Naxçıvanda cəbhəçi intihara cəhd etdi

Müalicə müəssisəsi isə onu müxalifətçi olduğuna görə müalicə etmədən xəstəxanadan qovub

Naxçıvanda həkimlər depressiya nəticəsində intihara əl atan şəxsi müxalifətçi olduğuna görə müalicə etmirlər. Bu haqda “Turan”a hüquq müdafiəçisi Ilqar Nəsibov bildirib.
Ağır sosial duruma dözə bilməyən Naxçıvan sakini Sevindik Əhmədov çox sayda dərman qəbul etməklə intihara əl atıb. Indi S.Əhmədovu Naxçıvanda heç bir xəstəxana qəbul etmir. Buna səbəb AXCP üzvü olmasıdır. Ağır durumda gətirildiyi Naxçıvan Psixi Xəstəliklər dispanserindən üç gün sonra müalicə almadan qovublar. Hüquq müdafiəçisi həkimlərin S.Əhmədovu yaxınlarına xəbər vermədən təcili dispanserdən çıxarmalarını həkimliyə və insanlığa xas olmayan addım sayıb. “Biz dispanserə getdikdə Sevindiyi artıq çıxarmışdılar. Vəziyyəti yaxşı deyildi, güclə danışırdı. Baş həkimlə danışmaq istəsək də, bizi dispanserə buraxmadılar. Üstəlik, özünü dispanserin gözətçisi kimi təqdim edən şəxs bizə hücüm edib hədələməyə başladı”, – deyə I.Nəsibov qeyd edib.
Intihara cəhd etməsinin səbəblərindən danışan S.Əhmədov “Turan”a bildirib ki, üç uşaq atasıdır. Övladları tələbə, həyat yoldaşı və anası isə şəkər xəstəsidir:”Ixtisaslı mühəndisəm, müxalifətçi olduğum üçün iş verilmir, iş istəyəndə süpürgəçilik təklif edilir. Dolanışıq yox, indiyə kimi qohumlar əl tutub. Odur ki, intihara əl atdım”.
S.Əhmədov xəstəxanada olarkən ailə üzvləri Naxçıvan MTN-ə çağırılaraq təzyiqə məruz qalıblar. Hüquq müdafiəçisi I.Nəsibov S.Əhmədovun yenidən intihar etməyəcəyinə zəmanət olmadığını deyib:”Bundan sonra bu adamda psixi pozğunluğun baş verməsi ilə bağlı məsuliyyəti həkimlər və  Naxçıvan rəhbərliyi daşıyır. Qəribədir, Naxçıvanda öz hüquqlarını tələb edən, sağlam insanları zorla “dəli” deyə psixiatriya dispanserinə salırlar, həqiqi müalicəyə ehtiyacı olan insanı isə “müxalifətçısən” deyib müalicə etmirlər”.