Kəmaləddin Heydərovla Ramiz Mehdiyev rayonu ələ keçirmək üçün üz-üzə gəlib
Qubanın icra başçısı Rauf Həbibov devriləndən sonra onun postu uğrunda mübarizə getdiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, hakimiyyətdaxili qruplar Qubanı nəzarətə götürmək üçün icra başçısı postuna öz yaxın adamlarını təyin etdirməyə çalışırlar. Bu sırada, xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Məlumatlara görə, hazırda Rauf Həbibovun səlahiyyətlərini icra edən birinci müavin Sahib Məmmədov ekologiya naziri Hüseynqulu Bağırova yaxın şəxsdir. Hüseynqulu Bağırov isə Kəmaləddin Heydərovun komandasına daxildir. Bu baxımdan da “fövqəlnazir” birinci müavinin başçı olmasına çalışır.
“Bizim Yol” qəzeti isə dünən məlumat yayıb ki, icra başçısı postuna iddialılardan biri də YAP-ın Quba rayon təşkilatının sədri Ədalət Nəbiyevdir. Məlumatda deyilir ki, Ədalət Nəbiyev deputat Ilham Əliyevə yaxın şəxsdir. Ilham Əliyev isə Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin kürəkənidir. Deməli, faktiki olaraq hazırda Kəmaləddin Heydərovla Ramiz Mehdiyev arasında Quba uğrunda mübarizə gedir.
Yeri gəlmişkən, “Bizim Yol”, həmçinin yazıb ki, Quba hadisələrinin səbəbkarı kimi Ilham Əliyev göstərilir. O əvvəllər PA-nın Şimal bölgəsi üzrə kuratoru vəzifəsində çalışıb. Ancaq hazırda onun PA-dakı vəzifəsinin kim tərəfindən icra olunduğu, yaxud özünün bu vəzifəni yerinə yetirib-yetirmədiyi bəlli deyil. Bildirilir ki, Rauf Həbibovun istefası ilə nəticələnən son olaylardan öncə Ilham Əliyevin icra başçısı ilə münasibətləri çox pis olub.
Informasiya şöbəsi