“Xədicə İsmayıla qarşı edilənlər mənəvi terrordur”

AXCP jurnalisti müdafiə edən bəyanat yaydı

AXCP tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şəxsi həyata müdaxilə olunmaqla şantaj edilməsini pisləyən bəyanatı yayıb. AXCP baş verənləri jurnalistə qarşı “mənəvi terror”, “ləyaqətsizcəsinə aparılan qara piar” kimi qiymətləndirir.
“Xədicə İsmayıl bir qədər əvvəl susması ilə bağlı təhdidlər almışdı. Lakin jurnalist cəsalətli mövqe sərgiləyərək peşə fəaliyyətini davam etdirəcəyini, növbəti araşdırmalarında da dövlət başçısı və ailəsinin korrupsiya əməllərinin əhatə olunacağını bildirmişdi.
Jurnalist geri çəkilməyəcəyini bəyan edəndən sonra hakimiyyətin rəsmi ruporu “Yeni Azərbaycan” qəzetində onun haqqında siyasi şantaj, böhtan və təhqir dolu məqalənin dərc olunması, daha sonra şəxsi həyatına birbaşa müdaxilə edilərək  onun haqqında çirkin qara piara başlanılması bu hadisələrin arxasında siyasi rejimin durmasına əminliyi bir daha artırdı”, – deyə bəyanatda bildirilir.
AXCP xatırladır ki, Əliyev hakimiyyəti rəqiblərinə  və tənqidçilərinə qarşı siyasi sifarişlə dəfələrlə bu qəbildən olan yaramaz hərəkətlər tətbiq edib. “Belə iyrənc olayların hədəfi olan insanlar  Əliyevçi siyasəti bəyənmədiyinə, bu siyasəti tənqid etdiyinə görə döyülüb, fiziki xəsarət alıb, mühacirət etməyə məcbur qalıb.
Bütün bunlarda məqsəd isə ölkədə qəbiristanlıq sükutu yaratmaq, tənqidçi yazarları özünüsenzuraya vadar etməkdir.
AXCP baş verən bu mənəviyyatsızlığın, qanuna zidd hadisənin məsuliyyətini Azərbaycan hakimiyyətinin daşıdığını bir daha bəyan edir. Xədicə İsmayıla qarşı törədilənlər birmənalı şəkildə mənəvi terrordur.
AXCP cəmiyyəti bu mənəviyyatsız kampaniyaya “dur” deməyə, İlham Əliyevi isə öz tənqidçilərinə qarşı insanlıqdan uzaq çirkin rəftar vərdişindən əl çəkməyə çağırır”, – deyə bəyanatda qeyd olunur.