Rusiyanın Nijeqorod əyalətinin polisi Azərbaycandan narkotik daşıma xəttinin üstünü açıb. Rusiya DİN-in Volqaboyu federal ərazi üzrə idarəsi fakt üzrə 3 cinayət işi açıb. Azərbaycandan Nijeqorod əyalətinə narkotik daşıyan beynəlxalq cinayət qruplaşması istintaq cəlb edilib. “Regnum” xəbər agentliyinin verdiyi məlumata görə narkotiklər İrandan Azərbaycana danşınırmış. Cinayətkar qrupun üzvləri Azərbaycanda mal partiyasını satın alaraq kuryerlər vasitəsilə Nijeqorod əyalətinə daşıyırlarmış. Əməliyyatçılar müəyyən ediblər ki, narkokuryerlər “Bakı-Nijeqorod” reysi ilə hərəkət edən avtobuslarla malı təyinat yerinə çatdırıblar. Nijeqorod ərazisinə daxil olduqdan sonra təyinat yerinə çatanacan onlar əməliyyatçıların nəzarəti altında olublar. Avtobuslar təyinat yerinə çatdıqda saxlama əmri verilib. Polis əməkdaşlarının və gömrüyün birgə səyi nəticəsində avtobusa baxış keçirilib, narkosindikatın üzvləri ələ keçirilib. Hal-hazırda istintaq gedir.
Xatırladaq ki, keçən həftə Dövlət Departamentinin hesabatında Azərbaycan və nakotik daşınmaları barədə məlumat getmişdi. Hesabatda göstərilirdi ki, Azərbaycan hüquq-mühafizə orqanlarının narkotik qaçaqmalçılığı ilə mübarizəsi effektli deyil.
azadliq.info