Icra başçısı Qəzənfər Ağayevin zülmü dözülməz həddə çatıb
“Masallı rayonunun icra başçısı Qəzənfər Ağayev rayonda dözülməz vəziyyət yaratmasına, addımbaşı insanların hüquqlarını tapdalamasına, dövlət vəsaitlərini mənimsəməsinə baxmayaraq onunla bağlı heç bir tədbir görülmür”.
Bu sözləri Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun ofisində keçirdiyi mətbuat konfrasında deyib. Məmmədağa Eynullayev bildirib ki, rayon sakinləri artıq neçə ildir ki, Qəzənfər Ağayevin qanunsuz əməlləri ilə bağlı müvafiq qurumlara çoxsaylı şikayətlər ünvanlayıb: “Həmçinin Masallı Ziyalıları Ictimai Birliyi Qəzənfər Ağayevin özbaşınalığına qarşı aramsız mübarizə aparıb. Biz ictimaiyyətin və hökumətin diqqətini Masallıda baş verənlərə cəlb etmək üçün müxtəlif aksiyalar keçirmişik. O cümlədən ötən il ”Hər evdə aclıq” kampaniyasına başlamışıq. Onlarla Masallı sakini evdə aclıq keçirməklə Qəzənfər Ağayevin qanunsuzluqlarına etirazını bildirib. Təzyiq və hədələrə baxmayaraq mövqeyimizdən geri çəkilməmişik. Rayon polisi mənim evimi mühasirəyə alıb. Məni həbs etməyə cəhd ediblər, lakin istəklərinə nail ola bilməyiblər. Lakin təəssüf ki, yüxarı orqanlar Masallıda baş verənlərlə maraqlanmır”.
Məmmədağa Eynullayev bildirib ki, icra başçısının qanunsuzluqlarına göz yumulması onu daha da həvəsləndirib: “Indi vəziyyət daha pisdir. Qəzənfər Ağayevin qanunsuzluqlarına artıq dözmək mümkün deyil. Icra başçısı cəzasızlıq mühitini görüb əvvəlkindən daha amansız şəkildə insanların hüquqlarını tapdayır. Əhalinin mülkiyyət hüququna hücum edilir, fikir və söz azadlığı pozulur, Qəzənfər Ağayev Masallını qapalı zonaya çevirmək istəyir”.
Birlik sədri əlavə edib ki, onlar artıq daha radikal addımlar atmaq qərarına gəliblər: “Biz düşünürük ki, ölüm aclığı keçirək. Qərara almışıq ki, martın 22-də ölüm aclığına başlayaq. Mən buradan bəyan edirəm ki, bu aksiya ilə bağlı hər hansı xoşagəlməz hadisə baş verəcəksə, məsuliyyət Qəzənfər Ağayevin üzərinə və ona ”yaşıl işıq” yandıranların üzərinə düşəcək”.
Azad