Quba olayının başqa rayonlarda baş verməməsi üçün ağılagəlməz tədbirə əl atılıb
Rusiyadan qeyri-rəsmi pul köçürmələrinə niyə qadağa qoyulub; bu işlə məşğul olanlar «Bandotdel»ə çağırılaraq hədələnib
Azərbaycan hakimiyyəti Quba olaylarından təşvişə olub. Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət bu olayların başqa rayonlara keçə biləcəyindən ehtiyatlanır. Bu baxımdan da indidən müəyyən tədbirlər görməyə başlayıb. Bu tədbirlərdən biri də Rusiyadan Azərbaycana edilən qeyri-rəsmi pul köçürmələrinə qadağa qoyulmasıdır.
Məlumatlara görə, hökumət Quba olaylarında Rusiyada fəaliyyət göstərən və əslən bu rayondan olan iri sahibkarlardan şübhələnir. Hökumətdə düşünürlər ki, məhz həmin sahibkarların maliyyə dəstəyi nəticəsində bu hadisələr təşkil edilib. Hökumətdə belə bir şübhənin yaranmasının səbəbi bizə bəlli deyil. Lakin bəlli olan odur ki, ən yuxarı səviyyədə verilən tapşırıq əsasında Rusiyadan Azərbaycana edilən qeyri-rəsmi pul köçürmələrinə qadağa qoyulub. Bu hadisələrdən bir qədər sonra bu işlə məşğul olanların əhəmiyyətli hissəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırılıb. Onlara qəti şəkildə xəbərdarlıq edilib ki, pul köçürmələrini dayandırsınlar. Bu işlə məşğul olmağı unutsunlar. Əks-təqdirdə uzun müddətə həbsxanaya göndərilə bilərlər. Bu proses ümumi şəkil alıb. Yəni, Rusiyada fəaliyyət göstərən Azərbaycanın bütün bölgələrinə aid sahibkarların Azərbaycana pul köçürməsi müşkülə çevrilib.
Informasiya şöbəsi