Fransada ərəb kabusu

Liviya diktatoru Müəmmər Qəzzafi sağlığında demişdi ki, Nikolya Sarkozinin seçkisini məhz o maliyyələşdirmişdi. O vaxt bu iddianın Fransada rezonans doğurmaması məni xeyli məyus etmişdi. Fransızlar bu məsələnin araşdırılmasına bir cəhd göstərsəydilər, bəlkə də biz ötən illərin ən böyük siyasi qalmaqallarından birinin şahidi olardıq. Amma indi bəlli olur ki, məyus olmağa dəyməzmiş. Indi ölkə seçki dövrünü yaşayır. Bu elə dövrdür ki, hamı öz rəqibi haqda ən kiçik belə kompromat axtarır ki, onun seçki şanslarını azaltsın. Qəzzafinin də həmin o bəyanatı məhz indi yada düşüb. Solçular Qəzzafinin Sarkoziyə 50 milyon avro verdiyi haqda əllərində sübut olduğunu bəyan ediblər. Bəs Sarkozi nə düşünür? O, özünü elə aparır ki, sanki bir şey baş verməyib. Hətta özünün müsahibələrinin birində deyib ki, bu, həqiqət olsa belə, heç nəyi dəyişmir, o səbəbdən ki, onun Qəzzafiyə münasibəti sona qədər dəyişmədi. Bizim dildə desək, belə çıxır ki, Sarkozi sadəcə, Qəzzafiyə kələk gəlib. Indi həmin proses davam edir və onu izləmək lazımdır.
Əgər Sarkozinin rəqiblərində həqiqətən də ona qarşı kompromat olsa, bu, onun prezidentliyə yolunu bağlayacaq – o sarıdan narahat olmağa dəyməz. Demokratiyada belə bir anlayış var və onu demokratiya nəzəriyyəçiləri tez-tez xatırlayırlar. Institusional etimadsızlıq – onun belə mücərrəd adı var. Mahiyyəti də budur ki, demokratik rejimlərdə hamı bir-birinə nəzarət edir və hər şey qarşılıqlı nəzarət üstündə qurulub. Bizim Fransanı demokratik ölkə saymamaq üçün əsasımız yoxdur, ən azı o səbəbdən ki, həm böyük tarixi ənənələri var, həm də o, Avropanın ən böyük ölkələrindən biridir. Sarkozinin mahiyyəti bizə bəllidir, o, erməni lobbisi ilə işləyir. Bu yaxınlarda hətta onlarla görüşü də oldu. Bir sözlə, Sarkozinin biz türklərə münasibəti aydındır. Ona görə də türklər onun rəqiblərinin imkanını öyrənməli, onların Türkiyəyə və türklərə münasibətini araşdırmalıdır. Ən azı ona görə ki, bu, böyük siyasətdir, burada hətta belə işlərlə məşğul olmaq və bəzən başqa ölkələrdəki seçkilərə baş vurmaq lazım gəlir. Amma gərək belə işdə bir qədər sərişətli olasan. Elə edəsən ki, M.Qəzzafi tək həm canın, həm də pulun batmasın.
Çox güman ki, Türkiyədə Fransa siyasətini izləyirlər. Gəl, bir məsələ var ki, Türkiyə də demokratik dövlətdir, müxalifətin əlinə bir dəlil düşsə, daha özündən küs! Ona görə də qəliz məsələdi. Məhz qəliz olduğuna görə də Qərb siyasətçiləri qeyri-demokratik rejimlərlə “alış-veriş” etməyə üstünlük verir, özlərinin siyasi-bioloji ehtiyaclarını despotların hesabına təmin etməyə cəhd edirlər. Qərəz, görək sonu nə olur.
Daha bir maraq kəsb edən detal budur ki, hələ ki, Sarkozinin tərkar seçilmək şansı yüksək hesab edilmir, reytinq göstəriciləri o qədər də ürəkaçan deyil. Nə isə… Tələsməyək.
Həm də fransızlar bir seçici kimi maraqlıdır. Bir fransız sosioloqun yazısını oxumuşdum. O yazırdı ki, orta statistik fransız sağçı kimi düşünür, lakin bir solçu kimi səs verir. Düzdür, son seçkilərdə fransızlar bir qədər fərqli siyasi psixologiya nümayiş etdiriblər. Amma sosioloqlar da sözü elə-belə, söz demək xatirinə demirlər, hərdən onları da eşitmək lazımdır.
Dialoq mühiti – o, Azərbaycanda varmı?
Hə, məlum oldu ki, ölkədə siyasi partiyalar neçə illərdi bu mühitdə fəaliyyət göstərir. Bunu mən demirəm, YAP-ın təmsilçisi deyir. O gün ATƏT-in Bakı ofisinin siyasi partiyalar arasında dialoq təşkil etmək təşəbbüsünə baxışları və münasibəti öyrənirdilər. Hakim partiyanın nümayəndəsi dedi ki, dialoqa, xüsusən də üçüncü tərəfin təşəbbüsü ilə təşkil olunacaq dialoqa ehtiyac və zərurət yoxdur, çünki ölkənin siyasi partiyaları elə dialoq mühitində fəaliyyət göstərirlər!
Bu, həqiqətdirmi? 19 ildir ki, YAP hakimiyyətdədir, mən bir dəfə də olsun, görməmişəm və eşitməmişəm ki, bizim hakim partiyanın lideri və ölkənin prezidenti siyasi partiyalarla görüşmək təşəbbüsü göstərsin! Siyasi partiya liderləri dəfələrlə belə təşəbbüs göstəriblər. Amma hər dəfə belə bir cavab alıblar ki, siz hələ prezidentlə görüşmək səviyyəsində deyilsiniz!..