Nəqliyyat Nazirliyinin lisenziyasız və sovet istehsalı olan taksilərin yığışdırılması ilə bağlı yeni proses başlanır. Narazı sürücülər aprelin 1-nə etiraz aksiyası təyin edib. Yüzlərlə sürücü yenidən nazirliyini önünə axışacaq və etiraz şüarları səsləndiriləcək. Səbəb köhnə taksilərin fəaliyyətinə qoyulan məhdudiyyət və maşınların rəngi tələbi ilə bağlıdır.
Bakıya rəsmən ağ və bənövşəyi rəngli avtomobillərin gətirilməsinə başlanıb. Nazirlik sürücülərin yalnız bu rəngdə maşınların istifadəsinə icazə verir. Qərardan hiddətlənən şoferlər aprelin 1-də aksiya keçirəcək. Bu barədə qəzetimizə məlumat verən taksi sürücüsü Nizami Seyfəddinov dedi ki, əvvəlcə Azneft meydanın toplaşacaqlar: “Ora toplaşıb birlikdə hərəkət edəcəyik. Nəqliyyat naziri artıq ağını çıxarıb. Bu adam bizi ”Eurovision”a qurban vermək istəyir. Bizə bu yarış yox, ailəmizə çörək pulu aparmaq lazımdır”.
Nizami adlı digər sürücü dedi ki, Azneftdə yığışıb Nəqliyyat Nazirliyinə gedəcəklər: “Əgər hökumət bu problemi həll etməsə, özümüzü nazirliyin qabağında yandıracağıq. Biz nə evləri sökülənlərik, nə də müxalifətçilər. Birləşəndə çox şeyə qadirik. Ziya Məmmədov bilsin ki, bizə imkan verilməsə, Prezident Aparatı qabağında mitinq olacaq. Bizi heç kim dayandıra bilməz. Unutmasınlar ki, sürücülər tam ayrı kontingentdir və bizim səbir kasamız daşanda böyük müsibət qopur”.
Ultimatum dili ilə danışan müsahibimiz sonda bəyan etdi ki, sürücülər əvvəlki aksiyalardan da güclü nümayişlər təşkil edəcək: “Aprelin 1-i hamımız yığışıb mitinqə gedəcəyik. Görsünlər bizim gücümüz nə qədərdir. Təzə hoqqa çıxarıblar, maşın ağ, ya da bənövşəyi olsun. Yatıblar yuxularına ağ və bənövşəyi rənglər girib. Biz onlara sarı rəngi göstərərik. Bilirsiz ki, sarılıq xəstəliyi yoluxucu olur. Biz başlasaq, etirazlarımız ölkə boyu yoluxucu olacaq”.
Məlumat üçün deyək ki, sürücülərin əvvəlki aksiyalarından sonra nazirlik bir qədər geri çəkildi və islahatlara getməyə məcbur oldu. Xatırladaq ki, nazirliyin sözçüsü Namiq Həsənov bəzi şirkətlərin taksi fəaliyyəti üçün ölkəyə gətirəcəyi avtomobil modellərini nazirliklə razılaşdırdığını deyib. Bura lDaewoo Nexia», lDaewoo Lacetti» (lChevrolet Lacetti»nin bazasında yaradılmış), lFiat», lToyota Yaris» və s. aiddir. lUz-Daewoo Baku Auto» şirkətindən bildirirlər ki, ağ rəngli lDaewoo Nexia»nın ilkin ödəniş 20% olmaqla 3 illiyə kreditlə almaq mümkündür. Qiymətlər isə 8700-11500 manat arasında dəyişir. Mövzunu diqqətdə saxlayacağıq.
bia.az