El-aləm bunların neft yataqlarında çıxdıqları hoqqaları, oyunbazlıqları, əxlaqsızlıqları danışır, amma bunlar hələ də utanıb-eləmədən başqalarının yatağını güdürlər.
Biz lütf edib bunları diktator sanırdıq, irtica hesab edirdik, Qəzzafi, Mübarək kimi kişilərlə bir sıraya qoyurduq, amma bunlar ola-ola yengə oldular.
***
Xalqın cibinə girmələri azmış kimi, bir də onun yatağına girirlər. Sonra da çəkdiklərini hər kəsə yayıb rüsvay edəcəklərini düşünürlər bizi. Oysa çağdaş insanın ayıb sayacağı, utanacağı şeylər başqadır dünyada:
– məzlumun ahını almaqdır;
– başqasının malına göz dikməkdir;
– milli iradəni xor görməkdir;
– özü kimi düşünməyənləri düşmən saymaqdır;
– hüquqa sırtını dönməkdir;
– büdcəyə daraşmaqdır;
– hakimiyyəti atadan oğula ötürməkdir;
– camaatın balaları yatağına ac girərkən övladlarına dünyanın dörd yanında bahalı mülklər almaqdır;
– milləti iki dodağının arasından çıxan bir sözə tabe etməyə çalışmaqdır;
– xalqının dərdlərinə deyil, sərvətlərinə sahiblənməkdir;
– korrupsiyadır;
– yalana, yaltaqlığa qaz verməkdir;
– ədalətsiz olmaqdır.
***
Bunlar bizim intim videolarımızdan “əxlaqsızlıq şousu” düzəldirlər, oysa dönüb bir də Almaniyadan tutmuş Isveçrəyədək, ABŞ-dan tutmuş Böyük Britaniyayadək dürlü-dürlü ölkələrin telekanallarında özləri haqqında göstərilən videolara baxsalar. Əsl əxlaqsızlığın o videolardakı kadrlar olduğunu anlasalar…
O videolarda bir ölkənin bir ailənin bitib-tükənməyən sərvət ehtirasına necə təslim edildiyini… Bir xalqın bir ovuc adamın caynağında necə əzildiyini… Bir dəstə mafiozun bir ölkəni necə yeyib dağıtdığını, necə yerləbir etdiyini gözlər önünə sərən kadrların “Kimdir əxlaqsız?” sualına ən gözəl cavab olduğunu anlasalar keşkə.
***
Və bir də onlar qədər sadəlöhv olmadığımızı anlasalar.
Anlasalar ki, bu ölkədə tənqidçi sözü, alternativ fikri, azad düşüncəni ayaqda tutmaq, diri saxlamaq üçün qollarımızı sıvayarkən hər şeyi göz önünə aldığımızı: həbsi, döyülməni, öldürülməni, hər cür çirkin şantajı, hər cür hərzəvü-hədyanı göz önünə aldığımızı.
Sanki doğruları yazarkən, yalanları ifşa edərkən, kirli gizlinlərin üstünü açarkən biz bilmirikmi, nə qədər təhlükəli işə qol qoyduğumuzu?
Bu çirkin gedişatın önünə keçərkən…
Bu sümürücülüyə, soyğunçuluğa, yağmaçılığa “dur” deyərkən…
Azərbaycanın bir ailənin işğalından azad etmək, Azərbaycanı dünyanın çağdaş, modern, mədəni ölkələri sırasına qoşmaq adına meydana atılarkən əslində necə qorxulu bir yola yolçu olmağa başladığımızın, bu yolçuluğun bədəlini canımızla, qanımızla, yalnız özümüzün də deyil, sevdiklərimizin, doğmalarımızın da həyatı bahasına ödəyə biləcəyimizi hesablamamışdıqmı sanki?
Sanki sizdən hər cür pisliyin gələ biləcəyini hesablamamışdıqmı?
Sanki hazır deyildikmi sizin hər namərdliyinizə, hər əxlaqsızlığınıza?
Elə isə niyə anlamırsınız ki, heç nə, amma heç nə bu ölkədə Özgürlük və Demokratiya adına yola çıxan insanları geri çəkilməyə məcbur etmək gücündə deyil?
Görmürsünüzmü, hər qırdığınız qələmin yerinə neçə yeni iti, kəskin qələmlər çıxır meydana?
Hər həbslə sıralarımız daha da genişlənir, görmürsünüzmü?
Görmürsünüzsə, heç olmasa tarixi qaldırıb baxın: bu günədək dünyanın harasında həbslər, şantajlar, qətllər Özgürlük və Demokratiya savaşının önünü kəsməyi bacarıb?
***
Siz davam edin. Güdün yataqlarımızı, güdün.
Güdməklə də qalmayın. Çəkin və yayın.
Hətta siz zəhmət çəkməyin, dəqiq ünvan deyin, biz özümüz çəkib göndərərik.
Doya-doya baxarsınız. Gecə-gündüz telekanallarınızda göstərərsiniz.
Amma aradabir də xatırlayarsınız dünyada ən çox izlənən videoların başında Qəzzafinin Liviya küçələrində itsürütməsi edildiyi kadrların gəldiyini.

“Yengə” yaz, 1993-ə göndər, Azərbaycan hakimiyyəti cibinə gəlsin
•
•