Hakimiyyət Öcalanı təbliğ edən qəzetin çapını yasaqlamağa məcbur oldu
Azərbaycan və kürd dillərində çıxan, PKK-ya simpatiyası ilə tanınan “Diplomat” qəzetinin mətbəələrdə çapına qadağa qoyulub. Qəzetin baş redaktoru, kürd əsilli Azərbaycan vətəndaşı Tahir Süleyman “Azadlıq”a bildirib ki, qəzeti Gürcüstanda çap etdirmək məcburiyyətində qalıb: “Bir dəfə də ötən ilin may ayında – Heydər Əliyevin doğum günündə belə olmuşdu. O zaman qəzet Heydər Əliyevə həsr olunmuşdu. Amma nədənsə heç bir mətbəə qəzeti çap etmədi. Sonradan öyrəndim ki, Prezident Administrasiyası ”Diplomat”ın çapına qadağa qoyub. Indi də eyni hal təkrar olunur. Konkret olaraq ictimai-siyası şöbənin müdiri Əli Həsənov mətbəələrə tapşırıb ki, bu qəzeti çap etməyin”.
Tahir Süleymanın sözlərinə görə, bu dəfə də qadağa Əli Həsənovdan gəlib. Baş redaktor iddia edir ki, şöbə müdiri Türkiyənin Azərbaycandakı səfirinin xahişi ilə mətbəələrə belə bir göstəriş verib: “Mənə deyiblər ki, Türkiyənin Azərbaycandakı yeni səfiri Prezident Administrasiyasından xahiş edib, Əli Həsənov da bu xahişi yerinə yetirib”.
Tahir Süleymanov məsələni aydınlaşdırmaq üçün Türkiyə səfirliyi ilə əlaqə saxlayıb-saxlamadığı barədə deyib: “Xeyr, əlaqə saxlamamışam. Lakin hesab edirəm ki, od olmayan yerdən tüstü çıxmaz”.
Baş redaktor qəzetini hansı vəsait hesabına Azərbaycandan kənarda nəşr etdirməsinə də aydınlıq gətirib: “Qəzeti Gürcüstanda çap etdirmək mənə 500 manata başa gəlir. Gücüm çatmır. Artıq bir dəfə çap olunub. Ikinci dəfədən sonra mən daha orada çap etdirə bilməyəcəm. Bank üstündə oturmamışam”.
“Diplomat” qəzetinin terrorçu Abdulla Öcalanı təbliğ etməsinə gəlincə Tahir Süleyman iddia edib ki, onun qəzeti dostluq və qardaşlığı təbliğ edir: “Bizim qəzet terroru təbliğ etmir. Digər tərəfdən bu gün Türkiyənin Böyük Millət Məclisində 32 kürd əsilli deputat deyir ki, PKK bizik və bunu Türkiyə mətbuatı yazır. Həmçinin Türkiyə mətbuatında Abdulla Öcalanın şəkilləri ilə məqalələr yazılır. Mən də həmin yazıları təkrar öz qəzetimdə çap edirəm. Altında da mənbəni göstərirəm. Burda mənim nə günahım var axı?!”.
Baş redaktor bildirib ki, yaranmış problemlə bağlı Prezident Administrasiyasına rəsmi şəkildə müraciət etməyi düşünür: “Müraciət edəcəm, əgər cavab verməsələr xarici ölkə səfirliklərinə üz tutacam”.
Tahir Sülemanın söylədikləri ilə bağlı Türkiyə səfirliyinin və Prezident Administrasiyasının mövqeyini öyrənə bilmədik.
Baş redaktorun söylədikləri doğrudursa, o zaman düşünmək olar ki, artıq Ankara PKK mövzusu barədə Bakı ilə daha sərt şəkildə danışmağa başlayıb. Bu halda isə Türkiyənin yalnız “Diplomat” qəzetinin çapının dayandırılması ilə bağlı kifayətləndiyi inandırıcı görünmür. Azərbaycan hakimiyyətində təmsil olunan və PKK ilə ilişgilərdə şübhəli bilinən bir çox məmur var ki, Ankara onların siyahısını bir neçə dəfə Bakıya təqdim edib. Sözügedən siyahının bu dəfə də təqdim edilməsi və Azərbaycanda PKK-nın dayaqlarının neytrallaşdırılması ilə bağlı konkret şərt irəli sürməsi istisna deyil. Rəsmi Bakı hər dəfə bu məsələdə Ankaranın ürəyincə addım atmayıb. Amma artıq ola bilər ki, Türkiyənin bölgədə nüfuzunun xeyli artması, regionda baş verən proseslər artıq Bakını Ankara ilə hesablaşmağa məcbur edib. Və ilk addım “Diplomat” qəzetinin çapına qadağa olub. Mümkündür ki, növbəti addımlar da olsun.
Yeri gəlmişkən, bu olay xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Naxçıvanda görüşündən sonra baş verib ki, bu da təsadüf sayıla bilməz.
Vidadi