Hacıbala Abutalıbov üçün 160 min avroya alınan «BMW» də «Avroviziya» xərclərinə daxil edilməlidir
Ötən ilin mayından ölkəmiz “Avroviziya” yarışmasına hamilədir. Yüksək çinli məmurlar olmasa da, Azərbaycan xalqı bu hamiləlikdən çox əziyyət çəkir. “Abort” artıq istisna kimi görünür. Ən azı ona görə ki, Azərbaycan hökuməti bu yarışmaya böyük sərmayə qoyub. Yolun yarısından qayıtmaq istəməz. Vəsaitə gəldikdə, konkret rəqəm demək çətindir. Jurnalistlər keçirilməsinə hələÿiki ay qalan yarışmanın dövlət büdcəsinə 300-400 milyon manata başa gələcəyini deyir. Indiki hakimiyyətin bu sahədə imkanlarına bələd biri kimi mən 400 milyonla yetərlənməyə inanmadığımı demək zorundayam. Büdcədən ayırmalar aydındır. Bəs ötən ildən bəri “Avroviziya” adıyla idarə və müəssisələrdən aylardır yığılan pulları hesaba almayaq? Ticarət Mərkəzlərinin (“Binə”, “Sədərək”, böyük supermarketlər və s.) zorla boyunlarına qoyulan haqları bura əlavə etməyək? Ötən ilin payızında bu ticarət mərkəzlərində icarə haqqı birdən-birə qaldırıldı. Hətta icarəçilər aksiya da keçirdilər. Təbii, nəticə yuxarıların istədiyi kimi sonuclandı. Yeni artımla razılaşmayanlara qapı göstərildi…
Azərbaycanın qalib olduğu yarışma bildiyiniz kimi Almaniyada keçirilmişdi və bu ölkə “Avroviziya”ya cəmi 47 milyon avro xərcləmişdi. Bizsə Bayıldan Bayraq meydanına (yarışmanın keçiriləcəyi məkan) gələn 2,8 km-lik yola 65 milyon manat “maya qoymuşuq”. Tədbirin keçirilməsinə də 50 milyon manat ayrılıb. “Azadlıq” radiosu isə “Cristal Hall”ın (“Avroviziya” üçün tikilən kompleks) Azərbaycana 105 milyon manata başa gəldiyini deyir. Bura paytaxtın abadlaşdırılması üçün Bakı Şəhər Icra Hakimiyyətinə ayrılan milyonları da əlavə etsək, rəqəmlər bir az da şişəcək. Sonra yenə bizi düşmən obrazında cəmiyyətə təqdim edəcəklər. Əli Həsənovlar yenə bizi özgələrin pulunu saymaqda qınayacaq. Əslində onun dediklərində həqiqət var. Hakimiyyət bu xalqa dəxli olmadığını çoxdan əməlləriylə sübuta yetirib. Ona görə ən fantastik rəqəmlərə belə inanmaq olar. Amma bu rəqəmlər son günlər mətbuatın gündəmindən düşmədiyindən onların üstündən keçək.
Son aylar yerli və xarici mətbuatda dartışılan başqa mövzudur. Azərbaycanda insan haqları. Bir qrup QHT fəalının başlatdığı “Azad musiqi azad olmayan ölkədə”, yaxud “Demokratiya üçün oxu” kampaniyası ölkə daxilində ciddi etiraza səbəb olub. Hakimiyyətin nəzarətindəki media qurumları bu kampaniyanı aparanları ənənəvi metodla “erməni dəyirmanına su tökməkdə” suçlayırlar. Maraqlıdır ki, bu ərəfədə Azərbaycan parlamentinin üç üzvü Yerevana səfər etmişdi. Yəqin kampaniya iştirakçılarının hazırladıqları suyu Ermənistana aparıblarmış. Amma səfərin gedişini izləmədiyimdən suyun düşmən dəyirmanına tökülüb-tökülmədiyini bilmədim…
Kampaniyanın məqsədi Avropanın diqqətinin Azərbaycana yönəldiyi bu aylarda insan haqları, söz və mətbuat azadlığı sahəsində irəliləyişə, siyasi məhbusların azad edilməsinə nail olmaqdır. Amma Azərbaycan iqtidarı “uğurlu daxili və xarici siyasət” yürütməklə, əsasını “ulu öndərin” qoyduğu kursu davam etdirməklə belə niyyətdə olmadığını ortaya qoydu. Bu da təbii olaraq dünyanın indi daha da artmaqda olan təpkisiylə qarşılandı. ABŞ, Almaniya və Böyük Britaniya mətbuatında gedən yazılar buna sübutdur. Xüsusilə, Almaniya mətbuatı hakimiyyəti çox qıcıqlandırıb.ÿAzTV Ibrahim Məmmədovun ifasında solo mahnılar oxumaqdadır. Hər həftənin bazar günü bu telekanal Alman xalqının “acınacaqlı” həyatından, ölkənin “korrupsiya içində boğulmasından”, bütün Almaniyanı bürüyən “böhrandan”, narkomaniyanın, fahişəliyin artmasından xüsusi reportajlar hazırlayır. Maraqlıdır ki, hətta Milli Məclisin sədri (ona spiker də deyirlər) Oqtay Əsədov da Almaniyanın bu mövqeyini paxıllıqla əlaqələndirib: “Bu ölkənin mediası ona görə Azərbaycanı hədəf seçib ki, ”Evrovision” Almaniyada deyil, Bakıda keçiriləcək” (?!). Bu arqumentə yəqin heç Almaniyada da cavab tapa bilməyəcəklər. Necə ki, xeyli vaxtdır Azərbaycanda bir çoxları spikerin bu “sərrast” deyimi ətrafında baş sındırır…
“Avroviziya” Azərbaycana nə verəcək? Bəziləri bunu mübahisəyə çevirib. Məncə, buna o qədər də vaxt ayırmağa dəyməz. Başlıcası onun nə vaxtsa verəcəkləri yox, artıq aldıqlarıdır. Istər Bayraq Meydanı ətrafından min bir müsibətlə köçürülənlər, istərsə dəÿ”Qış bulvarı” ərazisində evləri başlarına uçurulanlar, Bayıl ərazisində obyektləri sökülənlər artıq “Avroviziya” qurbanları sayılır.
“Bayıl yamacı” deyilən bir ərazi var. 2002-ci ildən – artıq 10 ildir – YAP bu yamaca ağac əkir. Bəziləri bura “YAP-ın bağı” da deyir. Bu 10 ildə ağacəkmə kampaniyası adı altında milyonlar havaya sovrulub. Hər il 3-5 min aralığında ağac əkildiyi barədə məlumat verilir. 1 manata alınan ağaclar 5-7 manata rəsmiləşdirilir. Ağacları Heydər Əliyevin ad günü ərəfəsində (ağacların artıq oyandığı vaxt) əkdiklərindən əksəriyyəti quruyur. Indi plan dəyişib. Artıq xeyli vaxtdır “YAP-ın bağı”nda buldozerlər işləyir. Tək-tük göyərən ağaclar da insanlarımız və evlərimiz kimi “Avroviziya” yarışmasına beləcə qurban getdi…
Bu gün paytaxtdan xeyli uzaqda yerləşən Beyləqan, Lənkəran, Qazax… ərazisinin böyük bir hissəsi işğal altında olan Füzuli rayonunun büdcə təşkilatlarında çalışanlar niyə yarışmadan ziyan çəkməlidirlər? Hər manat onlar və onlar kimi milyonlar üçün çox qiymətlidir. Amma bu gün “Avroviziya” adına həyasızcasına bu adamların da cibinə girirlər. Istər birbaşa, istərsə də dolayı yollarla…
Istənilən yarışma özüylə yaxşı, xoş ovqat gətirməlidir, dünyanın hər yerində olduğu kimi. Amma bizdə buna imkan verilmir. Göz yaşı içərisində musiqi. Bakı “Avroviziya”sı tarixə elə bu adla da düşəcək. Keçirilsə…
Boykot sədaları daha ucadan səsləndirilir. Eşidirsiz?..
P.S.Hacıbala Abutalıbov üçün 160 min avroya alınan “BMW” də “Avroviziya” xərclərinə daxil edilməlidir, polislər üçün yenidən alınan maşınlar da.
Azadmekan.org