İflic olaraq əmək qabiliyyətini itirən fəhlə sahibsiz qalıb
Azərbaycanda fəaliyyət göstərən şirkətlər nəinki yerli vətəndaşların, hətta əcnəbilərin də hüquqlarını kobud şəkildə pozur. Demokratik ölkənin şirkəti kimi ad çıxaranlar da burada fəaliyyət göstərəndə bizimkilərdən geri qalmır. Necə deyərlər, bizdən öyrənib özləri üçün tətbiq edirlər. Indi araşdırsaq, yüzlərlə əcnəbi vətəndaşın Azərbaycanda işləyib, qanunsuzluqlarla üzləşdiyinin şahidi ola bilərik. Ancaq onlar öz vətənlərində bu cür problemlə üzləşə biləcəklərini heç cür ağıllarına gətirə bilmirlər.
Verilən vədlər boşa çıxır
Türkiyə vətəndaşı, 1952-ci il təvəllüdlü Arslan Tiryaki 2008-ci ilin avqustun 10-da Bakıda işə düzəlir. Rəhbəri Aptulkadir Karslıoğlu və onun ortağı olan T.Ahmet və Murat Kamalın AGT firmasında çalışır. Razılaşmaya əsasən, Arslan Tiryaki aya 1400 dollar maaş almalı, bundan əlavə o, yeməklə, evlə və oturum vizası ilə təmin olunmalı idi. Razılaşma ancaq söz olaraq qalır. Maaşlar hər ay yox, 45 gündən, iki aydan bir verilirdi. Maaş isə 1200 dollar idi. Bunu görəndə Arslan Tiryaki işdən çıxır. Bir neçə aydan sonra ona ehtiyac olanda yenidən işə dəvət edirlər. Bu dəfə deyilən vədlər əvvəlkindən daha çox yerinə yetirilir. Ancaq bu dəfə də uzunmüddətli iş yapa bilmir…
Səbəb isə onun xəstəxanaya düşməsi olur. Belə ki, 13 avqust 2009-cu ildə Suraxanı rayonu ərazisində Sutəmizləmə qurğularının tikintisini həyata keçirən şirkətdə öz əmək vəzifəsini yerinə yetirərkən tikintinin aparılması təhlükəsizliyi qaydalarının pozulması nəticəsində başına 4 metrlik hündürlükdən 18 mm diametrində armatur düşür. Nəticədə o, “Açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ təpə-parasaggital nahiyəsinin deşilmiş sınığı, həmin nahiyədə kəllə boşluğuna nüfuz edən yad cism (metal armatur, papaq fraqmenti)” diaqnozu ilə Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilir. Hadisədən sonra Tiryaki Arslanın bədəninin sol ətrafında hərəkət tamamilə itir və o, iflic vəziyyətinə düşür. Hazırda bədəninin sol tərəfi işləmir və əmək qabiliyyəti 100 faiz itib.
“Şikayət etsən öləcəksən”
Xəstəxanada olarkən Dövlət Əmək Müfəttişliyinin əməkdaşları T.Arslanın yanında olub, ona hansısa sənədlərə imza etdirərək, baş vermiş hadisənin səbəbkarlarının müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlərin görüləcəyini bildiriblər. Ancaq sonradan baş vermiş cinayət hadisəsi gizlədilib, qeydə alınmamış və iş üzrə aparılan təhqiqatın nəticəsi barədə ona heç bir məlumat deyilməyib. Bundan əlavə, Tiryaki Arslan çalışdığı şirkətdə heç bir əmək müqaviləsi olmadan tamamilə qanunsuz işlədilərək, işlədiyi müddət ərzində isə təhlükəsizliyi üçün ona heç bir qoruyucu vasitə də verilməyib. Məhz bu səbəbdən o, ağır bədən xəsarəti alaraq əmək fəaliyyətindən məhrum olub.
Tiryaki Arslan deyir ki, o xəstəxanada olanda şirkətin rəhbərliyi ona baş çəkərək şikayət edəcəyi təqdirdə sağ qalmayacağı ilə hədələyir. Hədələrdən qorxan Tiryaki Arslan bütün şərtlərə razılıq verir. Ona deyilir ki, bütün problemləri həll ediləcək: “Aptulkadir Karslıoğlu xəstəxanada mənə dedi ki, şikayət etsəm, öldürüləcəyəm. Cəsədim heç Türkiyəyə verilməyəcək. Burası Azərbaycandı və istədiyini edə bilər. Susacağım təqdirdə hər bir şəraitin yaradılacağını söylədi. Ancaq xəstəxanada aldığım müalicə, dərmanlar, ondan sonra mənə tutulan kirayə evin pullarını yarısını şirkət ödəyirdi, yarısı da mənim maaşımdan çıxılırdı”.
Bu dəfə də aldadıldığını gördükdə məsələni hüquqi müstəvidə həll etmək qərarına gəlir. Beləliklə, Tiryaki Arslan məhkəməyə müraciət etməli olur. Başına gələnlərlə bağlı Suraxanı Rayon Prokurorluğuna və Dövlət Əmək Müfəttişliyinə məlumat verir, baş vermiş hadisədə təqsirkar olan şəxslərin müəyyənləşərək məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməsini xahiş edir. Bütün cəhdlərinə baxmayaraq, nə Suraxanı Rayon Prokurorluğu, nə də Dövlət Əmək Müfəttişliyi bu işlə bağlı ciddi araşdırma aparıb.
Tiryaki Arslanın müxtəlif instansiyalara ünvanladığı çoxsaylı şikayətlər əsasında Suraxanı Rayon Prokurorluğunda həmin faktla bağlı araşdırma aparılsa da, sonradan 08 oktyabr 2010-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilib.
Ağalar Vəliyevin himayəsi
Türkiyəli vətəndaşın xəsarət aldıqdan sonra təcili yardımla çatdırıldığı Neyroccərrahiyyə xəstəxanasının 13 avqust 2009-cu il tarixli 5/2822 saylı arayışında da qeyd olunur ki, o, məhz Hövsan qəsəbəsində aparılan Sutəmizləmə qurğusunun tikintisi zamanı 13 avqust 2009-cu il saat 09:10 radələrində xəsarət alıb.
Məlumatlara görə, “R-Servis LTD” MMC-də ən azı 14 nəfər əcnəbi icazə almadan işlədilir. Rəhbərliyinin məsuliyyətdən kənarda qalmasına səbəb isə deputat Ağalar Vəliyevin onları himayə etməsidir.
Baş vermiş cinayəti ona görə ört-basdır edirlər ki, Tiryaki Arslanın istehsalat qəzası aldığı subut olunarsa, həmin şirkət maddi məsuliyyət daşıyacaq, zərərçəkmişin bütün pensiya hüququ təmin edilməlidir, faktiki vurulmuş ziyan ödənilməlidir, müalicəsinin bütün xərcləri həyata keçirilməlidir. Təkcə Tiryaki Arslanın başına plastmas qoyulması üçün minimum 15-16 min dollar lazımdır. Türkiyə qanunlarına görə onun pensiya təminatı üçün ən azı 20-30 min dollar pul ödənməlidir. Bundan əlavə, onun burada hər ay aldığı 1400 dollar maaş da əldən çıxan fayda şəklində tamamilə ödənilməlidir.
Hazırda Tiryaki Arslan Qaraçuxur qəsəbəsində kirayədə qalır. Ona heç bir yardım edilmir. Bir tərəfi işləmədiyindən baxıcının sayəsində yaşayır. Evin kirayə pulunu və baxıcının haqqını şirkətdə çalışdığı müddət ərzində qazandıqları hesabına ödəyir. Indi onun yaşaması üçün çox cüzi miqdarda pulu qalıb. Bir müddətdən sonra isə yaşaması sual altında qalacaq. Məhkəmələr də onu süründürməklə vaxtı yubadır. Bir sözlə, onu çərlədə-çərlədə öldürmək istəyirlər…
***
Burada maraqlı bir neçə detal var. Birincisi, Azərbaycanda işsizlik bu qədər tüğyan etdiyi vaxtda başqa ölkədən işçi qüvvəsi gətirməkdi. Ikincisi, əksər tikinti şirkətlərində fəhlələrin sığortasız işləməsidi. Üçüncüsü, hamıya bəlli olduğu kimi Azərbaycan məhkəmələrin sifariş yerinə yetirməsidi. Sıra sayını uzatmaq da olar. Ancaq biz burada “dur” deyirik.
“Azərbaycanı qardaş ölkə sayıb bura gəldim, bilməzdim ki, burada belə bir qanunsuzluq hökm sürür” – bu sözləri Tiryaki Arslan bizdən ayrılanda dedi. Ancaq o, bunu şirkətində işlədiyi Aptulkadir Karslıoğlu “Burası Azərbaycandı” deyəndə anlamalı idi…
Ramin DEKO