iş Səbayel Rayon Prokurorluğuna göndərilib. Lakin hələki heç bir cavab yoxdur”.
Zərifə Məhəddinova onu da əlavə edib ki, ona qarşı təzyiqlər davam edir. Şikayətçi xanımın fikrincə, bütün bunlar onun aktiv siyasi fəaliyyətilə bağlıdır: “Mənim qənaətim belədir. Çünki əks təqdirdə göz önündə olan cinayəti açardılar. Açmırlarsa deməli, siyasi fəaliyyətimi nəzərə alaraq belə edirlər. Yeri gəlmişkən, hansı quruma müraciət edirəmsə dərhal soruşurlar ki, müxalifəçisən? Anlamıram məgər müxalifətçi olanda cinayəti ört-basdır etmək lazımdır?”.
Mövzunu diqqətdə saxlayacağıq.
Natiq


