Kreml Suriya diktatorunu islahatları ləngitməkdə günahlandırdı
Suriyada Bəşər Əsəd rejiminin zorakılıqları davam edir. Son sutka ərzində hökumətin əmrindəki əsgərlərin müxalif hərbçilərə qarşı hücumları nəticəsində 60-dan çox insan həlak olub. Təhlükəsizlik qüvvələri həmçinin, Homsdan sonra İdlib şəhərində də nəzarəti yenidən ələ keçirə bilib. Müxalifət tərəfdarlarının çoxu şəhərdən sıxışdırılıb, lakin şəhərdə qalan bir qrup müqavimət göstərməyə davam edir. İdlib ələ keçirilərkən, hökumət qüvvələri Əl-Bəraa şəhərini də artilleriya atəşinə tutub.
Bəşər Əsəd bir neçə gün öncə Suriyaya gələrək onunla görüşən BMT və Ərəb Ölkələri Liqasının xüsusi nümayəndəsi Koffi Annana gələcək addımları haqda qəti qərarını açıqlayıb. Suriya hakimiyyəti Kofi Annanın təklifinlərinə rədd cavabı verib. Bəşər Əsəd Kofi Annanın Suriyada axan qanın dayandırılması üçün irəli sürdüyü təkliflərini qəbul etməyib. Bəşər Əsədin mövqeyi Kofi Annanın Ankarada suriyalı müxalifət nümayəndələri ilə görüşündən sonra açıqlanıb. Verilən məlumata görə, Bəşər Əsəd Kofi Annanı Ərəb Ölkələri Liqasının təmsilçisi kimi tanımadığını bildirib. Suriya diktatoru müxalif qrupların silahı yerə qoyanadək bir addım geri atmayacağını bəyan edib. Xatırladaq ki, Kofi Annan Bəşər Əsədlə görüşündə Suriya böhranının həlli üçün atəşkəs, məhbusların buraxılması və beynəlxalq humanitar təşkilatların girişinə imkan yaradılmasını təklif etmişdi.
Suriya hakimiyyətinə yönəlik sərt tədbirlərə qarşı çıxan Rusiya nəhayət Bəşər Əsəd rejimini söz verdiyi islahatları gecikdirməkdə günahlandırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bəşər Əsədin Suriya idarəçilik sistemini yeniləyən və plüralizmin önünü açan islahatları qəbul etdiyini, ancaq bunu çox gecikdirdiyini bildirib: “Təəssüf ki, bütün tövsiyələrimizə baxmayaraq islahatlar zamanında həyata keçirilmədi”.
Bununla yanaşı İtaliya Suriya ilə diplomatik əlaqələrinin səviyyəsini aşağı endirib. Rəsmi Romanın qərarına əsasən İtaliyanın Suriaydakı səfiri qeyri-müəyyən vaxtadək geri çağrılıb.
İnformasiya şöbəsi