Masallı ziyalılarına ciddi təzyiqlər var

Məmmədağa Eynullayev: «Icra başçısı Qəzənfər Ağayev bütün gücü işə salaraq bizə qarşı hücuma keçib»

Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev və təşkilatın fəalları ciddi təzyiqlərlə üzləşib. Məmmədağa Eynullayev “Azadlıq”a bildirib ki, bir neçə gün əvvəl keçirdikləri mətbuat konfransına görə icra başçısı bütün gücü ilə onlara qarşı hücuma keçib:
“Əvvəllər də təzyiqlərlə üzləşirdik. Lakin indi təzyiqlər daha şiddətli xarakter alıb. Təsəvvür edin, bütün icra nümayəndələri bu işə səfərbər olunub. Məsələn, Ərkivanın icra nümayəndəsi Kamal Mazanov təşkilatımızın fəalı Vidadi Dadaşova təzyiqlər edərək onu martın 22-nə təyin etdiyimiz ölüm aclığına qoşulmaqdan imtinaya məcbur etməyə çalışıb. Həsənli kənd icra nümayəndəsi Yusif və onun müavini Sədrəddin isə Köçərli kəndində yaşayan təşkilatımızın fəalı Abbas Rüstəmovun evinə gedib. Ona hədə qorxu gəlinib. Lakin Abbas Rüstəmov həmin şəxsləri evindən qovub. Xırmanlar kənd icra nümayəndəsi  Məhərrəm başqa bir fəalımız Mürsəl Hüseynova təzyiq edərək onu mövqeyindən çəkindirməyə çalışıb. Bir sözlə, Qəzənfər Ağayev bütün gücü işə salaraq bizə qarşı hücuma keçib”.
Məmmədağa Eynullayev bildirib ki, onu özünə də müxtəlif vasitələrlə təzyiqlər edilir: “Mənə hər cür təzyiqlər olunub. Təqib olunuram, həbs təhlükəm var. Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində çalışan oğlumu işdən çıxarmaq istəyirlər. Icra başçısı Qəzənfər Ağayev şöbənin müdiri Nahid Şəmşirovu yanına çağıraraq ona təzyiq edib ki, oğlumu işdən çıxarsın. Nahid Şəmşirov çox vicdanlı və işinin öhdəsindən layiqincə gələn insandır. Indi dilemma qarşısında qalıb. Oğlumu çıxarmağa heç bir əsas yoxdur, digər tərəfdən isə icra başçısı tələb edir”.
Birlik sədri bilrib ki, Qəzənfər Ağayevin təzyiqlərinə baxmayaraq mart ayında Masallı Ziyalaları Ictima Birliyi martın 22-də icra başçısının qanunsuz əməllərinə etiraz olaraq ölüm aclığına başlamaqda israrlıdır. “Aclığın nəticəsi olmasa kütləvi aksiyalara başlayacağıq”, – deyə Məmmədağa Eynullayev vurğulayıb.

Azad