Avropa Parlamenti qətnamə qəbul etdi
Avropa Parlamenti Rusiyada keçirilmiş prezident seçkiləriylə bağlı qətnamə qəbul edib. Bu dəfəki qətnamə ötən ilki parlament seçkiləriylə bağlı qəbul olunmuş sənədlə müqayisədə daha yumşaqdır. “Exo Moskvı” radiosunun xəbərinə görə, sənədin qəbulu zamanı danışan deputatlar seçkilərə hazırlıq və səsvermə günü ciddi qanun pozuntuları olduğunu bildiriblər. Avroparlamentarilər Rusiyadakı prezident seçkilərinin nəticələrini “ədalətsiz və qeyri-azad” şəklində qiymətləndiriblər.
Xalq Azadlığı Partiyasının həmtəsisçisi, ölkənin keçmiş baş naziri Mixail Kasyanov “İnterfax”a bildirib ki, qətnamədə “Yabloko” blokunun lideri Qriqori Yavlinskinin namizədliyinin qeydə alınmamasıyla vətəndaşların seçim azadlığının məhdudlaşdırıldığı vurğulanıb. Avropa Parlamentinin üzvləri seçilmiş prezidentin ölkədə siyasi islahatları sürətləndirəcəyinə ümid edir. Bu islahatlar arasında ən mühümü müxalif və müstəqil təşkilatların, siyasi partiyaların qeydiyyata alınmasının sadələşdirilməsi, sərbəst toplaşmaq və söz azadlığının təmin olunmasıdır.
azadlıq.info