Ata Əliyevin oğul Əliyevdən üstünlüklərindən biri

Ilham Əliyevdən atasının vəzifəsinə yiyələndikdən sonra fərqli bir siyasət gözləmək təbii ki, sadəlövhlük idi. Rəhmətlik Heydər Əliyev müsəlman və azərbaycanlı mentalitetinə uyğun olaraq, oğlunu hakimiyyət zirvəsinə aparan yolu çox məharətlə maneələrdən təmizləyə bildi, bunu tam səmimi etiraf etməyə dəyər. Artıq 2003-cü ildə hakimiyyət daxilində taxt-taca göz dikən bir şəxs belə, yox idi. Meydanda qalan təkcə müxalifət idi və müsəlman dünyasına xas olmayan bir proses – seçki yolu ilə hakimiyyətin dəyişilməsi Azərbaycanda reallaşa bilməzdi.
Cibində pulu, əlinin altında silah-sursatı olmayan müxalifəti neytrallaşdırmaq, oyundankənar vəziyyətdə saxlamaq üçün elə bir ciddi qüvvə tələb olunmurdu. Ən uzağı qərblə danışıqlarda masanın üstündəki NEFT demokratiya carçılarının gözünü kor edə bilərdi. Etdi və Ilham Əliyev atasının kreslosunda otura bildi.
Qeyd etdik ki, varis atasının siyasi kursuna zidd bir addım atmadı. Və niyə də atmalı idi ki? Bu xalqın psixologiyasına Heydər Əliyev qədər bələd olan, onu necə idarə etməyin incəliklərini Heydər Əliyev kimi mənimsəyən ola bilərdi?
Geridə qalan son 9 il tam sübut etdi ki, Ilham Əliyev bütün parametrlərdə – seçki proseslərində, təqaüdlərə və maaşlara əlavələr etməkdə, fəxri adlar, orden-medallar paylamaqda, lentkəsmə prosedurlarına ardıcıl riayət etməkdə, müxalifətə, mətbuata münasibətdə, bir sözlə, dövləti idarəetmənin hər sahəsində atasının yerişini yeriyir. Və deyərdim ki, sadalanan bu tipli bəzi işləri atasından fərqli olaraq, daha kaloritli həyata keçirir. Yəni Milli Olimpiya Komitəsinin prezidenti postunu əlində saxlamaqla Bakıda beynəlxalq idman yarışları təşkil edir, müxtəlif musiqi festivalları, rəsm qalereyaları və sair tədbirlər düzənləyir.
Fəqət, bir məsələdə atasından çox-çox geridə qalır. Hansı məsələdə?
Heydər Əliyev 70 yaşında ikinci dəfə hakimiyyətə gəldikdən sonra komanda üzvlərinə demirəm ki, rüşvət almamaq üçün “şərəf” andı içdirdi. O vaxt da məmurlar indiki kimi rüşvət almaqdan yana sinov gedirdilər. Ancaq fərq onda idi ki, ata Əliyevin zamanında nazirlər və digər vəzifə sahibləri bu işi qorxa-qorxa görürdülər, milyonluq villalar tikdirməyə cəsarət etmirdilər və uşaqları Bakıda, xaricdə at oynada bilmirdi. Yadınızda olar, keçirdiyi müşavirələrin birində rəhmətlik Heydər Əliyev vəzifəlilərin dəbdəbəli toylar, ziyafətlər düzənləməsini, arvad-uşaqlarına bahalı zinət əşyaları almalarını, hətta bəzilərinin qoluna bahalı saatlar bağladığını dilə gətirdi. Yadımdadır, televiziyada canlı  yayımda səslənən bu sözlərdən sonra yekə-yekə vəzifələrin sahibləri başlarını yuxarı qaldıra bilmirdi.
Heydər Əliyev dünyasını dəyişdikdən sonra nələr baş verdi? Rüşvətxor vəzifə sahiblərinin əksəriyyəti məhz Ilham Əliyevin dövründə dəbdəbəli yaşam tərzlərini leqallaşdıra bildi. Sual edirəm, ata Əliyevin zamanında hansı nazir və ya digər vəzifə sahibi oğlu üçün bank açdıra bilərdi?
Hansı vəzifə sahibinin övladı Bakıda qoçuluq edə bilərdi?
Hansı nazir, icra başçısı, görəv sahibi toyda oynayan zaman başına paçka-paçka dollarlar səpdirə bilərdi?
Bu gün nələr baş verir? Daxil olun www.youtube.com internet səhifəsinə və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova məxsus qarajdakı bahalı maşınlara, Moskva restoranlarının birində Nəqliyyat naziri Ziya Məmmədov rəqs edərkən başına tökülən pullara, Ziya Məmmədovun oğlunun toy kartejindəki yüz minlik, milyonluq “inomarka”lara baxıb feyziyab olun. Açın qəzetləri, baxın görün, nazir balaları Bakıda necə meydan sulayır, rayonlarda icra başçılarının uşaqları hansı oyunlardan çıxır. Öyrənin, görün Bakının bahalı hotellərinə, dəbdəbəli ziyafətxanalarına, restoranlarına, gecə barlarına kimlərin uşaqları himayədarlıq edir?
Obyektiv olaq, ata Əliyevin zamanında vəzifə sahibləri qorxularından belə işlərə qol qoya bilməzdi.
Indi isə qorxmadan, açıq-aşkar edirlər bunu. Nəyə görə edirlər? Bəlkə ABŞ-ın CNBC telekanalının fevral ayının 23-də yayımladığı 10 dəqiqə 41 saniyəlik reportaja görə edirlər? Bəlkə bir ayrı səbəb var?